Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.
"Şahdağ" Turizm Mərkəzində baş tutan tədbirdə öncə respublikamızda multikultural dəyərlərə söykənən tolerant mühiti özündə birləşdirən "Azərbaycan - sülh və harmoniya məkanı" və "Hər məsciddə kitabxana" layihələrinə həsr olunmuş videoçarx nümayiş olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, jurnalistlər, din xadimləri, ilahiyyatçılar və ekspertlər qatılıb. Konfransda giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi və bu istiqamətdə medianın apardığı iş diqqətəlayiqdir. Qusar ölkəmizin tolerant rayonlarından biridir. Burada dini adətlərə, qədim abidələrə hörmətlə yanaşılır. 44 günlük Vətən müharibəsində qusarlı gənclər torpaq qarşısında öz sözlərini qanları ilə yazıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, "Hər məsciddə kitabxana" layihəsinin dini icmalar arasında maariflənmənin gücləndirilməsinə xidmət etdiyini bildirib. Komitə sədri həmçinin AMİN informasiya sisteminin dini sahədə xidmətlərin daha operativ və şəffaf təşkilinə imkan yaratdığını qeyd edib. R.Məmmədov "Azərbaycan - sülh və harmoniya məkanı" layihəsinin ölkənin tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verdiyini də vurğulayıb.
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, dini mövzulara həssas yanaşma jurnalistin borcudur. Azərbaycan tolerant ölkədir və hər bir media qrupu bu mövzularda savadlı yanaşmaya söykənməlidir. Digər çıxış edənlər də Azərbaycanda din-media münasibətlərinin keçmişdən gələn sağlam əsaslar üzərində inkişaf etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, dini mövzuların obyektiv təqdim olunması medianın üzərinə düşən əsas vəzifələrdəndir. Dini abidələrin mühafizəsi, onların tarixinin işıqlandırılması və insanlara çatdırılması medianın qurumlarının işidir. Bu sahədə çoxşaxəli iş aparılır.
Daha sonra konfrans panel müzakirələri ilə davam edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən ilk panel "Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya" mövzusuna həsr olunub. Rəqəmsal platformalarda dini məzmunun təqdim edilməsi, dezinformasiyaların aradan qaldırılması, informasiya təhlükəsizliyi və media savadlılığının artırılması məsələləri müzakirə olunub. Rəqəmsal medianın inkişafı haqqında maraqlı misallar varaqlanıb.
İkinci panel BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlunun moderatorluğu ilə "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzusunda müzakirələrlə keçirilib. Dini savadlılığın artırılması, milli-mənəvi dəyərlərin qorunmasında medianın rolu və dini mövzuların balanslı, obyektiv təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mediatur iştirakçıları panel müzakirələrində yaxından işrak edib və onları maraqlandırılan suallar cavablandırılıb.
Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbir boyu səsləndirilən fikir və təkliflərin media ilə dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Konfrans çərçivəsində səhəri gün media nümayəndələri üçün Quba rayonundakı dini ibadət məkanlarını əhatə edən mediatur təşkil olunub. İştirakçılar Quba "Cümə" və "Səkinəxanım" məscidlərini, Dağ Yəhudiləri Muzeyi və "Giləki" sinaqoqunu ziyarət ediblər.
Akif ƏLİYEV,
"Azərbaycan"