Yüz il öncənin bu günü... Müstəqilliyinə
qovuşmuş Azərbaycan dövlətinin 1919-cu il dekabrın 7-də ilk dövlət muzeyi yaradılır...
Əşya və materialların, bədii sənətkarlıq
nümunələrinin qeydə alınması, mühafizəsi, tədqiqi, təbliği ilə əlaqədar hüquqi-normativ
sənədlərin olmaması problemə çevrilmişdi. Belə bir zamanda maddi cəhətdən imkanlı
avropalılar Azərbaycanın yerli sakinlərindən tarixi əhəmiyyətli əlyazmaları, qədim
əşyaları alıb aparırdılar. 1919-cu ilin sentyabrında Azərbaycan şərqşünasları tarixi
irsimizin qorunması məqsədilə "Şərqin arxeologiyası və tarixin həvəskarları dərnəyi”nin
yaradılması məsələsini irəli sürdülər. Bakıda milli muzeyin yaradılması ilə bağlı
"Yaşıl qələm” Ədəbi Cəmiyyətinin üzvləri Hüseyn bəy Mirzə Camalov və Məhəmməd Ağaoğlu
Azərbaycan parlamenti qarşısında məsələ qaldırdılar. "Azərbaycan” qəzetinin
1919-cu ilin 23 sentyabr tarixli sayında muzeyin təşkili ilə əlaqədar yazılırdı:
"...sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir
milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını
"Milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal
şüarı olmasına görə, "İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz”.
Parlamentin sədr müavini Həsən bəy Ağayev
muzey üçün otaq ayrılması ilə bağlı İnventar komissiyasına sərəncam verdi. Muzeyin
yaradıcıları - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həmçinin Azərbaycan
Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə, parlamentin
rəyasət heyətinin digər məsul əməkdaşları tərəfindən 1919-cu ilin 6 noyabrında tərtib
edilən sənəddə muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası
haqqında müddəalar əksini tapdı. "Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq
hələlik parlaman imarətində təsis edilən "Muze İstiqlal” adına müəssisələr tərəfindən
toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında
Şərait” adlanan, təhvil-təslim aktı formasında hazırlanan sənədin 3-cü bəndində
bildirilirdi: "İstiqlal muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün
əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz”.
Parlamentin rəyasət heyəti İstiqlal muzeyinin təşkili və fəaliyyəti ilə əlaqədar
xərcləri öhdəsinə götürdü. Muzey üçün gələcəkdə xüsusi binanın ayrılması, yaxud
tikilməsi, proqram və nizamnaməsinin hazırlanması kimi məsələlərə də sənəddə yer
verildi. "Azərbaycan” qəzeti yazırdı: "İstiqlal muzeyinin genişlənməsi üçün eksponatların
toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət edərək muzeyin komplektləşdirilməsinə
yardım göstərməyə və köhnə əşyaları ora bağışlamağa çağırırdılar. Muzeyə kömək göstərən
şəxslərə bağışlanılan əşyaların adları və qiyməti göstərilməklə qəbz verilirdi”.
Beləliklə, AXC Parlamentinin quruluşunun
birinci ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də parlamentin binasında İstiqlal
muzeyi yaradıldı. Muzeyə təhvil verilən ilk eksponatların arasında Azərbaycanın
istiqlalına dair sənədlər, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar,
silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar,
bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif
əlyazmalar var idi.
Bolşevik Rusiyası 1920-ci ilin aprelində
Azərbaycanı işğal etdi. Cümhuriyyət hökumətinin quruculuq işləri yarımçıq qaldı.
İstiqlal muzeyi də fəaliyyətini dayandırmaq məcburiyyətində oldu.
1990-cı illərdə Azərbaycan yenidən dövlət
müstəqilliyini qazandı. Ölkəmizin "unudulmuş” tarixi həqiqətləri üzə çıxdı. Azərbaycanın
ilk rəsmi dövlət muzeyinin fəaliyyəti də yetmiş bir il sonra bərpa olundu. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən
İstiqlal muzeyi yaradıldı. 1919-cu ildə fəaliyyət göstərmiş muzeydən heç bir eksponat
qalmamışdı. Yenidən fəaliyyətə başlayan muzey "İstiqlal” adını alaraq birinci muzeyin
mənəvi varisi oldu. 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 22
minə yaxın eksponat var. Muzey altı zaldan ibarətdir. Birinci ekspozisiya zalında
Azərbaycanın dövlət rəmzləri - üçrəngli bayrağı, dövlət gerbi, Dövlət himni və dövlət
Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. XVIII əsrin ikinci yarısında
Azərbaycanın xanlıqlara bölünməsi, XIX əsrdə məmləkətimizin işğalı uğrunda Rusiya
ilə İran arasında gedən müharibələr, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay
müqavilələrinin bağlanmasına dair materiallar da zalda yer alıb.
Muzeyin ikinci zalında XIX əsrin ikinci yarısından
XX əsrin əvvəlinədək olan dövr barədə məlumat verilir. Zal H.Z.Tağıyev, M.Nağıyev,
M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, xəstəxanaların
tikilməsi, eləcə də A.A.Bakıxanovun, milli mətbuatımızın banisi H.B.Zərdabinin və
digər ziyalıların fəaliyyətini əks etdirən materiallarla zəngindir. Bölmələrində
1918-ci il 31 Mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər
nümayiş etdirilir. Həmçinin cümhuriyyətin qurucuları - M.Ə.Rəsulzadə, F.X.Xoyski,
Ə.M.Topçubaşov və başqa görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar,
o zamanın pul vahidləri, poçt markaları, dövrün müxtəlif hadisələrini əks etdirən
materiallar var.
Üçüncü zalda 1905-1911-ci illərdə Cənubi
Azərbaycanda baş verən azadlıq hərəkatının rəhbəri Səttarxan və silahdaşlarının
fəaliyyəti, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvərinin
başçılığı ilə 1941-1945-ci illərdəki "21 Azər” hərəkatı barədə və digər materiallar
toplanılıb.
Dördüncü zalda ötən əsrin 1920-1930-cu illərində
Azərbaycanda repressiyaya məruz qalan şəxsiyyətlər, eləcə də II Dünya müharibəsində
ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri rəşadət haqqında
məlumatlar verilir.
Muzeyin beşinci zalında 1990-cı ilin qanlı
Yanvar hadisələri, Ermənistanın başladığı müharibə, sonrakı illərdə Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli,
Qubadlı, Zəngilan rayonlarının işğalı, Xocalı soyqırımının dəhşətləri, xalqımızın
şəhid olan, evindən, yurdundan qaçqın düşən övladlarının faciələrni əks etdirən
materiallar var.
XX əsrin sonlarında yenidən müstəqilliyini
əldə edən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğu və digər
məsələlər altıncı zalda əksini tapıb. Bu zalda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti
dövründə respublikamızın nail olduğu böyük uğurlar, eləcə də onun yolunu davam etdirən
Prezident İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı uğurlar barədə
çoxsaylı məlumat və fotolar yer alıb.
Yüz yaşlı İstiqlal muzeyi tariximizin bütün
dövrlərini əks etdirir. Muzey bütöv Azərbaycanın tarixi, mədəniyyəti haqqında zəngin
məlumatlar verir.
Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”