Azərbaycan mətbuatı anlayışı özündə müstəqil Azərbaycan Respublikasında, bu gün Ermənistan, Gürcüstan və Rusiya Federasiyasının ərazilərində qalan azərbaycanlılara məxsus qədim torpaqlarda, Cənubi Azərbaycanda, həmçinin mühacirətdə buraxılan dövrü nəşrləri özündə ehtiva edir. Onlardan hər hansı birinin tədqiq olunmadığı halda, bütövlükdə Azərbaycan mətbuatının tam araşdırıldığını iddia etmək olmaz. Dövri nəşrlərin araşdırılması milli tarixin, o cümlədən istiqlal uğ-runda mücadilə və işğala qarışı mübarizə yolunun, Vətən sərhədlərinin, toponomiyanın, etnoqrafiyanın, mədəniyyətin, ədəbiyyatın, elmin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun, sosial-iqtisadi, siyasi proseslərin izlənilməsi, öyrənilməsi üçün etibarlı, mötəbər mənbədir. Kiçik bir misaldan sonra əsas mətləbə keçəcəyik.
44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra Ermənistanla münasibətlər yeni məzmun almışdır. Əbədi, əzəli torpaqlarımızda himayədarlarının maddi, mənəvi yardımı ilə özlərinə oyuncaq dövlət quran mənfur qonşuların çirkin iddiaları onlara Ermənistan Respublikasının Azərbaycanın tarixi ərazisində yaradıldığını tez-tez xatırlatmağı labüd edir. Əlbəttə, bunun üçün kifayət qədər tarixi sənədlər, arxiv materialları var, hərçənd ki, erməni qəbiləsi saysız-hesabsız maddi-mədəni abidələrimizin çürük, mifik, saxta, heç bir perspektivi olmayan ideoloji baxışlarını təsdiq etmək, həyata keçirmək məqsədilə yerlə yeksan etmişlər. Bununla belə, vaxtilə İrəvanda buraxılan dövri nəşrlər, o cümlədən "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə nəşr olunmuş "Ləklək" ("Leylək") satirik jurnalı (1914) və elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisadi, tibbi istiqamətdə fəaliyyət göstərən "Bürhani-həqiqət" məcmuəsi (1917), "Cavanlar şurası" (1917), "Kommunist" (1921), "Rəncbər" (1921-1922), "Zəngi" (1924-1927), "Qızıl Şəfəq" (1927-1937), "Kommunist" (1937-1939), "Sovet Ermənistanı" (1939-1989) inkarolunmaz həqiqətlərin güzgüsüdür. Həmin nəşrlərin tədqiqi indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində mövcud olmuş, lakin erməni vəhşiliyi, vandalizmi və barbarlığı nəticəsində dağıdılmış tarixi abidələrin, mədəni, ədəbi irsimizin üzə çıxarılması, dilimizin zənginliyi, adət-ənənələrimizin gözəlliyi, maarifçilik hərəkatının yayılması istiqamə-tində həyata keçirilən tədbirlərin qeyd-şərtsiz təsdiqidir. Müstəqil Azərbaycanın regionda və bütün dünyadakı hazırkı siyasi nüfuzu, iqtisadi, hərbi gücü Qərbi Azərbaycanın ədəbi-bədii, mətbu irsinin yenidən, obyektiv tədqiqi, dəyərləndirilməsi, bu coğrafiyada baş verən olaylara tarixi qiymət verilməsi və uyğun nəticələr çıxarılması üçün münasib şərait və imkanlar yaratmışdır. Üzdəniraq qonşularımızın Qərbi Azərbaycanla bağlı milli, maddi sərvətimizi mərhələ-mərhələ dağıtdığını, tariximizi saxtalaşdırdığını, ona qərəzli münasibət bəslədiyinə baxmayaraq, əminliklə söyləmək olar ki, tarixin dərinə işləmiş kökünü məhv etmək mümkünsüzdür. Vəzifəmiz, qədim yurdumuzda uyuyan babalarımı-zın ruhu və gələcək nəsillər qarşısında borcumuzun yerinə yetirilməsi, itirilmiş izimizin üzə çıxarılması, ulu torpağımıza qayıdışımızın ideoloji, hüquqi, siyasi zəmininin hazırlanmasıdır. Eyni sözlər, respublikamızdan kənarda - digər əzəli, qədim torpaqlarımızda da ərsəyə gətirilmiş mədəni sərvətlərimizin araşdırılması və dəyərləndirilməsi üçün də keçərlidir.
