Söhbət neftin qiymətindən yox, iqtisadi inkişafdakı
rolundan gedir
"Qara qızıl” dediyimiz neftin iqtisadi inkişafda
etibarsız vasitə olduğunu sübut etməyə ehtiyac yoxdur. İlk baxışda kənardakıların
həsəd apardığı bu təbii sərvət indiyədək çox az ölkəyə daimi tərəqqi, xalqına əbədi
xoşbəxtlik bəxş edib. Əvəzində yaxın tarixin saysız həqiqətləri var ki, neft sahibi
olduğu ölkə və xalq üçün sözün həqiqi mənasında qara "qızıl” olub. Onun "parıltı”sı
təkcə gözləri qamaşdırmayıb, həm də nəfislərə hakim kəsilib, işğalçılığa, qəsbkarlığa
rəvac verib. Görmüsünüzmü, "bir həsir, bir Məmmədnəsir” olan kimsənin küməsinə oğru
girsin?
Amma bu "qızıl”ın qaralığının səbəbi təkcə
böyük güclərin maraqlarına tuş gəlməsi deyil. Neft, daha doğrusu, onun qiyməti həm
də bu güclərin əlində dəfələrlə sınaqdan çıxmış iqtisadi vasitə və alətdir. SSRİ
kimi nəhəng ölkənin dünyanın siyasi xəritəsindən silinməsinin bir və əsas səbəbi
bu qiymət məsələsi olmadımı?!
Elə fikirləşməyin ki, neftin qiymətinə belə
emosional münasibətimiz SSRİ-nin dağılmasına təəssüfümüzdən irəli gəlir. Qətiyyən
belə deyil. Sovet İttifaqının süqutunu böyük əksəriyyət kimi biz də tarixin qaçılmaz
reallığı kimi qəbul edirik. Amma ortada bu qiymət siyasətinin müstəqil Azərbaycana
inkişafının sürət götürdüyü bir zamanda vurduğu zərbə də var və biz onun fəsadlarını
indi də yaşayırıq. Nədi, nədi, hansı super gücsə bu sevdaya düşən digər iddialını
cəzalandırmaq istəyir.
Bax, elə həm bu, həm də digər səbəblərdən
nə neftin özünə, nə də qiymətinə bel bağlayıb yola çıxmaq olmaz. Çünki yarı yolda
qalmaq ehtimalı az deyil, xüsusən də o yolun
yolçusu çoxdursa...
O üzdən, Prezident İlham Əliyevin dəfələrlə
bəyan etdiyi kimi, Azərbaycan iqtisadiyyatının lokomotivini dəyişmək lazımdır. Neft-qaz
sektoru indiyədək ölkənin sosial-iqtisadi inkişafı üçün nə lazımdırsa edib və hazırda
reallaşan layihələrə əsaslanıb deyə bilərik ki, yaxın gələcəkdə də bu missiya onun
boynundadır. Amma bir şərtlə - əsas stavka qeyri-neft sektoruna edilməklə.
İddia etsək ki, qarşıya qoyulan məqsədə çatmışıq,
ən azından qeyri-ciddi olardı. Bununla belə, qeyri-neft sektorunun inkişafı istiqamətində
az işlər görüldüyü iddiasında da deyilik. Təkcə dörd bir ətrafımızdakı sosial infrastruktura
baxmaq, regionlara səfərə çıxmaq, dükan-bazarda satılan məhsullara nəzər salmaq
yetər ki, ölkədə qeyri-neft sektorunun haradan-haraya gəlib çıxdığına şahidlik edək.
Bu şahidliyi edən həm də rəsmi statistikadır:
keçən il ölkə üzrə qeyri-neft sektorunda 24, o cümlədən kənd təsərrüfatında 18,
turizm, rabitə və digər sahələrdə 10-13 faizdən çox artım qeydə alınmışdır. Ötən
il ÜDM-də qeyri-neft sektorunun payı 46,9 milyard manatlığa çatmışdır. Müqayisə
üçün bildirək ki, bu göstərici neft sektoru üzrə 32,9 milyard manat olmuşdur. Bu
faktın özü göstərir ki, hələ də haqsız olaraq neft ölkəsi sayılan Azərbaycanda ÜDM-in strukturunda qeyri-neft sektorunun
çəkisi "rəqib”i - neft-qaz bölməsindən xeyli üstündür. Deməli, Prezidentin qeyri-neft
sektorunun inkişafı üçün hələ neçə il əvvəl başladığı və günü bu gün də davam edən
tədbirləri səmərəsiz qalmır, real nəticələr verir.
Lakin dövlət başçısı əldə olunanlarla kifayətlənməməyi
tövsiyə edir və bunun üçün bütün gərəkli tədbirləri görür. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "İqtisadi və sosial sahədə aparılan
siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi
daxili məhsul
3 faiz artmışdır. Bu, son bir neçə il ərzində
ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq.
Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır.
Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda
sənaye istehsalı 15,6 faiz artmışdır. Bax gördüyümüz işlərin nəticəsi budur və sənaye
istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim
siyasətimizin bariz nümunəsidir”.
Yaxşı haldır ki, nüfuzlu xarici ekspertlər
də Azərbaycanın sözügedən istiqamətdə həyata keçirdiyi tədbirləri, onların nəticələrini
görür və yüksək qiymətləndirir. KİV-in yaydığı məlumata görə, Beynəlxalq Valyuta
Fondunun (BVF) ölkəmizdəki missiyasının rəhbəri N.Tamirisa cari il Azərbaycan üzrə
ÜDM istehsalının 2,7, sonrakı illərdə isə 2,1-2,7 faiz civarında artacağını proqnozlaşdırıb.
Onun proqnozuna əsasən, həmin artımlar orta hesabla il ərzində 3,3 faizlik inflyasiya
fonunda baş verəcək ki, bunu da özlüyündə müsbət tendensiya hesab etmək olar.
O ki qaldı, neft və qeyri-neft sektorlarının
inkişafı üzrə proqnozlara, N.Tamirisa cari il neft sektorunun təxminən 2,5 faizədək
artacağını güman edir. Missiya rəhbəri bunu "Cənub qaz dəhlizi”nin işə düşməsi üzündən
təbii qaz hasilatının artması ilə əlaqələndirir. Amma sonrakı illər neft hasilatının
aşağı düşməsi nəticəsində neft-qaz sektorunda artım zəifləyəcək. Hətta təbii qazın
qiymətinin neftdən ucuz olması səbəbindən gələn il Avropaya nəqli gözlənilən 10
milyard kubmetr "mavi yanacaq” da həmin tendensiyaya təsir etməyəcək. Əvəzində isə,
N.Tamirisaya görə, 2019-2020-ci illərdə qeyri-neft sektorunun inkişafında 2,8 faiz
artım qeydə alınacaq. BVF rəsmisi onu da bildirib ki, Azərbaycanda əhalinin sosial
güvənliyinin artırılması yöndə atılan son addımlar yaxın 2 il ərzində qeyri-neft
sektorunun inkişafına təkan verəcək.
Göründüyü kimi, ölkəmizdə qeyri-neft sektorunun
inkişafı dinamik və dönməz xarakter alıb. Tək bu səbəbdən sosial-iqtisadi inkişafımızın
bu günü kimi, gələcəyindən də rahatsız olmağa əsas yoxdur.
Raqif MƏMMƏDLİ,
"Azərbaycan”