İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri
ölkəmizi mühüm nəqliyyat-tranzit və ticarət mərkəzinə çevirməkdədir
Müasir dövrdə ölkələr arasında əlaqələrin
məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin
əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın
yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji
əhəmiyyət kəsb edir.
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın
yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq ölkətləri birləşdirən,
strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Cəmi 27 ildir
ki, müstəqil dövlət kimi yaşayan Azərbaycan bu qısa zaman ərzində nəqliyyat infrastrukturunu
getdikcə daha da möhkəmləndirərək dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar
yatırıb. Bu sərmayələr artıq ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.
Açıq dənizlərə, okeanlara çıxışı olmayan
ölkənin yüksələn tranzit potensialı
Unikal coğrafi geosiyasi şəraitə malik olan
Azərbaycan bu gün dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən
kənarda qalmır.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi
ilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə,
tranzit potensialının güclənməsinə xidmət edir. Digər sahələrdə olduğu kimi, ölkə
iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit
imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir
nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir.
Bəllidir ki, Azərbaycanın açıq dənizlərə,
okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün nəqliyyat, enerji, kommunikasiya
xətləri başqa digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün öncə
qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq
münasibətləri yaradılmalıdır.
İlham Əliyevin həyata keçirdiyi tam müstəqil
xarici siyasət nəticəsində Azərbaycan Ermənistan istisna olmaqla bölgədəki bütün
dövlətlərlə çox yaxşı dostluq münasibətləri qurub. Bu münasibətlər sayəsində isə
beynəlxalq layihələr gerçəkləşdirilib.
Son 15 ildə
yaradılan müasir nəqliyyat infrastrukturu
İnfrastruktur obyektlərinin yaradılması,
logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin
fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük
əhəmiyyət kəsb edir.
Nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycanda
çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bunların sırasında 6 beynəlxalq hava
limanı, ölkəmizi bütün qonşu ölkələrlə bağlayan 15 min kilometrdən çox avtomobil
yolları, Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması, Bakı-Tbilisi-Qars
dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını göstərmək olar.
Qitələrarası daşımalar üçün geniş imkanlar
açan Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut
hesab olunur. Bu yol, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa
imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya
bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Qarsdan Naxçıvana qədər uzadılacaq
Bakı-Tbilisi-Qars
dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi
"Bir kəmər-Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir.
İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün əlverişli imkanlar
yaradır.
Onu da əlavə
edək ki, artıq Türkiyənin Qars şəhəri ilə Naxçıvan Muxtar Respublikası arasında
dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral bu günlərdə mətbuata verdiyi açıqlamada qeyd edib ki, bu istiqamətdə
işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır.
Belə ki, tikintisi
yaxın iki ildə başa çatacağı gözlənilən bu layihəyə əsasən Bakı-Tbilisi-Qars dəmir
yolu Qarsdan Naxçıvana qədər uzadılacaq. Bu, əlbəttə ki, həm Türkiyə, həm də Azərbaycan
üçün mühüm əhəmiyyət kəsb edəcək.
Xəzər dənizi
hövzəsində ən böyük liman kompleksi
Nəqliyyat-tranzit
xidmətlərinin təşkilində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm əhəmiyyət
kəsb edir. May ayının 14-də açılış mərasimi keçirilən liman kompleksi bu gün Bakı-Tbilisi-Qars
dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir.
Azərbaycanın
"Şimal-Cənub” və "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi
yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən
çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını
yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz
bərə keçidini təmin edir. Bu isə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində
cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində
və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı
logistik zəncir formalaşdırır.
Bir sözlə,
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman
kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib.
Genişmiqyaslı
beynəlxalq əməkdaşlıq formatı
Ölkəmiz həmçinin
Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa dövlətlərini birləşdirən
"Şərq-Qərb”, həmçinin Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa
ölkələrini qovuşduran "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin iştirakçısıdır.
Ümumiyyətlə,
bu nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq,
görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. "Şimal-Cənub
Nəqliyyat Dəhlizi”nin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə cari
ildə bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıb.
