TAP-la mavi
yanacaq nəqlinin bu ilin payızında başlanması gözlənilir
"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan
Trans-Adriatik Qaz Boru Kəmərinin çəkilişi davam edir və işlərin 95 faizə qədəri
artıq yerinə yetirilib. Layihə üzrə kapital xərcləri 4,5 milyard avro olan bu kəmər
Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın
ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə
20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə hələ ötən ilin noyabr
ayında başlanıb. Kəmərin Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası
arasında olan xəttinin iki kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru
kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi sayılır. Qazın boru kəməri
sisteminə daxil edilməsi "Şahdəniz-2”dən çıxarılan mavi yanacağın Avropaya tədarükünün
başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin
bu ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissə tam istifadəyə veriləndən və
sınaqdan keçiriləndən sonra gözlənilir.
Təbii qazın tədricən boru kəmərinin Yunanıstan
marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə
nəql edilməsinə başlanacaq.
Layihənin operatoru olan TAP AG şirkətinin
yaydığı məlumata görə, kəmərin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir,
borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq
örtüyü bərpa olunur.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə
10 milyard kubmetr olan ilkin layihə üzrə biri Yunanıstandakı Kipoi, digəri isə
Albaniyanın Fier məntəqəsində olan kompressor stansiyalarının inşası tamamlanıb.
Bununla yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının
tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti
işlərinin təqribən 70 faizi başa çatıb.
Boru kəmərinin inşası çərçivəsində Albaniyada
tikinti işləri tamamlanmaqdadır. "Saipem” şirkətinin "Castoro 6” borudüzən gəmisi
İtaliyanın San Foka bölgəsində işlərə başlayıb. Bu nəhəng gəmi TAP-ın Adriatik dənizindəki
105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək olan xətdə boruları inşa
edəcək.
TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada
boruların tikintisinə başlanıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin
inşası tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin
yekunlaşması üzrə işlər davam edir. TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik
hissəsində boruların 3 kilometri xəndəyə endirilib.
Yunanıstan, Albaniya və İtaliyada boruların
99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb,
xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb. Yunanıstan, Albaniya və İtaliyada
boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib.
TAP konsorsiumu təbii qaz tədarükçülərinin
maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı
mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Xatırladaq ki, TAP "Şahdəniz-2” qazını CQBK
(Cənubi Qafqaz Boru Kəməri) və TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edərək
Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi
dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında
1800 metr hündürlükdən keçir.
TAP kəməri TANAP-la birləşəcək və Yunanıstanın
Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan
və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru
uzanacaq və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Burada kəmər İtaliyanın
TAP "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.
TAP layihəsi İtaliya torpağında sona çatsa
da, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya
çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın altı səhmdarından üçünün - BP, SOCAR
və "Snam S.p.A.”nın hər biri layihədə 20, "Fluxys” 19, "Enagas”16, "Axpo” isə 6
faizlik payla iştirak edir.
Flora SADIQLI,
"Azərbaycan”