26 İyun 2025 09:20
2251
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Özbəkistan liderlərinin güclü dəstəyi ilə...

Azərbaycan və Özbəkistan liderlərinin güclü dəstəyi ilə...


İKİ ÖLKƏ ARASINDA ENERJİ ƏMƏKDAŞLIĞI GENİŞ MİQYAS ALIR   


Azərbaycan və Özbəkistan arasında münasibətlərin hərtərəfli inkişafını enerji sahəsində əməkdaşlığın genişlənməsində də aydın görmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu sahədəki potensialın reallaşmasına güclü dəstək göstərirlər. Odur ki, xüsusilə son illər iki ölkə arasında enerji əməkdaşlığının inkişafında yeni səhifə açılıb.

Energetika sahəsində əməkdaşlıqla bağlı əldə edilmiş razılaşmalar, bu çərçivədə İşçi qrupunun  keçirdiyi  iclaslar, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahəsində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr getdikcə öz müsbət nəticəsini daha bariz şəkildə göstərir. Bir sözlə, Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı çoxistiqamətlidir.  Təkcə onu xatırlatmaq kifayətdir ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi" imzalanıb və sənəd 14 istiqaməti əhatə edir. Yol Xəritəsi hər iki ölkədə karbohidrogen ehtiyatlarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Bu sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpaolunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edirlər. İki il əvvəl "Azər-enerji" ASC ilə  "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC  arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorlarının əməkdaşlığının davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi sözügedən yol xəritəsində əks olunub.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında əlaqələr getdikcə genişlənir. Özbəkistanın neft-qaz sənayesinin mütəxəssisləri azərbaycanlı həmkarlarına böyük hörmətlə yanaşır, onların bu sahədəki təcrübəsini yüksək qiymətləndirirlər. Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində son illər Özbəkistanın geniş təmsil olunması buna aydın misaldır. Burada özbək mütəxəssisləri Azərbaycanın və bir sıra digər ölkələrin neft-qaz işçiləri ilə sıx təmasda olur, işgüzar söhbətlər apararaq gələcək uğurlu əməkdaşlığın, tərəfdaşlığın konturlarını müəyyənləşdirirlər.

SOCAR və  "Uzbekneftegaz" arasında əməkdaşlığa dair imzalanan sənədlərin də sayı getdikcə artır. O cümlədən keçən ilin avqust ayında Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində bu iki şirkət arasında Əsas Şərtlər Sazişi imzalanıb.        

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı indi daha bir istiqamətdə inkişaf etməkdədir. Belə ki, "yaşıl enerji" sahəsində də artıq ilk uğurlara imza atılıb. Həm də bu əməkdaşlıq üçtərəfli formatda - Azərbaycan, Qazaxıstan və Özbəkistan  arasındadır.

Məlumdur ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın hər biri zəngin "yaşıl enerji" mənbələrinə malikdir. Bu, həmin ölkələr qarşısında sanballı bərpaolunan enerji layihələrini reallaşdırmaq imkanı açır. Odur ki, bu üç respublika son vaxtlar "yaşıl enerji"nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar. Keçən ilin noyabr ayında Bakıda keçirilən COP29 çərçivəsində dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzaladılar.

Dövlətimizin başçısı bu sənədin imzalanmasını tarixi hadisə adlandırıb: "İmzaladığımız bugünkü saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərirlər. Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır. Dünən konfransdakı çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkilməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik".

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Keçən il, hələ COP29-dan öncə Buxarestdə sazişin icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclası keçirildi. Orada bildirildi ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının  COP29 çərçivəsində olacağı nəzərdə tutulur. Buxarestdəki iclasda iştirak edən energetika naziri Pərviz Şahbazov bunları vurğulayaraq, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq "yaşıl enerji" dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşdü. 

Hadisələr üç qardaş ölkənin - Azərbaycan, Qazaxıstan və Özbəkistanın xeyli vaxtdır üzərində düşündüyü bu dəhlizin tezliklə reallıq olacağını göstərdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də üçtərəfli sazişin imzalanmasını tarixi hadisə, bərpaolunan enerjini isə təkcə iqtisadi məqsəd deyil, gələcəyə töhfə  adlandırmış və demişdir: "Nəql ediləcək enerji külək və günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa, ilin sonunadək biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq".

Göründüyü kimi, Azərbaycan kimi Özbəkistanın da özünün "yaşıl gündəliy"i var.  Bu isə  həmin sahədə əməkdaşlığı şərtləndirən vacib amildir.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!