“İqlim dəyişikliyi müasir dövrdə dövlətlərin üzləşdiyi əsas qlobal problemlərdən birinə çevrilib. Qlobal istiləşmə, buzlaqların əriməsi və transsərhəd çaylarda su balansının pozulması nəticəsində dünyada su qıtlığı getdikcə dərinləşir. Bu problem artıq yalnız ekoloji deyil, eyni zamanda sosial, iqtisadi və milli təhlükəsizlik məsələsi kimi çıxış edir. Bu baxımdan su ehtiyatlarının daha səmərəli və effektiv istifadəsi, onların müasir idarəetmə mexanizmləri əsasında tənzimlənməsi bu gün bir çox ölkələr üçün prioritetə çevrilib”.
Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat qeyd edib ki, Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsir dairəsində olan ölkələr sırasındadır: “Qlobal iqlim dəyişiklikləri, quraqlıq, su ehtiyatlarının bir hissəsinin transsərhəd çayların payına düşməsi, yağıntıların azalması Azərbaycanda da su məsələsini aktuallaşdırır.
Bu səbəbdən son illərdə respublikamızda su ehtiyatlarının qorunması, idarə olunması və infrastrukturun yenilənməsi istiqamətində ardıcıl, sistemli və uzunmüddətli siyasət həyata keçirilir. Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə bu strateji xəttin növbəti mühüm mərhələsi oldu. Müşavirədə dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış və iqtisadi cəhətdən ən aktiv bölgəsidir və burada su təchizatı ilə bağlı problemlər yalnız lokal deyil, ümummilli xarakter daşıyır”.
Müşfiq Məmmədli qeyd edib ki, Dövlət Proqramının əsas məqsədləri Bakı və Abşeron yarımadasında içməli su təchizatının dayanıqlığının təmin edilməsi, tullantı və yağış sularının müasir sistemlər əsasında idarə olunması, su itkilərinin minimuma endirilməsi, su ehtiyatlarından iqtisadiyyatın inkişafı üçün daha səmərəli istifadədir.
Deputatın sözlərinə görə su yalnız sosial məsələ deyil: “Cənab Prezidentin çıxışlarında xüsusi vurğulanan məqamlardan biri də suyun təkcə içməli su ilə təminatın deyil, iqtisadi inkişafın əsas resurslarından biri olmasıdır. Kənd təsərrüfatı, sənaye, energetika və şəhərsalma birbaşa su resurslarının vəziyyətindən asılıdır. Bu baxımdan Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların tarazlı inkişafına, iqlim risklərinə adaptasiya imkanlarının genişləndirilməsinə xidmət edir. Təbii ki, bu sahədə problemlər mövcuddur və müşavirədə bu məsələlər qeyd edilib. Lakin Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2035-ci illər üzrə Dövlət Proqramı bu problemlərin kompleks həllini nəzərdə tutur və qısa deyil, uzunmüddətli nəticələrə hesablanıb”.
Qlobal tendensiyalar göstərir ki, yaxın onilliklərdə su uğrunda rəqabət daha da kəskinləşəcək. Bu şəraitdə su ehtiyatlarını qoruyan, idarə edən və modern texnologiyalarla optimallaşdıran ölkələr daha dayanıqlı olacaq.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu göstərir ki, ölkəmiz su məsələsinə strateji yanaşır. Dövlət Proqramı yalnız bu günün problemlərini deyil, həm də gələcək nəsillərin su təminatını da nəzərə alan bir yol xəritəsidir.
Bu barədə danışan Müşfiq Məmmədli qeyd edib ki, iqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə su artıq sadəcə təbii resurs deyil, inkişaf, sabitlik və təhlükəsizlik faktorudur. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın bu çağırışlara hazır olduğunu göstərir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı isə ölkənin su təhlükəsizliyini təmin edən, iqtisadiyyatı gücləndirən və sosial rifahı yüksəldən strateji sənəd kimi çıxış edir” - deyə deputat bildirib.
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»