Neft Daşları
unikal sənaye obyekti olaraq dünyada ilk dəniz neftinin hasil edildiyi məkandır.
"Neft Daşları”
yatağı Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən
110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları”
Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunur. İdarənin istismar
etdiyi digər yataq "Palçıq Pilpiləsi”dir. İndiyədək bu yataqlarda 2286 quyu qazılıb,
185 milyon 710 min ton neft, 14 milyard 327 milyon kubmetr qaz hasil edilib.
"Möcüzələr
adası” adını almış bu məkan polad dirəklər üstündə qərar tutan əfsanəvi dəniz şəhəri
kimi 70 ildir dünyanı heyrətə gətirir.
"Neft Daşları”
bir müəssisə kimi şöhrətini qoruyaraq köhnə yataqlarda hasilatı nəinki sabit saxlamağa,
hətta artırmağa nail olur.
"Neft Daşları”
dərinliyindəki zəngin qara qızıl sərvəti ilə Azərbaycana hələ çox töhfələr verəcək.
"Yeddi gəmi adası”
Xəzər dənizi
akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrə təsadüf edir. Neft
Daşlarının təbii yanacaq sərvətləri haqqında akademik Q.V.Abix hələ 1863-cü ildə
məlumat verib. Burada XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar
aparılıb. 1943-1944-cü illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının
sessiyalarında Pirallahı adasında böyük neft yatağının, Çilov adasında və "Qara
daşlar”da neft təzahürünün olması barədə məruzələr edilib.
1945-ci ildə
geoloq Ağaqurban Əliyevin başçılığı ilə SSRİ Elmlər Akademiyasının ekspedisiyası
"Neft Daşları”nın tədqiqatına başlayır və bu iş 1948-ci ilə qədər davam edir.
Lakin istər
Bakıda, istərsə də Moskvada kəşfiyyat və qazma işlərinin aparılması əleyhinə çıxan
qüvvələr işə mane olmağa cəhd göstərirlər. Bunlar əlbəttə ki, erməni millətinin
rəhbər dairələrdə oturan nümayəndələri idi. Lakin geologiya-mineralogiya elmləri
doktoru, professor Ağaqurban Əliyev Azərbaycanın görkəmli alim və mütəxəssislərinin
müdafiəsi və respublika rəhbərliyinin dəstəyi ilə Neft Daşlarının işlənməsi təklifinin
qəbul edilməsinə nail olur.
Neft dənizin
dibindən baş qaldırıb bir hissəsi suyun üzərinə çıxan qara daşlar yaxınlığında müşahidə
olunduğundan buranı ilk vaxtlar "Qara daşlar” adlandırıblar. Böyük neft təşkilatçısı
Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı geoloq
Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş
7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar”ın yanında basdırılıb. Bundan sonra
ərazini "Yeddi gəmi adası” adlandırmağa başlayıblar. Bu qeyri-adi ada Xəzərin fatehlərini
fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad
nöqtəsinə çevrilib.
1948-ci ilin
sonunda ilk quyunun qazılacağı yer təyin edilir. 1949-cu ilin əvvəlində Neft Daşlarına
Bakı vaqon təmiri zavodunun hazırladığı ilk ev gətirilir. Həmin ilin aprel ayında
buruğun, daha sonra qazma avadanlığının quraşdırılmasına
başlanır və bu iş tezliklə sona çatdırılır. Kəşfiyyat Qazma İdarəsi rəhbərinin əmri
ilə Mixail Kaveroçkin ilk qazma briqadasının ustası təyin edilir. İyunun 24-də isə
birinci kəşfiyyat quyusunun qazılmasına başlanır.
Quyudan götürülən
nümunələr debiti 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasını xəbər verir.
Beləliklə, 1949-cu il noyabrın 7-də Xəzərin açıq qoynunda ilk neft quyusu fontan
vurur. Ertəsi gün "YAK-6” kateri ilə buraya SSRİ-nin və Azərbaycanın bir qrup rəhbər
işçisi, alim və mütəxəssisi gələrək neftçilərin sevincinə şərik olur.
70 il əvvəlin
təqvimindəki 7 noyabr günü sonralar Neft Daşları adını almış mədən-şəhərin "doğum
günü” olmaqla bərabər, həm də tarixə dünyada dəniz nefti erasının başlandığı gün
kimi düşüb.
Xəzərlə ülfət bağlayanlar
1951-ci ildən
"Neft Daşları”nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi”nin sənaye əhəmiyyətli işlənməsinə
başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır.
"Neft Daşları” NQÇİ-nin hər iki yataqdan ümumilikdə qalıq çıxarıla bilən neft ehtiyatı
23 milyon 577 min ton təşkil edir.