O ki, qaldı mühacirət mətbuatına - Azərbaycan dövri nəşrlərinin istiqlal uğrunda inadla, inamla mücadilə edən, işğala qarşı amansız sərt, mübarizə aparan qoluna - onun naşirləri, mühərrirləri sovet hakimiyyəti illərində - 70 il ərzində rejim və kommunist ideologiyası ilə daban-dabana zidd mövqedə durduğundan, ümumiyyətlə, tədqiq olunmamış, diqqətdən kənar saxlanılmışdlr. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa, özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi bəyan etdikdən sonra mühacirətdəki ədəbi irsimizin, mətbu orqanların da obyektiv, qərəzsiz, ardıcıl və sistemli araşdırılması, layiqincə dəyərləndirilməsi prosesi başlanıldı. İndiyədək mühacirət mətbuatına dair çox sayda elmi məqalələr, monoqrafiyalar qələmə alınsa da, gənc tədqiqatçılar qarşısında bu sahənin öyrənilməsi istiqamətində mühüm vəzifələrin durduğunu qeyd etməliyik.
İstiqlal ideologiyasının bayraqdarı mühacirət mətbuatı nümunələrinin missiyası, proqramı, ideya istiqaməti, məzmunu, dili, əlifbası, üslubu, sənətkarlıq məziyyətləri, maddi sıxıntıları, naşirləri, əməkdaşları, onların həyat və düşüncə tərzi, mətbu orqanların nəşr tarixi və yerləri, sayı, yayılma arealı aktual, maraqlı və təxirəsalınmaz tədqiqat problemidir. Mühacirət mətbuatı nümunələri haqqında icmal səpkili material dediklərimizi təsdiqləyir. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifi ölkənin mətbuatşünaslıq tarixində ilk dəfə Azərbaycan mühacirət mətbuatı haqqında araşdırmalarını iki hissədən ibarət monoqrafiya (bax: Abid Tahirli. Azərbaycan mühacirət mətbuatı. I hissə, Bakı, "QAAP-Poliqraf" Korporasiyası, 2002, 160 s.; Azərbaycan mühacirət mətbuatı. II hissə, Bakı, "Ozan", 2003, 276 s.) və "Azərbaycan mühacirət mətbuatı (1921-1991)" adlı məlumat-soraq kitabını nəşr etdirmişdir. (Bakı, "Çinar - Çap" 2007, 182 s.). Mətbuatımızın 150 illiyi ərəfəsində istiqlal uğrunda mücadilənin, işğala qarışı mübarizənin salnaməsi hesab etdiyimiz mühacirət mətbuatı haqqında icmal səpkili materialı oxucuların diqqətinə təqdim edirik. Onu da vurğulamağı lazım bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk mühacir mətbu orqan hesab etdiyimiz "Molla Nəsrəddin" jurnalının Təbriz nömrələrində (Tahirli A. Azərbaycan mühacirət mətbuatı və digər nəşr-ləri. Ədəbiyyat məcmuəsi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. 18-ci cild. Bakı, 2004.; Bir daha mühacirət mətbuatının tarixi haqqında. Bakı Universitetinin Xəbərləri: Humanitar elmlər seriyası, № 4, 2007, s.187-192) istiqlal mövzusu yer almadığından bu nəşr barədə burada bəhs etmirik.
"Yeni Qafqasya" dərgisi (1923-1927)
Dərgi 1923-cü il sentyabr ayından 1927-ci ilin dekabrınadək Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə, Azərbaycan dilində Türkiyə türklərinin də anlaya biləcəkləri ortaq bir dildə və üslubda nəşri fəaliyyətə başlamışdır. İstedadlı publisist Mirzə Bala Məhəmmədzadənin "yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün türklərin məcmuəsi" adlandırdığı "Yeni Qafqasya" nisbətən az ömürlü olsa da, istiqlalçılıq, türkçülük ideyaları ilə süslənmiş dərgi sovet rejimini ciddi təşvişə salır, narahat edirdi. Təsadüfi deyil ki, Sovet İttifaqının rəsmi dairələri mühacirlərin nəşri fəaliyyətinin dayandırılmasını və Azərbaycan mühacirlərinin ölkədən çıxarılmasını Türkiyə Cümhuriyyətindən israrla dəfələrlə tələb etmişdir. Ankarada çıxan "Azərbaycan" jurnalı özünün 1952-ci ilin sentyabr tarixli 6-cı nömrəsində öz sələfi haqqında yazacaqdır: "Yeni Qafqasya" özündən sonra gələn bütün milli nəşriyyat orqanlarının piridir, dost və düşmən tərəfindən böyük ilgi ilə qarşılanmışdır".
