Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi onu tarixən ticarət yollarının qovşağına çevirib. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində isə Azərbaycan yalnız tranzit ərazisi kimi deyil, həm də qərar verən, yol göstərən, təşəbbüs irəli sürən ölkə kimi tanınır. Azərbaycanın təşəbbüskarlığı region daxilində və qlobal miqyasda əməkdaşlıq modellərinin qurulmasına təkan verir ki, bu da ölkəmizin siyasi iradəsinin və strateji baxışının nəticəsidir.
Məhz həmin ardıcıl və strateji yanaşma sayəsində Azərbaycan hazırda tərəfdaş ölkə kimi qlobal əməkdaşlıq üçün platforma təklif edən və regional inteqrasiyanın yol xəritəsini müəyyənləşdirən əsas oyunçulardan biridir. Prezident İlham Əliyevin son bir ildə Çin Xalq Respublikasına etdiyi səfərlər iki ölkə arasında münasibətlərin təkcə iqtisadi deyil, eyni zamanda siyasi və mədəni sahələrdə də genişləndirilməsinin göstəricisidir. Səfərlər zamanı imzalanan sənədlər, aparılan danışıqlar Azərbaycanın qlobal miqyasda fəal oyunçuya çevrildiyini sübut edir. Ölkəmizin beynəlxalq platformalarda artan nüfuzu onun etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Bütün bu uğurlar isə milli maraqların qlobal çağırışlarla uzlaşdırılmasını təsdiqləyir.
Təsadüfi deyil ki, 4 ay əvvəl - apreldə Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri yeni bir mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində imzalanan sənədlər bu günün və gələcəyin iqtisadi, texnoloji reallıqları üçün hazırlanmış strateji planlar idi. Rəqəmsal iqtisadiyyat, "yaşıl enerji", kosmik tədqiqatlar, əqli mülkiyyət kimi sahələrdə əməkdaşlıq üzrə razılaşmalar Azərbaycanın intellektual və texnoloji potensialına inamın ifadəsi, eləcə də bu potensialın beynəlxalq səviyyədə tanınmasıdır.
Azərbaycan-Çin əlaqələrinin dinamikası elə sürətlə inkişaf edir ki, proseslər təkcə sənədlərlə deyil, ardıcıl və yüksəksəviyyəli təmaslarla müşayiət olunur. Bu baxımdan Prezidentin avqustun 31-də Çinə növbəti səfəri apreldəki dövlət səfərinin məntiqi davamı kimi dəyərləndirilə bilər.
Azərbaycan-Çin münasibətlərində əldə olunan diplomatik uğurlar artıq konkret iqtisadi nəticələr verməyə başlayıb. Təbii ki, nəticələr də sadəcə statistik rəqəmlərdə deyil, ixracın məzmun və struktur dəyişikliyində özünü büruzə verir. Bir neçə il öncə Azərbaycanın əsasən xammal yönümlü olan ixracı bu gün emal olunmuş, yüksək əlavə dəyər yaradan məhsullarla zənginləşir. Çin bazarının piştaxtalarında Azərbaycan mənşəli məhsullar arasında təkcə pambıq və xam neft deyil, ətir və əczaçılıq sənayesində istifadə olunan dərman bitkiləri, pambıq tiftiyi və tibbi tekstil, çörək-bulka və qənnadı məmulatları, meyvə cemləri, mürəbbələr, təbii şirələr və hətta üzüm şərabları da öz yerini alıb. Bu isə o deməkdir ki, Azərbaycan artıq təkcə xammal ixrac edən ölkə yox, emal sənayesinin məhsullarını da rəqabətqabiliyyətli şəkildə dünya bazarına çıxaran dövlətdir.
Bundan əlavə, polietilen və plastik məmulatlar, gön-dəri və ondan hazırlanan məhsullar, trikotaj geyimləri, kompressiyaedici corablar (qan dövranını yaxşılaşdırmaq üçün xüsusi olaraq hazırlanmış tibbi corablar), qadın geyim dəstləri kimi çeşidli məhsulların Çin bazarında özünə yer tapması yerli sənayenin rəqabətədavamlı və ixracyönümlü mahiyyət qazandığını nümayiş etdirir. Bunlar Azərbaycanın iqtisadiyyatında baş verən təkamülün təkcə sənaye müəssisələrində deyil, dövlətin strateji yanaşmasında da əks olunduğunu təsdiqləyir. Ölkəmiz artıq dünyaya yalnız xammal çıxarmır, həm də texnologiya və brend ixrac edir. Bu dəyişmə Azərbaycanın iqtisadi inkişafda müstəqil və gələcəyə doğru ardıcıl irəlilədiyini göstərir.
Deyilənlərin sübutu kimi statistik göstəricilərə diqqət edək: 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin dəyəri 26,78 faiz artaraq 2,5 milyard dolları ötüb. Təqribən 528,5 milyon dollarlıq artım onu göstərir ki, Azərbaycan artıq ticarət əlaqələrində sabitlik mərhələsindən genişlənmə mərhələsinə keçib. Ən diqqətçəkən məqamlardan biri isə ixrac göstəricisidir: 2025-ci ilin 7 ayında Azərbaycanın Çinə ixracının dəyəri 53,2 milyon dollar olub ki, bu da 4,6 dəfə artım deməkdir. Bu rəqəm hələlik böyük olmasa da, artımın tempi son dərəcə əhəmiyyətlidir və Azərbaycanın Çin bazarında möhkəmlənməkdə olduğunun göstəricisidir. Həm də onun göstəricisidir ki, Çin ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 8,68 faizə yüksəlib və bu, bir ildə 1,34 faiz artım deməkdir. Bu tendensiya göstərir ki, Çin qısa müddət ərzində Azərbaycanın iri ticarət tərəfdaşlarından birinə çevrilməkdədir. Nəqliyyat və logistika sahəsində isə Orta dəhliz artıq əsas gündəm mövzularından biridir. Azərbaycan ərazisindən keçən bu marşrut üzrə yükdaşımaların həcmi son bir ildə 80 faizdən çox artıb.
Məsələ təkcə iqtisadi fayda ilə yekunlaşmır. Azərbaycan bu gün regionda yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır. Həm türk dünyası, həm də Cənubi Qafqaz ölkələri üçün siyasi və iqtisadi körpü funksiyasını yerinə yetirən Azərbaycan Avropa və Asiya ilə inteqrasiyada mühüm təşəbbüslərlə çıxış edir. Sadalananlardan dolayı deyə bilərik ki, Prezident İlham Əliyevin Çinə ardıcıl səfərləri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycan diplomatiyasının uğurlu modelinə işıq salır, gələcəkdə sağlam tərəfdaşlığın möhkəmlənməsinə, bütövlükdə inkişafın təmin edilməsinə xidmət edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"