İstismar quyu
fondu 520 quyudan ibarətdir. Onlardan 504-ü fəaliyyətdə olan quyulardır. İdarənin
gündəlik neft hasilatı 3014 ton təşkil edir. Son dövrlərdə göstəricilər ildən-ilə yaxşılaşır. Ötən 5 ilə aid rəqəmlər
bunu bir daha təsdiqləyir. Belə ki, idarədə 2013-cü ildə 820, 2014-cü ildə 838,
2016-cı ildə 907, 2017-ci ildə 924, 2018-ci ildə 945 min ton neft hasil olunub.
Qazçıxarmada keçən il son onilliklərin ən yüksək göstəricisi qazanılıb - 83 milyon
kubmetr hasil edilib. Cari ilin 9 ayında da tapşırıqlara artıqlaması ilə əməl olunub.
721 min ton neft, 66 milyon kubmetr qaz çıxarılıb.
Bütün bunlar
Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar
əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin
nəticəsidir.
...Estakadalar
sağdan-soldan bir-birinə calanaraq açıq dənizdə müxtəlif istiqamətlərə doğru şaxələnib.
Uzaqdan baxanda onlar yollara bənzəyir. Amma bunlar adi yollar deyil. Sularla əhatə
olunduqları üçün hər iki yandan polad məhəccərlərlə örtülüb. İndi dəniz şəhərindəki
bu bənzərsiz yolların uzunluğu 200 kilometri ötür.
Estakadalar
boyunca rəngbərəng borular uzanır. Bu yaşıl, mavi, qırmızı, sarı, ağ boruların təyinatları
da müxtəlifdir. Biri neft, digəri qaz, üçüncüsü lay suları daşıyır. Başqa biri ehtiyat
xətdir. Onlara estakadaüstü kəmərlər də deyirlər. Bir sözlə, bütün bunların hamısını
neftçilər özləri daha yaxşı bilirlər.
Bu da neftçilər...
Operatorlar, ustalar, qazmaçılar, təmirçilər, inşaatçılar. Hərə öz işi ilə məşğuldur.
32 ildir Neft
Daşlarında çalışan Murad Adıgözəlov dənizdə neft-mədən hidrotexniki qurğular sahəsinin
rəis müavinidir. Deyir ki, düşünməyin, Neft Daşları qocalır. O bir yandan yaşa dolduqca,
bir yandan gəncləşir. Sıradan çıxan qurğular təzələnir, yəni yeni estakadalar, meydançalar
tikilir.
Son 5 ildə
"Neft Daşları” yatağında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı
meydançalar, ümumi uzunluğu 100 metrlərlə ölçülən estakadalar inşa edilib. Növbəti
5 il ərzində "Neft Daşları” və "Palçıq Pilpiləsi” yataqlarının hər birində dörd meydançanın tikintisi planlaşdırılıb. Bütün qurğuların
saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların
ərazisində cari təmir işləri də həyata keçirilir.
İkinci neft
və qazçıxarma sahəsinin ustası Namiq Səmədov əlavə edir ki, bu cavanlaşma kollektiv
üzvlərinin tərkibində də özünü göstərir. Məsələn, onun işlədiyi sahədə həm yaşlı,
həm cavan neftçilər çalışır. Təcrübəli işçilər öz səriştə və bacarıqlarını səxavətlə
gənclərə ötürürlər. Burada hamı bir-birinə kömək, arxa-dayaqdır. Elə bu birliyin
nəticəsidir ki, 2-ci sahədə də tapşırıqlar artıqlaması ilə yerinə yetirilir. Yeri
gəlmişkən, sahənin sutkalıq neft hasilatı planı 368 tondur.
Dəniz neftçilərinin
dostluğu möhkəm, yoldaşlığı etibarlı olur. Dəli-dolu Xəzər onları çox sınaqdan keçirir.
Elə burada da həmin fədakar neftçilərdən daha bir neçə nəfəri ilə - qara qızılı
dənizin dərin qatlarından üzə çıxarmaq üçün qazma işləri aparan insanlarla, qazmaçılar
Niftalı Abbasov, Oqtay Rzayev, qazmaçı köməkçisi Rüstəm Nəzirovla rastlaşırıq. Bura
son illərdə tikilən meydançalardan biri - 331 nömrəli meydançadır. Qazmaçılar burada
artıq 3 yeni quyu qazaraq mənimsəyib, 4-cü quyuya keçiblər.