"Yeni Qafqasya" öz proqramını maddələr şəklində belə ümumiləşdirmişdir: "1."Yeni Qafqasya" milliyyətçi, radikal və demokratdır. 2. "Yeni Qafqasya" Türkçüdür. Türklərin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir. 3. "Yeni Qafqasya" türk davasının azəri cəbhəsini müdafiəyə mükəlləf Azərbaycan istiqlalçılarının ümumi fikridir. 4. "Yeni Qafqasya" Qafqaz millətlərinin Rusiya əsarətindən xilas olmasını və baş verə biləcək Rusiya istilasına qarşı mü-vəffəqiyyətlə durmasını təmin üçün Qafqazın konfederasiya şəklində birləşməsi tərəfdarıdır. 5. "Yeni Qafqasya" yalnız azərbaycançılıq, türkçülük və qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını da, məqbul hesab etdiyi ictimai fikri mənimsəmiş, Şərqin radikal bir surətdə müasirləşməsini bütün səmimiyyəti ilə gələcək fəaliyyəti üçün seçmişdir; 6. "Yeni Qafqasya" xüsusilə Rusiya imperializminə qarşı mücadilə edir, o, çarizmi olduğu qədər bolşevizmi də türk dünyası üçün zərərli və Qafqaza düşmən görür". "Yeni Qafqasya"nın 95 nömrəsi buraxılmışdır. Məcmuədə "Sahibi-imtiyaz və müdiri-məsul Seyid Məhəmməd Tahir "yazılsa da, nəşrin bütün yükünü, əsasən, M.Ə.Rəsulzadə çəkmişdir.
Qeyd etmək yerinə düşər ki, dərginin bütün dəsti kitab şəklində Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə nəşr olunmuşdur ("Yeni Qafqasya". 4 cilddə. 1923-1927-ci illər. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., İstanbul, 2018).
"Azərbaycan" məcmuəsi (1926)
Məcmuə 1926-cı ildə Parisdə nəşrə başlamışdır. Azərbaycan Türk Federalist Demokratik Müsavat Partiyasının orqanıdır. Birinci nömrəsindəki "Məqsədimiz" adlı proqram məqaləsində yazılır: "İlk dəfə işıq üzü görən "Azərbaycan", necə deyərlər, mübarizə aparan Azərbaycanın əks-sədasıdır. Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olması ilə fəxr edir". Məqalədə daha sonra Azərbaycanın 1918-ci ildə müstəqillik elan etdiyi, sözün tam mənasında, Şərqdə ilk müasir tipli hökumət yaratdığı, bununla da, demokratiyanın müqəddəs prinsiplərinə sadiq qaldığı qeyd olunur.
Böyük çətinliklərə baxmayaraq, Azərbaycan qısa zamanda öz ordusunu, dövlət orqanizmini, sivil təşkilatları yaratmağa müvəffəq olmuş, digər dövlətlər tərəfindən tanınmasını təmin etmişdir. Məqalədə deyilir: "Artıq 6 ildir ki, bu kiçik, lakin cəsur xalq qəsbkarların vəhşiliyi ilə tarixdə analoqu olmayan istilaçıların əsarətindədir. 6 ildir ki, Azərbaycan xalqı bütün gücü ilə işğalçılara qarşı amansız mübarizədən yorulmur, geri çəkilmir. Bu mübarizənin gərginliyi haqqında təsəvvür əldə etmək üçün rəsmi bolşevik statistikasına nəzər salmaq kifayətdir: 1918-ci ildən 1924-cü ilədək 56 üsyan yatırıl-mışdır ki, onların sırasında Gəncə üsyanı xüsusilə məşhurdur". Bütün kədərli notlara rəğmən məqalə nikbin ruhda qələmə alınmışdır və azadlıq düşmənlərinə xəbərdarlıqla davam etdirilir: qoy onlar düşünməsinlər ki, azərbaycanlılar bu vəziyyətlə barışacaqlar. Müstəqilliyə məhəbbət, hər bir gəncin qəlbində alovlanan azadlıq hissi onu yeni qəhrəmanlıq addımları atmağa sövq edir, səsləyir. Bu gün ÇEKA türmələri boşalmır, Sibir sürgünləri azalmır. Hər gün güllələnən günahsız insanların siyahısı qəlbləri sızladır. Bütün bu cəzalar, edamlar adamları qorxutmur, əksinə, onların mübarizə əzmini artırır.
"Azərbaycan" məcmuəsi xaricdə əcnəbi dildə buraxılan ilk mətbu orqan kimi böyük tarixi, si-yasi, ideoloji əhəmiyyət kəsb edir.
