Yaxın zamanda ölkəmiz Gürcüstan və Türkiyə üzərindən Bolqarıstana bərpaolunan enerji ixrac edəcək
"Yaşıl enerji" potensialının böyük olması ölkəmizin enerji xəritəsində yeni reallıq yaradır. Quruda 135 QVt, dənizdə isə 157 Qvt texniki potensial Azərbaycanın regionda və daha geniş coğrafiyada "yaşıl enerji" mərkəzinə çevrilməsi üçün möhkəm zəmin rolunu oynayır.
Mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizin və Naxçıvan MR-in Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunmasıdır. Belə ki, bərpaolunan enerji mənbələrinin texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt səviyyəsində qiymətləndirilir.
Qarşıdakı qoyulan hədəflər də bəllidir. Azərbaycanın 2020-ci ildə qarşıya qoyduğu məqsədə uyğun olaraq, 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəflənib. Proqnozlara görə, 2027-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 25 faizə, 2030-cu ildə isə 30 faizə yüksələcək. Bu isə təkcə enerji balansının şaxələndirilməsi deyil, həm də qaz ehtiyatlarının daha səmərəli istifadəsi və ixrac potensialının artması deməkdir.
Hazırda icra olunan birinci mərhələ üzrə 2027-ci ilin sonunadək təxminən 2 QVt gücündə bərpaolunan enerji mənbələrinin istismara verilməsi gözlənilir. Növbəti mərhələdə isə əlavə 6 giqavatdan çox gücün yaradılması nəzərdə tutulur. Gələcəkdə istehsal olunan "yaşıl enerji"nin xeyli hissəsi ixraca yönəldiləcək.
İndi reallaşmasının müxtəlif mərhələlərində olan Mərkəzi Asiya-Azərbaycan, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa, Xəzər-Qara dəniz-Avropa və Azərbaycan- Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" dəhlizləri layihələri də məhz bundan xəbər verir. Beləliklə, Azərbaycan "yaşıl enerji"nin həm istehsalını, həm tranzitini, həm də ixracını həyata keçirəcək.
Qeyd edildiyi kimi, "yaşıl enerji" dəhlizlərindən birinin marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstandır. Ümumiyyətlə, indiyədək Azərbaycan ilə Bolqarıstan arasında enerji nəqli və əməkdaşlığı sahəsində bir neçə mühüm memorandum imzalanıb. Keçən il aprelin 4-də bu barədə Bakıda imzalanan sənəd elektrik enerjisinin ötürülməsi və ticarətinə dair dördtərəfli Anlaşma Memorandumudur.
Bir qədər geriyə dönərək xatırlayaq ki, 2009-cu il noyabrın13-də Sofiya şəhərində Azərbaycanın və Bolqarıstanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlığa dair ilk rəsmi Anlaşma Memorandumu imzalanmışdı. 2023-cü il aprelin 25-də imzalanan sənəd isə "Həmrəylik Halqası" (Qaz nəqli) Memorandumu idi. Yəni Sofiyada SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü sistem operatorları arasında əlavə qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanmışdı.
Hazırda xəttin qurulması üçün texniki və iqtisadi planlar hazırlanır. İşlərin sürətləndirilməsi üçün nazirlər səviyyəsində mütəmadi görüşlər keçirilir. Bu il aprelin 17-də Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra digər məsələlərlə yanaşı Azərbaycan-Türkiyə-Avropa və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" interkonnektor layihələrinin inkişafı nəzərdən keçirildi. Proseslərin sürətləndirilməsi razılaşdırıldı.
Bu günlərdə isə "Türkiye" qəzeti qardaş ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin genişmiqyaslı "yaşıl enerji" dəhlizi layihəsi çərçivəsində Azərbaycandan Bolqarıstana elektrik enerjisinin tədarükünə fəal hazırlıq işlərini davam etdirdiyini bildirib. Xəbər verilib ki, Ankarada "Elektrik TANAP" adlandırılan təşəbbüs çərçivəsində hazırlıq prosesi elektrik şəbəkələrinin tutumunun artırılmasından tutmuş enerji birjalarının hazırlanmasına, transsərhəd ticarət məsələlərinin həllinə və bazarların tənzimlənməsinə qədər bir çox istiqamətdə eyni vaxtda aparılır.
Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirmək və ekoloji cəhətdən təmiz bərpaolunan enerjinin birbaşa ötürülməsini təmin etmək məqsədi daşıyan fiziki marşrutun formalaşmasına dövlətə məxsus TEİAŞ elektrik şəbəkəsi korporasiyası qoşulub.
Başqa sözlə, TEİAŞ iştirakçı ölkələrin elektrik şəbəkəsi operatorları ilə texniki koordinasiyanı dəstəkləyir. Məqsədlərdən biri elektrik birləşdiricilərinin - şəbəkələrarası enerji axınlarını asanlaşdıracaq yüksəkgərginlikli elektrik xətlərinin yaradılmasıdır.
Layihəyə Türkiyənin EPİAŞ enerji birjası və Türkiyə Enerji Bazarını Tənzimləmə İdarəsi (EPDK) da cəlb olunub.
"Beləliklə, elektrik enerjisi mübadiləsi şəbəkələrinin təkmilləşdirilməsi ilə yanaşı, EPİAŞ xətti ilə genişmiqyaslı təşəbbüs üçün kommersiya bazası yaradılır", - deyə nəşr Türkiyənin hazırda əməliyyat həcminə görə Avropada üçüncü ən böyük elektrik enerjisi birjasına malik olduğunu xatırladaraq qeyd edir.
Nəhayət, EPDK elektrik enerjisi ticarəti üçün hüquqi çərçivənin hazırlanması kontekstində təşəbbüsə töhfə verir. Bu təşkilat Türkiyənin iştirak etdiyi beynəlxalq layihələrdə fəal rol oynayır.
Qəzet yekun olaraq bildirir ki, "Elektrik TANAP" layihəsi sayəsində Türkiyə təkcə neft və qaz deyil, həm də regionda elektrik enerjisi üçün təchizat dəhlizinə çevrilməyə hazırlaşır. Beləliklə, ölkə qlobal enerji ticarət bazarındakı mövqeyini də gücləndirir.
Flora SADIQLI,
"Azərbaycan"