Həmsöhbət
olduğumuz bu insanların hər biri özlərinin neçə-neçə həmkarının adlarını çəkir,
işləri, cəsurluqları barədə danışırlar. Hamısının adını, soyadını yazmaqla siyahı
bitən deyil. Odur ki, Neft Daşlarındakı tibb-sanitar hissəsində həkim-oftalmoloq
işləyən Məlahət Cabbarovanın sözlərini fikrimizə söykək tuturuq: "Neft Daşlarında
işləyən qardaşlarımızın hərəsi bir qəhrəmandır. Bir ömrün yarısını açıq dənizin,
özü də Xəzər kimi bir coşqun dənizin qoynunda keçirmək asandırmı? İradəsi möhkəm,
məqsədi aydın olmayan kəs buradan elə birinci qasırğanı görəndən sonra çıxıb gedər...”
Qalanlar isə
Xəzərlə ülfət bağlayan, dənizi seçənlər və dənizin seçdikləridir.
Unudulmaz xatirələr
Ulu Öndər
Heydər Əliyev dəniz neftçilərinə həmişə qayğı göstərirdi. Hələ 1967-ci ildə təhlükəsizlik orqanlarında rəhbər
vəzifədə işləyərkən Heydər Əliyev Neft Daşlarına gəlmiş, müdafiə, təhlükəsizlik
məsələləri ilə bağlı mühazirələr oxumuş, fərdi söhbətlər aparmışdı. Neft Daşları
rəhbərliyi ilə görüşərək klubda, kitabxanada, yaşayış evlərində olmuş, neftçilərin
şəraiti, məişəti, istirahəti, asudə vaxtının təşkili ilə maraqlanmışdır.
1969-cu il
avqust plenumunda Heydər Əliyevin təklifi ilə Azərbaycan KP MK-nın neft sənayesinin
inkişafını sürətləndirmək tədbirləri barədə qəbul etdiyi qərar respublikada "qara
qızıl” hasilatının enmə tempinin qarşısını almaq üçün geniş proqram müəyyənləşdirdi.
Neftçilər qürurla qeyd edirlər ki, bundan sonra Neft Daşları da yeni inkişaf mərhələsinə
qədəm qoydu.
O zaman "Neft
Daşları” Neft və Qazçıxarma İdarəsinin tərkibində istismar olunan "Günəşli” yatağında
ilk quyuların qazılması, ilk platformanın qoyulması, daha dərin yerlərdə özüllərin
qurulmağa başlaması və digər önəmli işlər dəniz neftində inqilab yaratdı.
1972-ci ildə
respublikanın rəhbəri Heydər Əliyev başda olmaqla böyük bir nümayəndə heyəti Neft
Daşlarına gəldi. Kiyev Şəhər Partiya Komitəsinin birinci katibinin rəhbərlik etdiyi
heyət də bu tərkibdə idi. Neft Daşlarında gözəl tədbir düzənləndi. Ulu Öndərin ömür-gün
yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə görüşlər, səmimi söhbətlər neftçi qadınların
ürəyincə oldu, uzun müddət xatirələrdən silinmədi.
1975-ci ildə
Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd olunması barədə qərar
qəbul etdi. Yubiley təntənələri 1975-ci il iyunun 17-də keçirildi. Ümummilli Lider
Heydər Əliyev və digər nümayəndələr "Möcüzələr adası”na gəmi ilə gəldilər. Gəmi
meydançasında neftçilər Ulu Öndəri böyük sevinclə, gül-çiçəklə qarşıladılar. Heydər
Əliyevlə birlikdə SSRİ Neft Sənayesi naziri V.A.Şaşin, respublikamızın nümayəndələri
və incəsənət ustalarından ibarət böyük bir dəstə gəlmişdi.
Mitinqdə Heydər
Əliyev çıxış edərək dəniz neftinin tarixindən, neftçilərin uğurlarından ətraflı
söhbət açdı, qabaqcılların təltifat mərasimini keçirdi. Ulu Öndər elə oradaca yenicə
bünövrəsi qoyulmuş beşmərtəbəli yaşayış binalarının inşasını sürətləndirmək barədə
əlaqədar təşkilatlara göstəriş verdi. Neft Daşlarında söylənən bütün təklif və qeydlərə
həssaslıqla yanaşan Ulu Öndər məsələlərin həllinə dair konkret tapşırıqlar verdi.
O cümlədən, neftin sahilə boru xətti ilə nəql olunması, elektrik stansiyasının tikilməsi
və digər əhəmiyyətli məsələlər Ümummilli Lider Heydər Əliyevin köməyi ilə öz müsbət
həllini tapdı.
Yubiley tədbirləri
ertəsi gün Bakıda, indiki Heydər Əliyev Sarayında davam etdirildi.
1999-cu ildə
Neft Daşlarının 50 illiyi artıq müstəqil ölkəmizdə böyük təntənə ilə qeyd olundu.
