Fikrimcə, bu gün Qazaxıstanla Azərbaycan arasında tərəfdaşlığın əhəmiyyəti artıq adi ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır. Coğrafi mövqe tədricən bu iki ölkəni Mərkəzi Asiyanı, Xəzəri, Cənubi Qafqazı, Türkiyəni və daha sonra Avropa bazarlarını birləşdirən vahid infrastruktur sisteminin mühüm halqalarına çevirir. Bu bağlılığın ən bariz nümunəsi, əlbəttə ki, Orta Dəhlizdir. Bununla belə, onun əhəmiyyəti Çinlə Avropa arasında yükdaşımalarından daha genişdir. Qazaxıstan və Azərbaycan üçün xüsusilə vacib olan məsələ bu marşrut boyunca hansı iqtisadi fəaliyyətin yaranacağı və onun fəaliyyətini təmin edən ölkələrin yaradılan əlavə dəyərin hansı hissəsini özlərində saxlaya biləcəyidir.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın “Müəllif və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı” olan AMANAT özəl müəssisəsinin beynəlxalq əlaqələr üzrə baş direktor müavini, əqli mülkiyyət, rəqəmsal iqtisadiyyat və beynəlxalq əməkdaşlıq sahəsində ekspert Azamat Tleujanov deyib.
A.Tleujanov Azərbaycanın ŞƏT plyus formatında iştirakını qanunauyğun hesab edir. Onun sözlərinə görə, Qazaxıstan ŞƏT-in tamhüquqlu üzvüdür, Azərbaycan isə başqa statusa malikdir. Lakin iqtisadi coğrafiya heç də həmişə beynəlxalq təşkilatların formal sərhədləri ilə üst-üstə düşmür.
“Mərkəzi Asiya üçün Azərbaycan Xəzər vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və daha sonra Avropaya çıxan təbii yollardan biridir. Əks istiqamətdə isə Qazaxıstan Mərkəzi Asiyaya və daha sonra Asiya bazarlarına çıxış açır. Bununla belə, mən hansısa yeni siyasi blokun yaranmasından danışmazdım. Mənə daha vacib görünən başqa prosesdir: əvvəllər müxtəlif regionların tərkib hissələri kimi nəzərdən keçirməyə öyrəşdiyimiz ölkələr getdikcə daha çox eyni nəqliyyat, enerji və iqtisadi zəncirlərin iştirakçılarına çevrilirlər. ŞƏT, Türk Dövlətləri Təşkilatı və digər regional formatlar belə qarşılıqlı fəaliyyətin şərtləri barədə razılığa gəlməyə kömək edə bilər. Lakin onun real miqyası son nəticədə malların, enerjinin, kapitalın, informasiyanın hərəkəti və birgə layihələrin yaranması ilə müəyyən olunacaq”, – deyə A.Tleujanov qeyd edib.
Əməkdaşlığın rəqəmsal komponentinə toxunan ekspert xatırladıb ki, o, daha əvvəl AZƏRTAC-a müsahibəsində Xəzəri Mərkəzi Asiya ilə Avropa arasında “rəqəmsal körpü” adlandırıb və Trans-Xəzər fiber-optik kabel barədə danışıb: “O zaman söhbət, ilk növbədə, inşa edilən infrastrukturdan gedirdi. Bu gün Qazaxıstanla Azərbaycan arasındakı xəttin sualtı hissəsi artıq çəkilib. Buna görə də indi növbəti sualı vermək olar: biz bu rəqəmsal körpü vasitəsilə konkret olaraq nə ötürəcəyik və onun ətrafında hansı iqtisadi fəaliyyəti qura biləcəyik?”.
Ekspertin fikrincə, rəqəmsal iqtisadiyyat şəraitində məlumatlar, hesablama gücləri, rəqəmsal xidmətlər və məlumatların emalının nəticələri getdikcə daha böyük dəyər qazanır.
“Uzun müddət Qazaxıstanın ixracı barədə danışarkən, ilk növbədə, fiziki aləmi – nefti, metalları, uranı, taxılı və digər məhsulları düşünürdük. Rəqəmsal iqtisadiyyatda isə vaqona və ya konteynerə yüklənməsi mümkün olmayan şeylər getdikcə daha çox dəyər qazanır: məlumatlar, hesablama gücləri, rəqəmsal xidmətlər və məlumatların emalının nəticələri. Burada energetika, məlumat emalı mərkəzləri və beynəlxalq telekommunikasiya infrastrukturu arasında birbaşa əlaqə yaranır. Qazaxıstan artıq iri məlumat emalı mərkəzləri inşa edir və hesablama güclərinin, süni intellekt xidmətlərinin və digər rəqəmsal məhsulların ixracının inkişafını qarşısına məqsəd qoyur. Bununla belə, ölkə daxilində məlumat emalı mərkəzi inşa etmək kifayət deyil. Əgər onun gücləri xarici bazarlarda fəaliyyət göstərməlidirsə, sürətli, geniştutumlu və dayanıqlı beynəlxalq rabitə kanalları zəruridir. Buna görə də Trans-Xəzər kabelinə, o cümlədən, yeni iqtisadiyyatın ixrac infrastrukturunun potensial hissəsi kimi baxıram”, – deyə A.Tleujanov qeyd edib.