"Azəri türk" məcmuəsi (1928-1930)
Sovet rəhbərliyinin ciddi təzyiqlərindən sonra İstanbulda nəşrini dayandıran "Yeni Qafqasya"dan az müddət sonra mühacirlər "eyni proqram və eyni hərarətlə" (Mirzə Bala Məhəmmədzadə) 1928-ci il fevralın 1-də ayda iki dəfə "Azəri türk" məcmuəsini nəşrə başladılar. Jurnalın məsul müdiri Məhəmməd Sadıq Axundzadə, baş redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi. "Yeni Qafqasya"nın varisi kimi intişar edən "Azəri türk" özünü "elmi, ədəbi, ictimai, siyasi millətpərvər məcmuə" adlandırırdı və bəyan edirdi ki, "Azərbaycan istiqlalı davasını müdafiə edir", "türk ölkələrinin qurtuluş və istiqlallarını digər məsələlərdən üstün tutur", "xüsusi ilə ruslaşdırma ilə mücadilə edir", "Qafqaz millətlərinin Rusiya əsarətindən qurtuluşuna və Rusiyanın istilasına qarışı birləşməsinə tərəfdardır". Cəmi 32 nömrəsi buraxılan məcmuə 1928-ci ilin sonunadək ərəb (20 nömrə), 1929-cu ildən bağlananadək (1931) isə 1928-ci ildə Türkiyə Cümhuriyyətində qəbul olunmuş latın əlifbası ilə (12 nömrə) nəşr olunmuşdur. İstiqlal və onun qəhrəmanları, işğalın, kommunist ideologiyasının, sovet həyat tərzinin tənqidi, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərinin ifşası, beynəlxalq münasibət-lər, qürbət həyatının acıları, Vətən həsrəti məcmuənin əsas mövzuları idi.
"Azəri türk"də də əsas yük M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Məmməd Sadıq Aran üzərinə düşürdü.
"Yaşıl yarpaq" jurnalı (1928)
"Əməlpərvər azərilərin müavinəti kəliməsiylə" İstanbulda on beş gündən bir çıxan məcmuə özünü "ictimai, siyasi, müstəqil əfkar milliyyətpərvər" adlandırırdı. Birinci nömrəsi 1 iyul 1928-ci ildə olmaqla cəmi 3 nömrəsi işıq üzü görmüşdür. Məcmuəyə Məhəmməd Sadıq baş redaktorluq edirdi. O, M.Ə.Rəsulzadənin ünvanına ciddi ittihamlarla çıxış etsə də, məcmuə Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparmış, erməni cinayətlərini ifşa etməyi və milli mədəniyyətimizi tanıtmağı özünün başlıca missiyası hesab etmişdir.
"Odlu yurd" məcmuəsi (1929- 1931)
"Odlu yurd" - milli Azərbaycan fikrinin daşıyıcısı olaraq intişar edir. Bu intişarla o özündən əvvəl "Yeni Qafqasya" ilə "Azəri türk" məcmuələri tərəfindən gedilmiş ideal yolunu davam etmək əzmindədir" - cümlələrinin də əks olunduğu "Çöhrəmiz" adlı baş məqalə-proqramla, demək olar ki, əvvəlki yazı heyəti ilə birlikdə mücadilə meydanına atılan məcmuənin ilk nömrəsi 1929-cu ilin mart ayının 1-də latın əlifbasında işıq üzü görmüş, sonuncu - birləşmiş 30-31-ci nömrələri 1931-ci il 5-6 avqust tarixində buraxılmışdır. "Milli Azərbaycan fikriyyatını tərvic edən aylıq məcmuə" daimi başlığı ilə çıxan dərgi milli məfkurənin, milli idealın, milli bayrağın, hürriyyət və istiqlalın "Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ olduğunu" bəyan edir. "Milliyyətçi, xalqçı, cümhuriyyətçi, istiqlalçı" "Odlu yurd" jurnalının proqramında göstərildiyi kimi, dərgi müstəqil Azərbaycan Xalq Cümhuriyyəti məfkurəsini üstün tutur, müdafiə edir, türk xalqlarını bir-birinə tanıdır və xüsusilə türk dünyasının yeganə müstəqil cümhuriyyət Türkiyəsinə aid oxuculara məlumat verir, Qafqazın istiqlal və xilasını gözdə tutur və bunun reallaşması üçün qafqazlıları ümumi düşmənə qarşı ittifaqa ça-ğırır, Şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal davasını təyid (təsdiqləmək mənasında - T.A) və milliyyət mücadiləsini təbcil edər (uca tutar - T.A.).
"Odlu yurd"un ideya-məzmunu milli, maraqlı, mövzu dairəsi zəngin, çoxşaxəli, toxunduğu problemlər aktual, əhəmiyyətli, düşündürücüdür. Dərgi dərc etdiyi məqalələri mövzularına görə əsasən aşağıdakı kimi qruplaşdırır və təqdim edirdi:
- siyasət qismi;
- istila xatirələri;
- istila qurbanları;
- həvadis qismi;
- elm və ədəbiyyat qismi;
- Türkiyə həyatı;
- mətbuat və kitabiyyat.
