Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ən böyük intranet təhsil şəbəkəsidir. İcrasına 2008-ci ildə "2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 2700-dən çox təhsil müəssisəsini əhatə edir.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindənAZƏRTAC-a bildirilib ki, şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85 faizinə və pedaqoji heyətin 73 faizinə bərabərdir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksəksürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (IP telefoniya, videokonfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstəyin göstərilməsidir.
Şəbəkə məktəb idarəetmə sistemində və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə şərait yaradır. Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchizi, tədris prosesində nəzarətin və qərarvermənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.
Sürətli və təhlükəsiz internetə çıxış
Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə verilən internetin başlıca üstünlüklərindən biri ondan ibarətdir ki, avtomatik filtrasiya sisteminin köməyilə istənilən zərərli, qeyri-etik və təhlükəli onlayn məzmun filtrasiya olunur və nəticədə şagirdlər internetdən istifadə edərkən bu cür məlumatlardan mühafizə olunurlar. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların arzuolunmaz veb-məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmun üzərində cəmləşməsinə xidmət edir.
Tədris prosesində interaktiv alətlərin tətbiqi və texniki dəstəklənmənin mümkünlüyü
Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində interaktiv tədris metodikalarının tətbiqi ilə bağlıdır. Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri kompüter avadanlığı, elektron lövhə və proyektorlar, təhsil robotları, elektron laboratoriya avadanlıqları ilə təchiz edilir ki, onların da istismarı üçün müəssisədaxili şəbəkə infrastrukturunun mövcudluğu zəruridir. Azərbaycan Təhsil Şəbəkəsi korporativ intranet şəbəkəsi olduğundan, nəinki əhatə etdiyi təhsil müəssisələrini vahid şəbəkə çərçivəsində birləşdirir, eləcə də müəssisə daxilində lokal şəbəkə mühitinin formalaşdırılmasını mümkün edir. Bu kontekstdə tədris prosesinin yuxarıda sadalanan interaktiv imkanlarla zənginləşdirilməsi baxımından Azərbaycan Təhsil Şəbəkəsi xüsusi önəm kəsb edir.
Tədrisdə idarəetmənin təkmilləşdirilməsi üçün infrastruktur imkanları
Azərbaycan Təhsil Şəbəkəsinə çıxış məktəblərdə idarəetmə sistemini müasir tələblərə uyğun qurmağa imkan yaradır. Belə ki, bir sıra pilot məktəblərdə inzibati və insan resurslarının idarəedilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq proseslərinin elektron formada aparılması istiqamətində işlər görülür. Həmin məktəblərdə təhsilin idarəedilməsi sistemləri tətbiq olunur ki, bunun köməyilə yuxarıda sadalanan işlərin düzgün və səmərəli təşkili mümkün olur. Bundan əlavə, məktəblərdə elektron jurnal, dərs cədvəli, valideyn nəzarət səhifəsi kimi həllərin istifadəsi tədrisin effektivliyini artırır. Əlbəttə ki, bu imkanların tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda baş verməsi mümkün deyil. Belə ki, məlumatların şəbəkə üzərindən ötürülməsi və saxlanması üçün məhz Azərbaycan Təhsil Şəbəkəsinin resurslarından istifadə olunur.
Pedaqoji heyətin peşəkar inkişafına yaradılan şərait
Şəbəkəyə qoşulmuş təhsil müəssisələrində elektron təhsil resurslarına, dərsliklərə, videomateriallara internet trafiki istifadə edilmədən daxil olmaq mümkündür. Bu isə işçilər üçün özünütəhsil, araşdırma və biliklərin tətbiqi üçün geniş imkanlar yaradır. Eyni zamanda, şəbəkə vasitəsilə aparıcı müəllimlərin dərslərinin digər ölkələrin təhsil müəssisələrində videonümayiş etdirilməsi imkanı vardır. Nəticədə müəllimlər digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən etibarən "eTwinning Plus” layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir, müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsüz ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın olması mühüm rol oynayır.