№ 217
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 2, maddə 241, № 3, maddə 341, № 5 (II kitab), maddə 611; 2025, № 1, maddə 83, № 2, maddə 206, № 6, maddə 599; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 may tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
2.9.1. İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;
2.9.2. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.”.
2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.5. Bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 17 ” “ iyul ” 2026-cı il