Prezident İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirakı həm Azərbaycan–Qırğızıstan münasibətlərinin daha da dərinləşməsi, həm də ölkəmizin Mərkəzi Asiyada mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, ölkəmizin Cənubi Qafqazda aparıcı aktor kimi Mərkəzi Asiya ilə eyni geoiqtisadi məkanın tərkib hissəsi olduğunu bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan–Mərkəzi Asiya münasibətlərində yeni mərhələ başlayıb. Bu proses nəqliyyat-kommunikasiya əlaqələrinin, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın və regional inteqrasiyanın daha da dərinləşməsinə mühüm təkan verəcək. Təkcə nəqliyyat dəhlizlərinin və kommunikasiya xətlərinin inkişafından söhbət getmir. Burada enerji layihələri, iqtisadi inteqrasiya və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx siyasi və iqtisadi əlaqələrin qurulması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə əlaqələndirici və birləşdirici rolunu daha da gücləndirir.
“Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi eyni zamanda TDT-nin coğrafi və siyasi bütövlüyünün möhkəmlənməsinə xidmət edir. Bu gün artıq Türk dünyasının coğrafiyası vahid geostrateji məkan kimi formalaşır. Azərbaycan Mərkəzi Asiya, Türküstan coğrafiyası, Türkiyə və Avropa arasında yerləşən unikal geosiyasi mövqeyi ilə bu inteqrasiyanın əsas dayaqlarından biridir. Azərbaycan həm bağlantı, həm dialoq, həm də əməkdaşlıq platformalarının formalaşmasında mühüm rol oynayır", – deyə deputat qeyd edib.
T.Gəncəliyevin sözlərinə görə, Azərbaycan bu gün həm İƏT-in, həm TDT-nin fəal üzvü, həm də Böyük Avrasiya məkanında müstəqil və balanslaşdırılmış siyasət həyata keçirən dövlət kimi müxtəlif geosiyasi məkanları birləşdirən strateji aktor statusunu daha da möhkəmləndirir. Ölkəmiz siyasi, iqtisadi və nəqliyyat-kommunikasiya baxımından bir neçə mühüm geosiyasi məkanı birləşdirən unikal mövqeyə malikdir. Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət bu imkanları daha da genişləndirir və ölkəmizi müxtəlif beynəlxalq platformalar arasında etibarlı tərəfdaş kimi ön plana çıxarır.
“Prezident İlham Əliyevin Mərkəzi Asiyaya səfəri Azərbaycanın həm Mərkəzi Asiyanın Avropaya açılan əsas qapısı, həm də Avropanın Mərkəzi Asiyaya çıxışında etibarlı körpü olduğunu bir daha nümayiş etdirib. Bu gün Mərkəzi Asiya zəngin təbii ehtiyatları, böyük insan resursları, gənc demoqrafik potensialı və əlverişli geostrateji mövqeyi ilə Avrasiyanın əsas inkişaf mərkəzlərindən birinə çevrilir. Çin, Avropa, Rusiya və Yaxın Şərq arasında yerləşən bu geniş coğrafiyanın əhəmiyyəti getdikcə artır və Azərbaycan bu prosesdə əsas bağlantı halqalarından biri kimi çıxış edir", – deyə deputat əlavə edib.