M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Mustafa Vəkilli, Hilal Münşi, Mir Yaqub, A.Battal, A.Mir Qasım, Əhməd Cəfəroğlu, Cəfər Seid Əhməd, Y.Əli və başqaları dərginin əsas yazarları idi.
"Bildiriş" qəzeti (1930-1931)
"Həftəlik siyasi qəzet"in ilk nömrəsində nəşrin imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal, 1931-ci ilin iyunun 11-dən avqustun 13-dək məsul müdir B.Süleyman, sonrakı saylarda isə ümumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala olduğu qeyd edilir. Qəzet 7 avqust 1930-cu il tarixli ilk nömrəsində öz proqramı haqqında yazırdı: "Bu gündən itibaren her hafta muntazam intişar edəcek olan "Bildiriş" gazetesi Yaxın, Uzaq və Orta Şərqdə bilhassa türk dünyasında cereyan eden siyasi, milli harsı ve içtimai harekatlar haqqında mevsuk malumat vermekle türk efkarı umumiyyesini tenvire çalışacaktır. Türk dünyasının yegane müstakil devleti ve Şarkın yegane cumhuriyeti olan Türkiye'deki alemşümul islahat harekatini terviçle "Bildiriş" bu hususta ve Türkiye'nin alelumun iktisadi harsı, ede-bi ve içtimai yenilikleri haqqında okucularına malumat verecektir. "Bildiriş" Azerbaycan, Türkistan, Edil Ural, Şimali Kafkasya, Kırım, Gürcistan ve Ukrayna'da cereyan eden hadiseleri bildirmekle beraber Sovet Rusya'ya ait siyasi, iktisadi, içtimai hayat sayfalarını gösteren vakalar haqqında dahi karilerini tenvir edecektir. "Bildiriş" İran, Afgan, Hint gibi şark memleketleri haqqında malumat vereceği gibi, Mısır, Suriye, Filistin, Hicaz gibi Arap dünyasındaki vakaya ait dahi kendi sütunlarında yer verecek ve Avrupa'da cereyan eden muhum havadisi kaydetmeye çalışacaktır". İstanbulun "Orhaniyə" mətbəəsində buraxılan "Bildiriş"in 60 nömrəsi işıq üzü görmüşdür.
"Azərbaycan yurd bilgisi" jurnalı (1932-1934 və 1954)
Jurnal ayda bir nömrə olmaqla cəmi 36 nömrəsi (1932-1934) və 1954-cü ildə 37-ci - sonuncu nömrəsi buraxılmışdır.
Ədəbi-elmi, tədqiqat jurnalıdır. Bununla belə, jurnalın redaktoru prof. dr.Əhməd Cəfəroğlu "Azərbaycan yurd bilgisi"nin birinci nömrəsində dərc etdirdiyi "Bir neçə söz" adlı baş məqalədə yazırdı: "Jurnalın məqsədi və qayəsi yalnız mədəni sahədə tədqiqatlar aparmaqdan ibarət olmayıb, eyni zamanda Azərbaycan sevərlərə bu Vətəni tanıtmaqdır".
Azərbaycan dilində latın əlifbası ilə buraxılmışdır. İlk nömrələrində "Müdir dr. Cəfəroğlu Əhməd - Ədəbiyyat fakültəsində müdir müavini", "Müdir dr. Cəfəroğlu Əhməd universitetdə türk dili tarixi dosenti", sonralar "Müdir dr. Cəfəroğlu Əhməd", daha sonralar isə "Sahibi və müdiri Cəfəroğlu Əhməd" yazılmışdır.
Prof. dr. Köprülüzadə M.Fuat, prof. Ə.Z.Validi, dr. Hacızadə Mirzə, dr. Ağaoğlu Məhəmməd, asis. Əbdülqadir Süleyman redaksiya heyətinin üzvləridir.
Həsən Abdullaoğlu, Əbdülbaki, Abdulla Battal, Sadiq Babazadə, Mustafa Vəkilli, Məmməd Əli Rəsulzadə, Nağı Şeyxzamanlı (Keykur), M.Ə.Rəsulzadə və başqaları jurnalla əməkdaşlıq etmişlər.
İstanbulda 1932-1934 və 1954-cü illərdə 48 səhifə həcmində nəşr edilmişdir.
