2019-cu il
iki ölkə arasındakı münasibətlərin tarixinə ən fəal və dinamik dövr kimi yazıldı
Aparılan uğurlu
islahatlar, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə
nüfuzunu xeyli artırıb. Bunun nəticəsidir ki, xarici kütləvi informasiya vasitələrinin
Azərbaycana olan marağı da yüksəlib.
Xüsusilə şimal
qonşumuz olan Rusiyanın kütləvi informasiya vasitələri ölkəmiz barədə müntəzəm yazılar
dərc edir, verilişlər verir. "Rossiya-24” televiziya kanalının Prezident İlham Əliyevdən
hər ilin sonunda geniş müsahibə götürməsi də bu maraqdan irəli gəlir.
Dövlət başçısı
adıçəkilən kanala növbəti müsahibəsində iki ölkə arasındakı iqtisadi və siyasi münasibətləri
yüksək qiymətləndirib. Qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət, nəqliyyat,
energetika, humanitar və turizm sahələrində geniş əlaqələr mövcuddur. Sənaye sahəsində
olan əlaqələr isə daha yüksəkdir və ötən il bu sahədə mühüm nailiyyətlər əldə edilib.
Müsahibədə
bildirilib ki, keçən ilin sonunda ölkəmizdə 100 faiz Rusiya investisiyalı əczaçılıq
müəssisəsi açılıb. Bu məqsədlə "Qazprombank”
tərəfindən 500 milyon dollar vəsait ayrılıb. Həmin müəssisənin fəaliyyətə başlaması
Azərbaycanın sözügedən sahədə idxaldan asılılığını azaltmaqla ölkəmizdən valyuta
axınının da qarşısını alacaq.
Azərbaycanda
həmçinin bir çox Rusiya avtomobilləri də istehsal olunur. Məsələn, "KamAZ” və "Ural”
avtomobillərindən savayı, təzəlikcə "QAZ” avtomobilləri istehsalı zavodunun da təməli
qoyulub. Məlumdur ki, Bakıda mühüm ictimai nəqliyyat vasitəsi olan metro sovet dövründə
fəaliyyətə başlayıb. Elə həmin dövrdən metroda Rusiyada istehsal olunan vaqonlardan
istifadə edilib. Bu ənənə indi də davam edir. Belə ki, bu sahədə Rusiya şirkəti
ilə üçillik müqavilə imzalanıb. Məqsəd "Bakı Metropoliteni”nin vaqon parkının tamamilə
yenilənməsidir.
İki ölkə arasında
iqtisadi əlaqələrin artmasında nəqliyyat infrastrukturunun da böyük rolu var. Bu baxımdan Samur çayı üzərində yeni avtomobil körpüsünün
açılışının əhəmiyyəti əvəzsizdir. Köhnə körpü ötən əsrin 50-ci illərində inşa edilmişdi
və müasir dövrün tələblərinə, nəqliyyatın intensivliyinə cavab vermirdi. Yeni körpü
isə ölkələrimiz arasında mal mübadiləsini sürətləndirəcək. Təsadüfi deyil ki, "Şimal-Cənub”
layihəsinin həyata keçirilməsi sayəsində iki ölkə arasında 2018-ci ildə yükdaşıma
8 dəfə, ötən il isə 60 faiz artıb. Ümumiyyətlə, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin
səmərəli fəaliyyəti üçün ölkəmizin ərazisində nəqliyyat-logistika imkanlarını artırmaq
məqsədilə bir çox işlər görülüb.
Prezident
İlham Əliyev Rusiya ilə olan iqtisadi əlaqələrin dinamikasına toxunaraq bildirib
ki, iki ölkə arasında əmtəə dövriyyəsi ildən-ilə artır. Əgər 2018-ci ildə bu artım
20 faiz olmuşsa, ötən il həmin rəqəm 25 faizə çatmışdır. Beləliklə, ölkələrimiz
arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxınlaşmışdır.
Azərbaycanda
yaradılan nəhəng infrastruktur layihələri qonşu ölkələrlə əlaqələrin genişlənməsinə
yeni imkanlar açır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizindən Çin
və Mərkəzi Asiyadan Avropaya yüklər daşınır. Artıq Rusiya da bu imkandan istifadə
edərək öz yüklərini Türkiyəyə və Türkiyə üzərindən Avropaya göndərir. İki ölkə arasında
bu cür qarşılıqlı nəqliyyat mübadiləsi həm də iqtisadi inteqrasiyanı dərinləşdirir.
Üstəlik, belə imkan hər iki tərəfə fayda gətirir.
Dövlət başçısı
müsahibəsində qonşu ölkələr arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini
yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan, Rusiya və İranın enerji sistemləri
paralel rejimdə işləyir. Yəni bu üç ölkənin hər hansı birində qəza baş verdikdə
digər tərəflər onu enerji ilə təmin edir. Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycan
həmçinin Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə də elektrik enerjisi ixrac
edir.
Prezident
İlham Əliyev müsahibəsində iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf
etdirmək üçün bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə də toxunmuşdur:
"Bu məsələlər il ərzində detallı şəkildə müzakirə olunub. Belə ki, sizin söylədikləriniz
bizim münasibətlərimizin, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafının
ayrılmaz hissəsidir. Ona görə də ölkələrimizin müvafiq strukturlarına artıq bu gün
gömrük prosedurlarının sadələşdirilməsi, yüklərin daşınmasına nəzarət üzrə müasir
texnologiyaların tətbiqi, sərhədi keçməyin sadələşdirilməsinə dair tapşırıqlar verilib.
Həm Azərbaycanda, həm də Rusiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir.
Ona görə düşünürəm ki, məhz bu cür inzibati və bürokratik maneələrin aradan qaldırılması
əsas istiqamətlərdən biri olacaq”.
Rüstəm KAMAL,
"Azərbaycan”