16 Sentyabr 2023 09:00
1069
SİYASƏT
A- A+

Azərbaycan Avrasiyada fəal aktora çevrilir

 

İlham Əliyevin Tacikistana səfəri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə çoxplanlı əməkdaşlığının gələcək dinamikasına töhfə verəcək

 

Son illərdə beynəlxalq aləmdə kifayət qədər tanınan, geosiyasi çəkisi getdikcə artan, iqtisadi qüdrəti ilə fərqlənən, beynəlxalq əməkdaşlıq arenasında inam və etibar qazanan, tam müstəqil siyasəti ilə nüfuzu yüksələn Azərbaycan həm də Qərblə Şərq arasında xoşniyyətli körpü rolunu oynayır.

Bu gün Azərbaycan Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxışını təmin edir. Birmənalı demək olar ki, Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən ölkəmiz Xəzər-Atlantik okeanı və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyaları istiqamətində açar rolunu oynayır.

 

Yüksələn nüfuz, etibarlı tərəfdaşlıq

 

Son illər rəsmi Bakının xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi xüsusilə diqqət çəkir. Əslində, münasibətlərin qısa zaman kəsiyində inkişafında ciddi tarixi siyasi əsaslar var. Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, keçmiş sovetlər dönəmində iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin möhkəm bünövrəsini təşkil edir ki, bu da bugünkü əməkdaşlığa böyük töhfə verir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda qarşılıqlı münasibətlər qurub, iqtisadi əlaqələr fəal şəkildə inkişaf etdirilib. Bu proses geopolitik baxımdan da xüsusi əhəmiyyət kəsb edir.

Tam müstəqil siyasəti ilə dünyada sözünə sadiq lider, ən etibarlı tərəfdaş kimi nüfuzu getdikcə yüksələn Prezident İlham Əliyev məhz ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin, hərtərəfli əlaqələrinin daha da şaxələnməsi istiqamətində çox mühüm işlər həyata keçirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin, ticarət dövriyyəsinin son illərdə getdikcə yüksəlməsi və sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə İlham Əliyevin fəxri qonaq kimi dəvət edilməsi bunu təsdiqləyən reallıqdır. Bu, həm də Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Öncə onu deyək ki, səfər çərçivəsində İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüş keçirib. İki ölkə arasında mövcud münasibətlər və gələcək planlar müzakirə mövzusu olub.

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı ilk dəfə idi və Azərbaycan bu toplantıda regiondankənar ölkə kimi təmsil olunurdu. Əlbəttə, bu, ilk növbədə İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.

Bunu toplantıda iştirak edən dövlət başçılarının səsləndirdikləri fikirlər də bir daha təsdiq edir. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında vurğuladı ki, qardaş Azərbaycanın liderinin görüşdə iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə İlham Əliyevin tədbirdə iştirakını yüksək qiymətləndirərək dedi ki, Azərbaycan Prezidentinin toplantıda iştirakı region ölkələrinin respublikamız ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.

Çoxplanlı əməkdaşlığın gələcək dinamikasını müəyyən edən toplantıda çıxış edən İlham Əliyev bildirdi ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

 

Əməkdaşlığın yeni sahəsi  - "Rəqəmsal İpək yolu"

 

Azərbaycan Prezidenti regional əməkdaşlığın bu formatının ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağını bildirərək vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı olaraq artır. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz yüksəlib. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb: "Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük".

Prezident İlham Əliyev həmçinin nəqliyyat və logistika sahəsinin münasibətlərdə mühüm yer tutduğunu da diqqətə çatdırdı, Azərbaycanın Mərkəzi Asiya dövlətləri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu bildirdi. Təbii ki, əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır".

Son illərdə ölkəmizin genişlənən imkanlarından da söz açan İlham Əliyev Azərbaycanın Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olduğunu, Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparıldığını söylədi. Həmçinin dedi ki, yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Prezident həmçinin təkliflərini və gələcək planlarını açıqlayaraq vurğuladı ki, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri "Şərq-Qərb" nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

İlham Əliyev eyni zamanda dedi ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışılan "Rəqəmsal İpək yolu" layihəsidir.

 

Orta dəhlizə mühüm töhfə - Zəngəzur dəhlizi

 

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, İlham Əliyevin Tacikistan səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunun artmasında müstəsna rol oynayacaq. Çünki müasir dünya siyasi düzəni iqtisadi maraqlar üzərində tənzimlənir və Avrasiya qitəsində bütün logistik layihələrdə Azərbaycan və Mərkəzi Asiya mühüm strateji əhəmiyyət kəsb edir. Bu isə Avrasiya məkanında bütün iqtisadi layihələrdə Azərbaycanın əvəzolunmaz ölkə olduğunu təsdiqləyir.

Böyük zəfərdən sonra reallaşdırılmaqda olan Zəngəzur dəhlizi isə həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyət daşıyacaq. Bu dəhliz həm də türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək. Ən önəmlisi isə, bu dəhlizdən salınacaq dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək.

Bir sözlə, Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti dünyada baş verən son hadisələr fonunda daha da önə çıxıb. Zəngəzur dəhlizinin reallaşması isə ölkəmizin mühüm nəqliyyat-tranzit qovşağı kimi imkanlarını daha da artıracaq.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video