"İstiqlal" qəzeti
Milli Azərbaycan istiqlal davasını tərvic edən, on gündən bir çıxan siyasi qəzet, ikinci nömrəsindən, "İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarı ilə çıxmışdır. M.B.Məmmədzadə 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində "Qurtuluş" jurnalının mətbəəsində çap etdirdiyi "Milli Azərbaycan hərəkatı" adlı kitabında yazırdı ki, 1932-ci ildə Berlində "Yeni Qafqasya", "Azəri-türk", "Odlar yurdu" və "Bildiriş" redaksiyalarının iştirakıyla və eyni proqramla "İstiqlal" qəzeti nəşrə başlamışdır.
Qəzetin baş mühərriri (redaktoru) M.Ə.Rəsulzadə olmuşdur.
M.B.Məmmədzadə, Mir Yaqub Mirmehdiyev, Miralay İsrafil, Hilal Münşi və başqaları qəzetlə əməkdaşlıq etmişlər.
Qəzet Berlində Azərbaycan dilində latın əlifbası ilə 1932-1934-cü illərdə buraxılmışdır. "İstiqlal"ın cəmi 100-ə yaxın nömrəsi işıq üzü görmüşdür. Qəzet 4 səhifə həcmində A2 formatda nəşr edilmişdi.
"Qurtuluş" məcmuəsi (1934-1939)
"İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarı ilə 1934-cü ilin noyabrından Berlində nəşr olunmağa başlanmışdır.
Azərbaycan Milli Qurtuluş Hərəkatının aylıq orqanıdır. İki il ərzində nəşr edilmişdir. Redaktoru M.Ə.Rəsulzadədir.
M.B.Məmmədzadə, Mir Yaqub Mirmehdiyev, Hilal Münşi, Cəfər Seyid Əhməd, Kərim Yaycılı və bir çox müəlliflər "Qurtuluş"la əməkdaşlıq etmişlər. 1936-cı ilə kimi nəşr olunmuşdur.
Yeri gəlmişkən, qeyd edək ki, II Dünya müharibəsinin başlanılması ərəfəsində nəinki Azərbaycan, bütövlükdə sovet imperiyasından olan mühacirlərin nəşr, fəaliyyəti xeyli zəifləmiş, bir müddət sonra Hitler Almaniyası tərəfindən rəsmən yasaq edilmişdir. Həmin dövr mühacir nəşrlər bir-iki nömrə olmaqla müxtəlif adlar altında işıq üzü görmüşdür: "Milli Azərbaycan Müsavat Xalq Firqəsi" bülleteni № 1 (1936), "Açıq söz" (1936, 2 nömrə), "Kutlu od" (1936-1937, 2 nömrə), "Aydın yol" (1937, 1 nömrə), "Doğru söz" (1937, 2 nömrə), "Vətən diləyi" (1937, 2 nömrə), "Milli atəş" (1938, 1 nömrə), "Millət andı" (1938, 1 nömrə), "Yasamız" 317 (1938, 1 nömrə), "İlham qaynağı" (1938, 1 nömrə), "Müqəddəs Odlar ölkəsi" (1938, 1 nömrə), "Haqqın səsi" (1938, 1 nömrə), "Dilək" (1939, 4 nömrə), "Haqq" (1939, 1 nömrə), "Həmlə" (1939, 1 nömrə).
"Türk amacı" jurnalı
Aylıq türk kültür birliyi dərgisidir. 1 iyul 1942-ci il tarixli 1-ci nömrəsində "Bir neçə söz" adlı proqram məqalədə deyilir: "Hər bir millətin ən qiymətli mənliyi və varlığı, bilavasitə kültüründə olduğundan, nəşrinə başladığımız "Türk amacı"da türk kültür birliyinin yayıcısı və qaynağı olaraq türklüyə xidmət edəcəkdir".
İstanbulda buraxılan dərginin sahibi və müdiri prof. Əhməd Cəfəroğludur. Prof. dr. M.F.Köprülü, Əli Gəncəli, Qədircan Qaflı, dr. A.Z.Soysal, M.F.Toğay, Fəxrəddin Çelik, dr. Sadəddin Buluç, C.Brockelman, prof. dr. Dirt.Alanqu, S.Cəfəroğlu və başqaları jurnalla əməkdaşlıq etmişlər.
1942-1943-cü illərdə cəmi 8 nömrəsi buraxılmışdır.
Soydaşlarımızın digər sovet mühacirləri ilə ortaq nəşrləri
1930-1950-ci illərdə Parisdə buraxılan "Prometey", "Kafkaz", Münxendə nəşr olunan "Kafkasya", "Birləşik Kafjasya", "Dərgi" və s. jurnalları ilə M.Ə.Rəsulzadə, M.B. Məhəmmədzadə, Mir Yaqub Mehdiyev, Fuad Əmircan və başqa mühacir soydaşlarımız sıx əməkdaşlıq etmiş, bəzən də həmin nəşrlərin redaktoru kimi fəaliyyət göstərmişlər.
