Beynəlxalq təşkilatdan umduğumuz bu terrora obyektiv qiymətdir
Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxladığı dövrdə ilkin qiymətləndirmələrə görə, torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb. Başqa sözlə, rəsmi məlumatlara əsasən, Azərbaycanın ərazisinin 1,3 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın kasetli silahlar koalisiyasının hesabatında isə Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış ölkələr sırasındadır.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-dan 2026-cı ilin avqustunadək Qarabağ və Şərqi Zəngəzurda 298 min 551 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə 260 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu günədək "yeraltı müharibə"də 437 nəfər ziyan çəkib, o cümlədən onların 73-ü həyatını itirib, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumiyyətlə, Erməni silahlı birləşmələrinin Azərbaycana qarşı təcavüzü başlayandan içlərində azyaşlıların, qadınların və digər mülki şəxslərin olduğu 500-dən çox vətəndaş zərər çəkib. Bütün bunlar həmin ərazilərdə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin bərpasına və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına böyük maneələr yaradır. Hərbi silah kimi düşünülən minaların qurbanları hazırda əsasən mülki şəxslərdir.
Müharibənin Azərbaycanın qələbəsi ilə bitməsinə baxmayaraq, faktlar "yeraltı müharibə"nin hələ davam etdiyini göstərir. Mina hadisələri insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlavə risklər yaradır. Beynəlxalq görüşlərdə, ən vacib məqamlarda bu məsələni önə çəkən Prezident İlham Əliyev bu günlər ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edərkən də bu problemi qabartmışdır. ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirmişdir.
Xatırladaq ki, 1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişindən sonra Azərbaycan Ordusunun mühəndis-istehkam qoşunları Füzuli rayonunun işğaldan azad olunmuş 22 kəndində 15 minalanmış sahədən 19 min tank əleyhinə, 22 min isə piyadalar əleyhinə mina taparaq zərərsizləşdirmişlər. Nəzərə almaq lazımdır ki, həmin kəndlər cəmi 3 ay işğal altında qalmışdı. Amma buna baxmayaraq, o dövrdə həmin ərazidən ümumilikdə 41 mindən çox mina aşkar edilərək zərərsizləşdirilmişdir. Özü də həmin dövr ANAMA mövcud deyildi. Bu işi Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları görürdü.
Mina və partlamamış hərbi sursat təhlükəsi itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış və qazıntı işlərinin aparılmasına da ciddi maneə yaradır. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə 300-dən çox kəhriz (yeraltı su mənbələri) mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Köndələnçay, Tərtər, Qarqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və ətrafı minalanıb.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etməsi sübuta yetirilmiş faktdır. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bunun təsdiqidir. 23 saatlıq lokal xarakterli antiterror tədbirindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca da 500 mindən artıq mina basdırıldığı aşkarlanmışdır.
Azərbaycan fürsət düşdükcə ölkəmizin ərazisindəki mina probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Sıradan fakt deyil - ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib. Bu isə kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşündə digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan humanitar məsələlərə toxunaraq mina təhdidinin hələ də Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib. Mina partlayışlarının insan həyatı ilə bərabər, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və regional inkişaf prosesinə mane olduğunu açıqlayıb. Nazir həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu diqqətə çatdırıb.
Ölkəmizdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu daxili resurslar hesabına aparılır. Azərbaycan erməni işğalını təkbaşına aradan qaldırdığı kimi, təcavüzkarın təhlükə saçan qalıqlarını da ərazilərindən özü təmizləyir. Hazırda minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurdlarına təhlükəsiz dönməsini təmin etmək üçün minatəmizləmə xüsusi əhəmiyyət daşıyır və burada aparıcı rol ANAMA-ya məxsusdur. Bununla yanaşı, ANAMA yanında İctimai Şuranın, mina qurbanları və onların ailə üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları Qarabağda mütəmadi tədbirlər həyata keçirirlər. Bu tədbirlərin sayəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, hökumətin "yeraltı müharibə"yə qarşı apardığı mübarizə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Xatırladaq ki, proqram çərçivəsində 2022-2025-ci illər ərzində 228227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.
Bu gün Azərbaycanın milli prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Lakin bu ərazilərin minalanması bərpa-quruculuq işlərinə ciddi maneə olaraq qalmaqdadır. Azərbaycan bu çətinliklə təkbaşına mübarizə aparır. Həyata keçirilən minatəmizləmə prosesinə ANAMA-dan əlavə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, qeyri-hökumət təşkilatı və 5 yerli şirkət cəlb edilib. Görünən odur ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi "yeraltı müharibə" terroruna beynəlxalq təşkilatlar ciddi reaksiya verməlidirlər.
Rəhman SALMANLI,
"Azərbaycan"