Təbiətin mühafizə edilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması hər kəs üçün şüar deyil, vəzifə olmalıdır. Bunun üçün hər birimiz məsuliyyət hissi keçirməliyik. Yalnız belə olduğu halda dövlətin bu sahədə qarşıya qoyduğu prioritetlərə çata bilərik.
Bu, daim gündəmdə olan məsələdir. Lakin yaz-yay aylarında havaların istiləşməsi, turizmin ən qızğın mövsümünün olması məsələni bir qədər də aktuallaşdırır. Həmişə olduğu kimi, indi də ilin hazırkı dövründə ölkədə təmizlik, abaqlıq işləri geniş vüsət alıb. Bir çox şəhər və kənddə ağacəkmə kampaniyaları keçirilib və yaşıllaşdırma işləri davamlı xarakter daşıyır. Bu dəfə həmin kampaniyalar "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilir. Bu da haqlı olaraq xalqımızın qanına-iliyinə hopmuş o anlama gətirir ki, biz suverenliyimizi qoruya, torpağımızın keşiyində dayana bildiyimiz kimi, onu əkib-becərməyi də, ərazilərimizi gözəlləşdirməyi də bacarırıq.
Elə keçən ay yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsində keçirilən tədbirlərdən birini xatırlayaq. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənib.
Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb. Ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli çiçəklərdən kompozisiyalar yaradılıb.
Bildirilib lk, paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər il ərzində davam etdiriləcək.
Yaşıllaşdırmadan söz düşmüşkən, paytaxtın Pirallahı rayonunda, Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 150 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar və eyni zamanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində də çoxsaylı ağacəkmə kampaniyaları keçirilib. Həm də bu tədbirlər təkcə Bakıda deyil, digər şəhər və rayonlarımızda da vüsət alıb. Məsələn, Tərtər-Ağdərə avtomobil yolunun Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində keçirilən ağacəkmə aksiyasını deyək. Aksiya çərçivəsində ərazidə 300 ədəd Eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyaları da davam edir. Növbəti tədbirlər zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.
"Yaşıl ASAN" ekoloji proqramını xatırlatmaq da yerinə düşər. Bu ay həmin proqramın yaradılmasının 10 ili tamam oldu. Məlum olduğu kimi, proqram 2015-ci ildə ASAN könüllüləri tərəfindən irəli sürülüb və ölkəmizdə ekoloji mədəniyyətin formalaşmasında, ictimai təşəbbüslərin gücləndirilməsində mühüm rol oynayır.
Əsas məqsəd kağız israfının qarşısını almaq, təkrar emal prosesini təşviq etməklə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına töhfə verməkdir. Bununla yanaşı, proqram əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına və təbiətə qarşı daha həssas yanaşmanın formalaşdırılmasına yönəlib. İndiyədək 2200 tondan çox kağız tullantısının toplanaraq təkrar emala göndərilməsi göstərir ki, bu məqsədə nail olunur. Belə ki, nəticədə 37400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb.
Proqram çərçivəsində indiyədək 500-dən çox ekoloji və sosialyönümlü layihənin reallaşması, 100-dən çox təmizlik və ağacəkmə aksiyalarının təşkil olunduğu iş şərhə ehtiyacı olmayan faktdır.
"Balaca Ekoloqlar" layihəsi çərçivəsində 100-ə yaxın təhsil müəssisəsində şagirdlərlə görüşlər keçirilib, gənc nəslə ekoloji biliklərin aşılanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə isə, keçirilən tədbirlər cəmiyyətin bütün təbəqələrində ekoloji düşüncə tərzinin daha da gücləndirilməsinə xidmət edir.
Flora SADIQLI,
"Azərbaycan"