A.Tleujanov rəqəmsal infrastrukturun dayanıqlılığı məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın bir beynəlxalq rabitə kanalından asılılığı ticarətin bir nəqliyyat marşrutundan asılılığı ilə müqayisə edilə biləcək risklər yaradır.
“Məlumat mübadiləsi üçün nə qədər çox müstəqil coğrafi marşrut mövcud olarsa, bütün sistem bir o qədər dayanıqlı olar. Xəzər və Azərbaycan üzərindən keçən yeni marşrut Qazaxıstana əlavə qərb istiqaməti, Azərbaycana isə Mərkəzi Asiya ilə birbaşa rəqəmsal bağlantı verir. Bundan sonra Orta Dəhlizlə bağlı artıq tanış olan seçim ortaya çıxır. Ölkə xarici yüklərin və ya trafikin tranzitindən faydalana bilər, yaxud yaradılmış infrastrukturu öz xidmətlərinin və biznesinin inkişafı üçün istifadə edə bilər. Belə istiqamətlər çox ola bilər: bulud və süni intellekt xidmətləri, məlumatların emalı və saxlanması, fintex, elektron ticarət, kibertəhlükəsizlik, birgə texnoloji layihələr, yaradıcı sənayelər. Sonuncu istiqamət mənə peşəkar baxımdan xüsusilə yaxındır və fiziki infrastrukturun nə üçün kifayət etmədiyini yaxşı göstərir. Musiqi, film və ya digər rəqəmsal məzmun Qazaxıstanla Azərbaycan arasındakı sərhədi saniyələr içində keçə bilər. Lakin tamhüquqlu iqtisadi sistemin yaranması üçün bu məzmunu kimin yaratdığını, hüquqların kimə məxsus olduğunu, ondan istifadənin necə müəyyənləşdirildiyini, müxtəlif ölkələrdəki təşkilatların məlumat mübadiləsini necə həyata keçirdiyini və pulun son nəticədə hüquq sahibinə hansı yolla çatdığını başa düşmək lazımdır.
Eyni prinsip, sadəcə daha böyük miqyasda, bütövlükdə rəqəmsal iqtisadiyyatda da işləyir. Kabel çəkmək, məlumat mərkəzi inşa etmək və hesablama gücləri yaratmaq mümkündür. Lakin bu obyektlərin özü ətrafında rəqəmsal iqtisadiyyatın yaranmasına zəmanət vermir. Dəmir yolunun özü-özlüyündə sənaye yaratmadığı kimi, burada da şirkətlər, müştərilər, qaydalar, bir-biri ilə uyğunlaşan sistemlər və bu infrastrukturdan istifadə edəcək layihələr lazımdır. Mənim fikrimcə, Qazaxıstan və Azərbaycan üçün növbəti mərhələ yeni bağlantı əsasında iqtisadi dəyəri özlərinin yarada bilməsi ilə bağlıdır”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, eyni prinsip bütövlükdə rəqəmsal iqtisadiyyatda da qüvvədədir. Onun sözlərinə görə, kabelin, məlumat mərkəzinin və hesablama güclərinin yaradılması öz-özlüyündə onların ətrafında rəqəmsal iqtisadiyyatın formalaşmasına zəmanət vermir: “XX əsrdə Qazaxıstanın və Azərbaycanın coğrafi mövqeyi, ilk növbədə, xammalın və malların hərəkət marşrutlarını müəyyən edirdi. XXI əsrdə həmin coğrafiya məlumatların hərəkət marşrutlarını da müəyyənləşdirməyə başlayır. Orta Dəhliz zaman keçdikcə nəqliyyat marşrutundan daha böyük bir məna kəsb edə bilər: malların və enerjinin hərəkəti ilə yanaşı, rəqəmsal axın yaranır və bununla birlikdə yeni biznes növləri yaratmaq imkanı meydana çıxır. Bu halda uğurun əsas göstəricisi yalnız Qazaxıstan və Azərbaycandan keçən konteynerlərin, yük tonlarının və ya terabitlərlə ölçülən məlumatların həcmi olmayacaq. Daha maraqlı olan odur ki, bütün bu axınların onların ərazisindən keçməsi sayəsində iki ölkə nə yarada bilib”.
Qeyd edək ki, Azamat Tleujanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) və müəlliflik və əlaqəli hüquqlar sahəsində fəaliyyət göstərən beynəlxalq peşəkar birliklərin layihə və tədbirlərində iştirak edir. O, Avropa, Şimali və Latın Amerikası, Afrika, Asiya-Sakit okean regionu və Cənubi Qafqaz təşkilatları ilə beynəlxalq əməkdaşlığın inkişafı sahəsində uzun illər təcrübəyə malikdir. O, Azərbaycana ilk dəfə 1998-ci ildə səfər edib və sonradan Bakıda əqli mülkiyyət məsələlərinə və beynəlxalq peşəkar əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə dəfələrlə iştirak edib.