Elektron Hökumət
Sorğusunun (e-Government Survey) bu il üçün nəticələri açıqlanıb. Elektron Hökumət
üzrə sorğu Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilir və
193 üzv ölkəni əhatə edir.
Hazırlanmasında
200-dən çox tədqiqatçı, ekspert iştirak etmiş və sayca 11-ci olan bu nəşr dünya
ölkələrinin e-hökumət hazırlığı ilə bağlı yeganə istinad mənbəyidir.
"Elektron
Hökumətin İnkişafı İndeksi” üzrə dövlətlər adətən ən yüksək, yüksək, orta və aşağı
qruplarda təsnifləşdirilir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə (2018-ci ildə
70 ölkə arasında 30-cu yerdə olub), okeanlara çıxışı olmayan inkişaf etməkdə olan
ölkələr arasında isə ilk üçlükdədir. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz
indeksini 66 baldan 71 bala qədər yüksəldərək, dünya üzrə orta göstəricini 11 bal
üstələməyə nail olub. Qeyd edək ki, indeksi 0,75 olanda ölkə elektron hökumətin
ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır, bu isə o deməkdir ki, Azərbaycan ən
yüksək qrupa keçməyə real namizəddir.
"Elektron
Hökumətin İnkişafı İndeksi”ni təşkil edən meyarlara "Onlayn Xidmət İndeksi”, "Telekommunikasiya
İnfrastrukturu İndeksi” və "İnsan Kapitalı
İndeksi” daxildir. 2020-ci il qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan "Onlayn
Xidmətlər İndeksi” üzrə 100 mümkün baldan 70 bal (dünya üzrə orta bal 56) toplayıb.
BMT-nin hesabatında "Onlayn Xidmət İndeksi” üzrə ölkələri qruplaşdırarkən Azərbaycan
İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə "yüksək indeksli”
dövlətlərin qrupuna daxil edilib. Azərbaycan "Telekommunikasiya İnfrastrukturunun
İnkişafı İndeksi” üzrə 65 bal (dünya üzrə orta bal 54), "İnsan Kapitalı İndeksi”
üzrə isə 77 bal (dünya üzrə orta bal 68) toplayıb.
Ümumilikdə
isə ölkəmiz dünyanın 193 ölkəsi arasında "Elektron Hökumətin İnkişafı İndeksi” üzrə
70-ci yerdə öz mövqeyini qoruyub saxlaya bilib.
Hesabatda,
həmçinin Azərbaycanın bu sahədə malik olduğu müsbət təcrübə qeyd edilib. Belə ki,
"myGov”un "şəxsi kabinet” əsaslı elektron hökumət portalı olaraq vətəndaşlara şəxsi,
maliyyə, təhsil və digər məlumatlarını əldə etmək və dövlət xidmətlərinə müraciət
etmək imkanı verdiyi qeyd edilir. Portalın dövlət xidmətləri sahəsində yeni yanaşma
tətbiq edərək, istifadəçi ehtiyaclarını real vaxt rejimində və data əsaslı prediktiv
elektron hökumət konsepti əsasında reallaşdırdığı vurğulanır. "ASAN Login” sistemi
vasitəsilə isə çoxlu sayda elektron xidmətlərə çıxışın olduğu bildirilir.
Hesabatda, eləcə də "Elektron İştirak İndeksi”
ilə bağlı nümunə olaraq "İdeya Bankı” layihəsinin adı çəkilərək saytına link verilib.
Ölkəmizdə
elektron hökumət quruculuğunun sürətləndirilməsi və effektiv koordinasiyanın həyata
keçirilməsi məqsədilə Prezident İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal
hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, 2018-ci ildə Elektron
Hökumətin İnkişafı Mərkəzi yaradılıb.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan mərkəz
bu günədək dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində vətəndaşların həyatını
asanlaşdıran bir sıra layihələr həyata keçirib. Bura "şəxsi kabinet” əsaslı və vətəndaşlara
proaktiv xidmətlər göstərən "myGov” elektron hökumət portalı, "e-Satınalma” dövlət
satınalmalarının vahid portalı, "e-Agro” Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi,
"e-hərrac” elektron hərrac sistemi, "ASAN Viza”, "ASAN ödəniş”, "ASAN Finans”,
"ASAN Login” və digər layihələr aiddir.
Mərkəz, həmçinin
pandemiya ilə mübarizə zamanı "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin
Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Vətəndaşların işlərini evdən
çıxmadan görə bilmələri üçün bir sıra yeni xidmətlər elektronlaşdırılıb, "ASAN xidmət”
mərkəzlərinin fəaliyyətinə dair məlumatların onlayn əldə edilməsi məqsədilə "ASAN
Bot” istifadəyə verilib.
"BMT Elektron Hökumət Sorğusu 2020” aşağıdakı
linkdən yüklənilə bilər:
https://publicadministration.un.org/egovkb/Portals/egovkb/Documents/un/2020-Survey/2020%20UN%20E-Government%20Survey%20(Full%20Report).pdf