Legioner nəşrləri
Legionerlərin 1942-ci ildən Berlində nəşr etdikləri "Azərbaycan" qəzeti xüsusi ilə nüfuz qazanmışdır. Bundan başqa, legionerlərin "Nücum", "Milli Birlik" və s. kimi dövri nəşrləri də olmuşdur.
"Azərbaycan" (1952, Ankara)
II Dünya müharibəsi bitdikdən bir müddət sonra soydaşlarımızın bir qismi Türkiyəyə qayıtmağa və burada antisovet fəaliyyətlərini davam etdirməyə başladılar. "Azərbaycan" jurnalı 2 fevral 1949-cu ildə Ankarada əsası qoyulan Azərbaycan Mədəniyyət Dərnəyinin orqanıdır. "Türkləşmək, müasirləşmək, islamlaşmaq" şüarı ilə nəşrə başlayan jurnalın üz qabığında "Aylıq kültür dərgisi", sonra "Birlik dirilikdir" sözləri, daha sonra "Sahibi: Azərbaycan Kültür Dərnəyi", məsul müdir: dr.Əhməd Yaşat" yazılmışdır. Jurnalın üz qabığında Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xəritəsi verilmişdir. İlk nömrəsi 16 səhifə həcmində buraxılmışdır. "Nəşrə başlarkən" adlı proqram məqaləsində oxuyuruq: "Hələlik ayda bir dəfə nəşr ediləcək bu dərgi vasitəsilə dərnəyin 3 ili aşan çalışmaları haqqında müfəssəl məlumat verəcəyimiz kimi, Anadolu türklərinə bunca mənən və maddətən yaxın və qonşu olan Azərbaycan türklərinin tarixi, ədəbiyyatı, sənəti, teatr həyatı xüsuslarında yurddaşlara mümkün mərtəbə geniş bilgilər verməyə çalışacağıq. Elə hesab edirik ki, hər bir türk irqinin və qanının icabı olaraq yaxın və uzaq qardaşlarını heç olmasa, kültür baxımından tanımaq, tanıtmaq, öyrənmək və öyrətməklə mükəlləfdir. Türklüyün şanlı keçmişi kimi parlaq gələcəyi də bu tanıma və tanıtmağa bağlıdır".
İllər ötdükcə "Azərbaycan" jurnalı bir mədəni-ədəbi nəşrdən, həm də siyasi, ideoloji mücadilə orqanına çevrilirdi. Elə bunun nəticəsidir ki, 1952-ci ildə "kültür dərgisi" kimi işıq üzü görən jurnal dörd il sonra - 1956-cı ildə yazacaqdır ki, qayə və idealı olmayan bir dərgi ucuz qiymətli metala bənzəyir. Bizim dərgimiz başda Azərbaycan olmaqla, rus məhkumu bütün türklərin qurtuluş davasıdır. İdealımız məhkum türklərin qurtuluş davasıdır. İdealımız məhkum tüklərin xilas və səadətidir. Biz bunu milli istiqlal ülgüsünün gerçəkləşdirilməsində görürük".
1995-ci il yanvar-fevral tarixli 301-ci nömrəsində jurnalın baş redaktoru Əhməd Qaraca yazırdı: "... "Azərbaycan"ın bütün nömrələri bir yerdə Azərbaycan haqqında ensiklopediyadır. "Azərbaycan" türk kültür dərgisi mütləq milli davamıza xidmət etdiyinə görə bir abidə olaraq əbədiyyən yaşayacaqdır".
Jurnalın ilk redaktoru Əhməd Yaşat olmuş, sonrakı illərdə Abdul Vahab Yurdsevər, Əhməd Qaraca nəşrə rəhbərlik etmişdir.
Jurnalda M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.Cəfəroğlu, A.V.Yurdsevər, M.H.Türkəqul kimi qələm sahibləri ilə yanaşı, onlarca istiqlalçı mücahid ən müxtəlif mövzularda çıxış etmişlər.
"Azərbaycan" jurnalı (Münxen)
Münxendəki Azərbaycan Milli Birliyinin aylıq orqanı.
Azərbaycan dilində latın əlifbası ilə , rus dilində kirillə buraxılırdı. Jurnala Ceyhun bəy Hacıbəyli redaktorluq etmişdir. Əbdürrəhim Düdənginski Fətəlibəyli, Əkbərağa Şeyxislamov, Cahangir Kazımbəy, Əvəz Alpaut, Rza Tağı, İsmayıl Əkbər və digərləri jurnalla əməkdaşlıq edirdilər.
Almaniyanın Münxen şəhərində 1952-1953-cü illərdə buraxılmışdır.