Neft Daşlarına
bu münasibət Azərbaycan dövlətinin bugünkü iqtisadi siyasətində, Prezident İlham
Əliyevin dəniz şəhərinin inkişafına və onun əməkçilərinə göstərdiyi qayğıda öz təcəssümünü
tapır. Neft Daşlarının 55 və 60 illik yubileylərində dövlət başçısı polad özüllər
üzərində qurulmuş şəhərin, fədakar neftçilərin qonağı olmuş, 65 illik yubileyində
isə "Möcüzələr adası”nın əməkçilərinin böyük bir dəstəsini yüksək mükafatlarla təltif
etmişdir.
Onlar bu qayğıya layiqdirlər
Azərbaycan
dövləti neftçi əməyini yüksək dəyərləndirir. Prezident İlham Əliyev demişdir: "Neft Daşları Azərbaycan xalqının, Azərbaycan
dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər
bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi
peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir
və bundan sonra da belə olacaqdır”.
Bu, özünü
onlar üçün yaradılan iş və məişət şəraitində də aydın göstərir. Ətraf mühitin ekoloji
təmizliyinə, işçilərin təhlükəsizlik şəraitində çalışmasına böyük diqqət göstərilir.
Onların hamısı xüsusi geyimlə təchiz edilib.
Neft Daşlarında
"Xəzər İaşə” MMC-nin yeməkxanası və çörək zavodu fəaliyyət göstərir. Neftçilər yeməkxanadan
səhər, günorta və axşam məmnuniyyətlə istifadə edirlər. Yeməklərin və çörəyin keyfiyyətindən
çox razıdırlar. Deyirlər ki, hətta sahilə dönəndə buradan evlərinə də "dəniz çörəyi”
alıb aparmaq istərdilər...
İşdən yorğun
qayıdan neftçiləri 5 və 9 mərtəbəli yataqxanalarda işıqlı, səliqəli otaqlar gözləyir.
Hər birində soyuducu, kondisioner, televizor quraşdırılıb. Yataqxanalara gecə-gündüz
fasiləsiz olaraq isti və soyuq su verilir.
Neft Daşlarında
- bir qarış torpağı olmayan ərazidə yamyaşıl park salınıb, cürbəcür gül-çiçək əkilib.
Əlbəttə, qurudan torpaq gətirməklə... (Bu da "Möcüzələr adası”nın daha bir möcüzəsi).
İstirahət
saatlarında ikimərtəbəli "Çay evi”, qapalı idman zalı neftçilərin üzünə öz qapılarını
geniş açır.
Sosial şöbənin
əməkdaşı Rahin Abbasov təkcə bu ilin əvvəlindən işçilərin rahatlığı üçün görülən
tədbirlərdən danışdı:
- Bütün ərazidə,
o cümlədən yataqxana korpuslarında, işçilərin sərnişin gəmisinə minib-düşmə meydançalarında
təmizlik işləri aparılıb, 400 qızılgül kolu alınaraq mərkəzi parkda basdırılıb.
Neft və qazçıxarma sahələrinə, stasionar dəniz özüllərinə ehtiyaclarından asılı
olaraq əşya və avadanlıqlar, məsələn, elektrik samovarı və sobası, su dispenseri,
soyuducu, yataq dəstləri və s. verilib. Yeməkxana üçün soyuducular, ətçəkən və şirəçəkən,
xəmiryoğuran cihazlar və s. alınıb. Dəniz şəhərinə doqquz ay ərzində gəmi ilə
64 min tona yaxın içməli su gətirilib. Bundan əlavə, ƏKS OSMOS qurğularında gündəlik
tələbata uyğun həcmdə dəniz suyu təmizlənərək və qızdırılaraq yataqxana korpuslarına
verilir.
Neft Daşlarında
bütün dövlət bayramları və milli bayramlar, tarixi günlər təntənə ilə qeyd edilir.
Bunlar neftçinin rahatlığı üçün həyata keçirilən tədbirlərin yalnız bir hissəsidir.
...Bu bənzərsiz
məkana hər gün yenə də vertolyotlar enir, gəmilər yan alır. Buradakı bütün qurğu
və tikililər kimi onlar da müasirləşib. Yaşının üstünə yaş gəldikcə dəniz şəhərində
neftçi nəsilləri dəyişir. Qurbanların, Mixaillərin, İsrafillərin, Bəxtiyarların
hünəri indi Firatların, İlqarların, Azərlərin, İsraillərin işində-əməlində yaşayır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsi adlandırdığı
Neft Daşlarının qəhrəmanlıq salnaməsi davam edir.
Flora SADIQLI,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”