Prezident
İlham Əliyev Azərbaycanın bu istiqamətdəki uğurlarını dəyərləndirərkən vurğulayıb
ki, bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır.
Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit
məntəqəsinə çevrilə bilməz. Ona görə Azərbaycanın enerji, nəqliyyat, infrastruktur
layihələri ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır.
Nazirlər Kabinetinin
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında İlham Əliyevin dediyi kimi, regionda baş verən
hadisələr, Azərbaycanın təşəbbüsü ilə icra edilən nəhəng nəqliyyat layihələri, digər
sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini böyük dərəcədə artırıb. Bu gün
Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. Cənubi Qafqazın
ən böyük və ən perspektivli dövləti sayılan Azərbaycan regionda gedən əsas proseslərin
və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı
dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaş hesab olunur.
Azərbaycan
güclü logistika platformasına malik olacaq
"Azərbaycanda
logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bildirilir ki,
2025-ci ilə qədər ölkənin əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi
üçün regional miqyasda fəaliyyət göstərən şirkətlərin ölkədə bazalarının yaradılması
üzrə işlər görüləcək.
Sənədə əsasən,
logistika və ticarət sahəsində güclü inkişafın təmin edilməsi yolu ilə Azərbaycan
regional şirkətlər üçün logistika və ticarət mərkəzinə çevriləcək. Eyni zamanda,
logistika və ticarət sahəsində yüksək imkanlara malik müəssisələrin potensialı diqqətlə
qiymətləndirilərək, özəl sektorun bu sahəyə cəlb olunması istiqamətində işlər davam
etdiriləcək. 2025-ci ilədək ölkə Ələt qəsəbəsində yaradılmış yeni Bakı limanının
ərazisi daxil olmaqla azad ticarət zonasının üstünlüklərindən faydalanan güclü logistika
platformasına malik olacaq.
Qlobal dəyər
zəncirindən daha çox pay əldə etmək məqsədilə "Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizləri
ilə beynəlxalq ticarət həcmində artıma nail olmaq üçün səy göstəriləcək. Bundan
başqa, sənəddə qeyd olunur ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər
Əliyev Beynəlxalq Hava Limanına və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını
təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək.
2019-cu ildə
nəqliyyat infrastrukturu daha da təkmilləşdiriləcək
Bu il olduğu
kimi, 2019-cu ildə də tranzit və nəqliyyat xidmətlərinin inkişafı, həyata keçirilən
iqtisadi siyasətin əsas istiqamətlərindən olacaq.
Öncə onu qeyd
edək ki, 2018-ci ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan
4.824.2 milyon manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə
infrastruktur layihələrinə 3.435.5 milyon manat vəsait ayrılıb. Bu vəsaitin
1.549.3 milyon manatının nəqliyyat layihələrinə yönəldilməsi bu sahənin prioritetliyinin
göstəricisidir.
Gələn ilin
dövlət büdcəsi layihəsində də göstərilir ki, ölkəmizin logistika və nəqliyyat mərkəzi
kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun
yaradılması məqsədi ilə, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata
keçirilməsi nəticəsində artan yük həcmlərinin qarşılanması üçün ardıcıl tədbirlərin
görülməsi nəzərdə tutulur. Bundan başqa, yaxın illərdə "Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin yerüstü marşrutunun
mərkəzində yerləşən və əsas birləşdirici rol oynayan Astara (Azərbaycan)-Astara
(İran)-Rəşt-Qəzvin dəmir yolu xəttinin inşa edilərək istifadəyə verilməsi yüklərin
və sərnişinlərin Mərkəzi və Şimali Avropadan Azərbaycanın ərazisindən keçməklə Fars
körfəzi, Hind okeanı regionlarına tez bir zamanda çatdırılmasını təmin edəcək. Həmçinin
ölkənin əlverişli məkanlarında azad iqtisadi zonaların, yaxın gələcəkdə isə Heydər
Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının ("hub”) yaradılması
məsələlərinə baxılacaq.
Bütün bunlar
əlbəttə ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm
ticarət, tranzit mərkəzinə çevriləcəyini bir daha təsdiqləyir. Azərbaycan Avrasiya
məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli
sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal
dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli
təşkilinə də etibarlı təminat verir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”