10 Oktyabr 2021 00:46
2947
CƏMİYYƏT
A- A+
Azərbaycanda gender bərabərliyinin təmin olunması prioritet məsələlərdəndir

Azərbaycanda gender bərabərliyinin təmin olunması prioritet məsələlərdəndir

 

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinin15 ili tamam olur. Qanunun mühüm cəhəti onun qadınların insan hüquqlarından və fundamental azadlıqlardan istifadə etmələrinə mane olan, onlara qarşı kök salmış müəyyən ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır. Elə qanunun 3-cü maddəsində də müvafiq olaraq de-facto bərabərliyi sürətləndirmək və qadınlar üçün əsaslı bərabərliyi təmin etmək məqsədilə zəruri olan xüsusi tədbirlərin görülməsi nəzərdə tutulur.

Ötən müddət ərzində gender bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülmüş, əhəmiyyətli uğurlar əldə edilmişdir. Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, yaradılan institutsional mexanizmlər, qanunvericilik bazası əksər inkişaf etmiş dövlətləri qabaqlayır. Ümumiyyətlə, tarixdə bərabərliyin təmin olunmasında və qadınların hüquqlarının müdafiə mexanizminin yaradılmasında Azərbaycan bir çox aparıcı dövlətlərlə yanaşı dayanır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasətindən irəli gəlir.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də Ümummilli Lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixdə fərman imzalamışdı. Ulu Öndər yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20 faizi işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümummilli Lider xalqa müraciət edərək demişdir: “Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüz nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir”. Məhz Azərbaycan qadınları bu yüksək tribunadan ermənilər tərəfindən Qarabağın işğal edildiyini, 1 milyondan çox qaçqın və məcburi köçkününün 453 mindən çoxunu qadınların və 309 mindən çoxunu uşaqların təşkil etdiyini, əsir, girov və itkin düşən qadın və uşaqların taleyi, əsirlikdə zorakılığa və işgəncələrə məruz qalanların məsələsini səsləndirdilər, strateji istiqamət kimi bu məsələlərin əks olunmasını bəyannaməyə təklif etdilər.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilib və ayrı-seçkiliyin yolverilməzliyi bəyan edilib. Bərabərlik hüququnu pozma Cinayət Məcəllləsində cinayət əməli kimi müəyyən edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınlarının rolunun artırılmasına dair 1998-ci il sərəncamı və ölkədə dövlət qadın siyasətinin həyata keçirilməsinə dair 2000-ci il fərmanı gender bərabərliyinə nail olmaq üçün vacib normativ hüquqi baza oldu.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul olunması gender bərabərliyinin təmin edilməsi istiqamətində həm də institusional mexanizmlərin formalaşdırılmasına mühüm töhfə verdi. 2006-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilmiş Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında daha çox səlahiyyətlərə malik olan yeni dövlət strukturu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edildi. Komitə ölkədə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən dövlət qurumudur. Bütün dövlət qurumlarında və digər təsisatlarda gender məsələləri üzrə məsul şəxslər fəaliyyət göstərirlər. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Ölkədə 10 Qadın Resurs Mərkəzi, 200-dən çox QHT fəaliyyət göstərir. Siyasi partiyalarda qadınların aktiv iştirakını müşahidə edirik. Bu sahədə əsas nailiyyətlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisində Ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılması olmuşdur.

Ötən müddət ərzində gender siyasətinin həyata keçirilməsini özündə ehtiva edən bir çox hüquqi-normativ akt, sənəd, fəaliyyət planı, dövlət proqramı qəbul edildi. Qəbul olunan və yeni hazırlanan qanun və normativ-hüquqi aktlar gender ekspertizasından keçirilir. Bu, çox vacibdir, çünki gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox boşluq müəyyən olunur. BMT-nin “2000-2015-ci illəri əhatə edən Minilliyin İnkişaf Məqsədləri”ndə həmin sənədin 3-cü məqsədində “Cinslərarası bərabərliyin təmin olunması və qadın hüquqlarının genişləndirilməsi” nəzərdə tutulmuşdur. Bəyannaməyə qoşulmuş ölkəmizdə kompleks tədbirlərin keçirilməsi məqsədi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilmiş və icra olunmuşdur. Birinci proqramda məşğulluq, təhsil, zorakılıq, qaçqın və məcburi köçkünlər, yeniyetmə qızlar, qərar qəbuletmə prosesi istiqamətləri üzrə fəaliyyətlər nəzərdə tutulmuşdur. İkinci proqramda isə gender bərabərliyinin dəstəklənməsi strateji məqsədlərdən biri kimi müəyyən edilmişdi.

Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədilə mühüm işlər görülmüşdür.

Qadın hüquqlarının müdafiəsi, məişətdə xüsusilə qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından 22 iyun 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun mühüm əhəmiyyəti var. Nikah yaşının qadın və kişilər üçün bərabərləşdirilməsi və nikahdan əvvəl tibbi müayinənin icbari olması ilə bağlı ailənin qadının nikaha daxil olmağa məcburetmə ilə əlaqədar məsuliyyətinin müəyyən edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər olunmuşdur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırda Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanır. “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün tədbirlər” və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Plan”larının qəbul olunması və bununla əlaqədar müvafiq qurumların qarşısında vəzifə və öhdəliklərin qoyulması da ölkədə gender bərabərliyinin təmin olunmasına xüsusi töhfə verəcəkdir. Hazırda müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti qadındır. Son illər nazir müavini olan qadınların sayı 3-dən 7-yə (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) yüksəlmişdir, 2 qadın icra hakimiyyəti başçısı və 72 qadın icra hakimiyyəti başçısının müavinidir. Hakim qadınların sayı 84 nəfər, yəni 16 faizdir. Prokuror qadınların sayı 9-dur. 2 qadın səfir və 1 qadın konsuldur. 2021-ci ilin əvvəlində dövlət qulluğu vəzifələrini tutmuş işçilərin 27,5 faizini qadınlar, 72,5 faizini kişilər təşkil etmişdir. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. Əvvəlki illərlə müqayisədə dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunmuşdur. 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə onların xüsusi çəkisi 18,3 faiz olmuşdur. Milli Məclisin sədri qadın seçilmişdir. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4 faiz idisə, 2019-cu ildə bu göstərici 39 faizə çatmışdır.

Ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən bir qədər çox olmuşdur. Belə ki, məşğul əhalinin 48,2 faizini və işsiz əhalinin 57,5 faizini qadınlar təşkil etmişdir. İqtisadi fəal əhalinin 48,9 faizi isə qadındır. Qadınların sayı kişilərdən üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində 55,2 faiz, təhsildə 46,6 faiz və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 24,0 faiz çox olmuşdur. Dünyanın bir çox ölkəlsində olduğu kimi, Azərbaycanda da iqtisadi iştirak və imkanlar baxımından gender fərqinin aradan qaldırılması istiqamətində tərəqqini ləngidən bir sıra struktur problemlərinin olduğu müşahidə edilir. Azərbaycanın əmək bazarında üfüqi və şaquli seqreqasiya davam etməkdədir. Qadınlar daha çox az ödənişli və qeyri-rəsmi işlərdə çalışır ki, bu da kişi və qadın əməkhaqlarında mühüm fərqin mövcudluğuna səbəb olur. Lakin bununla belə 2005-ci ildə 432 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2020-ci ildə bu say 10226 nəfərə çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyətlə 14 811 qadın məşğul olurdusa, 2020-ci ildə onların sayı 25 503 olmuşdur.

Ölkə üzrə işsizliyin səviyyəsi 7,2 faizdir. Ancaq cinslər üzrə bölgüdə qadınlar arasında işsizliyin nisbəti daha çoxdur. Qadınlar arasında işsizliyin səviyyəsi 8,4 faiz, kişilərin arasında isə 6 faiz təşkil edir. Qeyd etmək lazımdır ki, əvvəlki illərin dinamikasına baxsaq, son 16 ildə yoxsulluğun səviyyəsi azalaraq 4,8 faizə enmişdir. Lakin pandemiyanın gətirdiyi fəsadlardan biri də işsizliyin artması olmuşdur. Lakin həm yerli, həm də beynəlxalq hesabatlar növbəti illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyini bildirir. Əlbəttə ki, Azərbaycanda iqtisadi imkanların artması sahəsində atılan addımlar, ilk növbədə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən bərpası və qurulması, bölgədə açılacaq kommunikasiya və logistika layihələri, eləcə də kiçik və orta biznesin inkişafı, yeni müəssisələrin yaradılması işsizlik səviyyəsini getdikcə azaldacaqdır.