"Türk izi" jurnalı (Aylıq türkçü dərgi)
Cəmi 25 nömrəsi çıxmışdır. Müsavat Partiyasına kəskin müxalifət mövqeyində durmuşdur. Azərbaycan dilində, latın əlifbası ilə buraxılmışdır.
Ankaradakı Azərbaycanlı Milliyyətçi Dərnəyinin orqanıdır. Müdiri Cengiz Gökgöldür. Niyazi Kürdəmir, Saffet Zərdabi, Hidayət Turanlı, A.Çəmbərəkəndli jurnalla əməkdaşlıq etmişlər.
1952-1963-cü illərdə nəşr olunmuşdur.
"Türk yolu" jurnalı
1951-ci il 28 may tarixində çıxan ilk nömrəsində "Amacımız" adlı proqram məqaləsində dərgi öz məqsədini belə bəyan edir:
- "Türk yolu" milliyyətçidir və realist bir yoldadır;
- "Türk yolu" kommunizmlə və qara irtica ilə mücadilə edir;
- "Türk yolu" türk dünyasının siyasi, coğrafi, ədəbi durumunu aydınlatmağa çalışır. Bu yolda bizə ilham verən və yolbaşçılığı yapan yalnız və yalnız haqq və iman qüvvəsidir".
Aylıq siyasi-ictimai, ədəbi dərgi
"Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq yaşa, ey sevgili millət yaşa, var ol!,
Sarsılma qaranlıq yollarda yolçu!
Qaç, qaç, görünür yolunun ucu" - misralarını jurnal özünə şüar seçmişdi.
M.Ə.Rəsulzadə və onun məsləkdaşlarına, Azərbaycan Milli Mərkəzinin, Azərbaycan Kültür Dərnəyinin (Ankara) və Müsavat Partiyasının mövqeyinə kəskin müxalifətdə dururdu.
İstanbulda Azərbaycan dilində, latın əlifbası ilə buraxılmışdır. 1951-ci ildə buraxılan 1-ci nömrəsində ingilis dilində məqalə verilmişdir.
Sahibi, yazı işləri müdiri Məmməd Sadiq Arandır.
28 may 1951-ci ildə birinci və həmin il son nömrəsi, 1954-cü ildə daha 3 nömrəsi buraxılmışdır.
"Mücahid" jurnalı
Aylıq ictimai fikir məcmuəsidir. "Azərbaycan milli birliyi fikrini yayır və bütün Rusiya məhkumu islam-türk aləminin hürriyyət və qurtuluşu davasını savunur" şüarı ilə nəşr olunmuşdur.
"Mücahid" 1955-ci il iyul tarixli birinci nömrəsindəki "Mücahid"in qayəsi" adlı proqram məqaləsində yazırdı ki, jurnal bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizmə qarşı mücadiləyə yönəldəcək, türk elləri arasında fikir birliyinin təmininə çalışacaqdır. Baş məqalə ingilis dilində də verilmişdir.
Sahibi və nəşriyyat müdiri Cengiz Gökgöl.
Azəbaycan dilində latın əlifbası ilə buraxılmışdır.
1953-1962-ci illərdə Ankarada nəşr olunmuşdur.
"Türk birliyi" (1966)
"Anadolu, Qafqaz, Azərbaycan türklüyünün səsi aylıq milliyyətçi, kültür və sənət dərgisi" "Türk birliyi"nin ilk nömrəsi 1966-cı ilin aprel ayında tanınmış mühacir şair Kərim Alxanın (Yaycılı) müdirliyi ilə Ankarada nəşri fəaliyyətə başlamışdır. Dərgi Şənyuva mətbəəsində buraxılırdı.
1980-1991-ci illər mühacir mətbu orqanları
Azərbaycan mühacirləri 1980-ci illərin ikinci yarısından sonra "Ana dili" (Bonn), "Odlar ölkəsi" (Edinburq), "Dədə Qorqud" (İspaniya), "Qürbət" (Brüssel), "Aydınlıq" (London), "Azərbaycan türkləri", "Xəzər" (İstanbul), "Azərbaycan" (Stokholm), "Azərbaycan" (Vaşinqton), "Araz" (Lund, İsveç), "Azər" (Berlin), "Savalan" (Berlin), "Ərk" (Almaniya) və s. kimi mətbu orqanlar nəşr etmişlər.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, mühacirət irsi, o cümlədən mətbuatı milli sərvətimizdir, onun tədqiqi, təbliği ədəbiyyatşünasların, mətbuatşünasların, mətnşünasların, tarixşünasların qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" 25 aprel 2025-ci il tarixli sərəncamı bu işin icrası üçün aydın və perspektivli zəmindir.
Abid TAHİRLİ,
filologiya elmləri doktoru