"Şahdəniz" layihəsinin növbəti mərhələsi üzrə işlər genişlənir
Hazırda ölkəmizdə gerçəkləşməkdə olan yeni "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi nəzərdə tutulan qrafikə uyğun irəliləyir. Bu barədə layihənin əməliyyatçısı BP şirkətinin keçən ilin yekunlarına aid hesabatında daha geniş məlumat verilir.
Əvvəla qeyd edək ki, ŞDK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin növbəti mərhələsi, yəni əvvəlki iki mərhələsinin davamı olan yeni layihədir. "Şahdəniz" konsorsiumu bununla bağlı yekun investisiya qərarını keçən ilin iyun ayında elan edib. Qərarın imzalanması Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.
Dəyəri 2,9 milyard dollar olan ŞDK layihəsinin məqsədi yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatına başlamaq və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Bu layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Bu isə o deməkdir ki, "Şahdəniz Kompressiya" layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifədir. Bu, ölkəmizin resurslarının uzunmüddətli işlənməsini, texnoloji irəliləyişi və beynəlxalq tərəfdaşlığa sadiqliyi əks etdirir.
Layihə çərçivəsində yeni kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz (və ya əsasən heyətsiz ) kompressiya platformasının inşası nəzərdə tutulur. Qurğu suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq kompressoru olacaq ŞDK platforması həm "Şahdəniz Alfa" (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Yəni hər iki platformadan çıxarılan ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
Layihəni irəliyə aparacaq əsas müqavilələr də artıq imzalanıb. Məsələn, 156 milyon dollar dəyərində olan bir müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə "BOS Shelf LLC" və "BOS Shelf International FZCO" şirkətlərinə (birlikdə "BOS Shelf" adlanır) verilib.
Bütün istehsal-quraşdırma işləri "BOS Shelf"ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək. Bu işlərdə yerli infrastruktur və resurslardan istifadə olunacaq. Müqavilənin icrasında işçi qüvvəsinin təxminən 97 faizinin Azərbaycan vətəndaşlarından ibarət olacağı gözlənilir. Müqavilə çərçivəsində işlərin 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.
BP-nin layihəyə görə baş meneceri İlqar Məmmədov bununla bağlı belə deyib: "Bu, ŞDK layihəsi və operator olaraq BP şirkəti üçün növbəti mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks etdirir. "BOS Shelf" şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma sahəsində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz-2" platformaları üçün 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK-nın dayaq bloku da qrafikə uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ tikinti-quraşdırma sahəsinin irihəcmli modernləşdirmə aparılmadan dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi üçün əsas amillərdən biridir".
"Şahdəniz Kompressiya" layihəsi çərçivəsində eyniadlı platformanın üst modullarının tikintisi üçün isə 321 milyon dollar dəyərində müqavilə imzalanıb. Bu müqavilə "Azfen" şirkətinə verilib.
Müqavilənin iş həcminə ŞDK platforması üçün 8500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə edilməklə "Azfen"in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.
Üst modulların tikintisinin 2028-ci ilin sonunda yekunlaşacağı planlaşdırılır. Bu işlərə 90 faizindən çoxu yerli mütəxəssislər olmaqla 3000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.
Müqavilə imzalanan zaman BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond öz fikirlərini bölüşüb: "Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş "Şahdəniz" tərəfdaşları və ümumiyyətlə, ölkə üçün mühüm bir hadisədir. Bu uğur ŞDK-da çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır".
Müqavilənin "Azfen"ə verilməsi bu şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modernləşdirilmiş, dünya səviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə barjaya yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu da ŞDK layihəsinin qrafikə uyğun və büdcə daxilində həyata keçirilməsi üçün əsas amildir.
BP şirkətinin illik hesabatında vurğulanır ki, indiyədək imzalanmış müqavilələr mühəndis-layihələndirmə və təchizat xidmətlərini, üst modulların və dayaq blokunun tikintisini, platformanın daşınması və dənizdə quraşdırılmasını, eləcə də sualtı qurğularla bağlı işləri əhatə edir. Bu müqavilələr üzrə tikinti işləri artıq başlanıb və qrafikə uyğun irəliləyir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin il ŞDA-dan, 2030-cu ildə isə ŞDB-dən çıxarılan qaz həcmlərinin kompressiya üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Flora SADIQLI,
"Azərbaycan"