 Azərbaycanda sahibkarların 22 faizini qadınlar, 78 faizini kişilər təşkil edir. Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu tərəfindən son 17 ildə 4421-dən çox qadın sahibkara 84,3 milyon manat kredit verilmiş, o cümlədən qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 7094 yeni iş yeri açılmışdır. Yeri gəlmişkən pandemiya zamanı ölkə əhalisinin maska tələbatı yerli istehsal hesabına ödənilir ki, burada da qadın sahibkarlar fəal çalışırlar. Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Azərbaycan Kənd Qadınları Assosiasiyası tərəfindən 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupunun milli şəbəkəsi yaradılmışdır. 38 qrupda ümumilikdə 462 qadın fəaliyyət göstərir. 32 qrup artıq öz bizneslərini qurmuş, təsərrüfat, təsərrüfatdan kənar və qeyri-təsərrüfat sahələrinə aid olmaqla cəmi 100 kiçik biznesi idarə edir. Azərbaycan uzun illərdir ki, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupuna (hazırda Gender və Dayanıqlı İnkişaf adlanır) sədrlik edir və bu çərçivədə bir neçə forum və beynəlxalq konfrans keçirilmiş, təcrübə mübadilələri aparılmışdır.

Ölkə rəhbəri tərəfindən müxtəlif illərdə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, 2019-2030-cu illər üzrə Məşğulluq Strategiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir ki, bu sənədlərdə qadın məşğulluğunun artırılması, onlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kənd yerlərində qadınların peşə hazırlığının gücləndirilməsi, startapların genişləndirilməsi, uşaq bağçalarının sayının artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. Qadınların aktiv sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul ola bilməmək səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə proqram həyata keçirilir. Hazırda 1-5 yaşlı uşaqların cəmi 28,5 faizi uşaq bağçası ilə əhatə olunub. Doğrudur, bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır və həmin sahədə işlər davam edir. Bu, bir çox ölkənin, o cümlədən də inkişaf etmiş ölkələrin qarşısında dayanan problemdir.

Azərbaycanda hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür. Bütövlükdə savadlılıq 100 faizə çatdırılıb. 15 və yuxarı yaşlı qadınlar arasında savadlılıq 99,8 faiz, kişilər arasında isə 99,9 faizdir. Ümumi təhsil müəssisələrində 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52,0 faizi qadınlar təşkil edir. Şagird və tələbələr arasında ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində tələbələrin 66,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,0 faizi qızlardır. Doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsilalanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərik ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir.

Genderə həssas büdcənin tətbiqi ilə bağlı Azərbaycanda bir sıra yeniliklər var. Belə ki, 2020-ci ildə “Dövlət Maliyyə İdarəetmə Sistemində Gender Amillərinin nəzərə alınmasına dair İcmal” hazırlanmışdır. Eyni zamanda ortamüddətli dövr ərzində dövlət maliyyə resurslarının planlaşdırılması və bölüşdürülməsi prosesi vasitəsilə gender bərabərliyi ilə bağlı hədəflərə nail olunmasına daha çox töhfə vermək məqsədilə genderə həssas büdcənin tətbiqi və gender ölçülərinin büdcə prosesinin bütün mərhələlərinə (büdcə təlimatlarının büdcə təşkilatlarına göndərilməsi, büdcə layihəsinin tərtibi, büdcənin icrası və hesabatların hazırlanması) inteqrasiya edilməsi nəzərdə tutulur.

Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 17 məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. “Heç kimin kənarda qalmaması prinsipi və universal xarakter daşıyan bu yeni məqsədlər Minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi gender bərabərliyinə nail olmaq, həmçinin bütün qız və qadınların səlahiyyətlərini artırmağa həsr olunmuşdur. BMT-nin 'MAPS' - Gündəliyin daxil edilməsi, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəaliyyəti sürətləndirmə və siyasətə dəstək” - qrupu tərəfindən Azərbaycanın gender bərabərliyinin təmin edilməsi sahəsində apardığı siyasətin dayanıqlı inkişaf məqsədləri ilə 97 faiz uzlaşdığı müəyyən edilmişdir. Ümumən dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər Azərbaycanda da mövcuddur. Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri, selektiv abortlar hələ də problem olaraq qalmaqdadır. Bu da o deməkdir ki, hələ bizim qarşımızda bir sıra vəzifə və öhdəlik var.

 

Hicran HÜSEYNOVA,

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!