Düşmənin xarabalığa çevirdiyi Cəbrayılda bu gün həyat canlanır
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun gücü, qəhrəmanlığı, şücaəti ilə düşmən tapdağından ilk azad olunan şəhərin - Cəbrayılın azadlığa qovuşmasından 5 il ötür.
Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində uzun illər erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı. Prezident İlham Əliyevin də hər zaman vurğuladığı kimi, bir qarış torpağımız da düşməndə qalmadı.
Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin elə ilk günündəcə erməni əsarətindən xilas oldu, oktyabrın 3-də isə rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndi. Azadlığına qovuşan ilk şəhərin müjdəsi isə ordumuzda əzmi, gücü artırmaqla bərabər xalqda qüdrətli Silahlı Qüvvələrimizə olan inamı daha da artırdı. Beləliklə, xalq-ordu birliyi əsgər və zabitlərimizə güc verərək onları növbəti qələbələrə ruhlandırdı.
Uğurla aparılan döyüş əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Həmçinin Azərbaycanın İranla dövlət sərhədinə nəzarət qismən bərpa edildi.
Tarixin izi ilə: 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. Rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib.
Zəfərə gedən yolun başlanğıcı hesab edilən Aprel döyüşləri işğal dövründən sonrakı ilk genişmiqyaslı döyüş əməliyyatları idi. Dörd gün davam edən əməliyyatlarda Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelərini düşməndən azad etdi.
Cəbrayıl igidləri
Cəbrayılın azad olunması qələbənin qazanılmasında böyük əhəmiyyət daşıdı. İllərlə bu ərazilərdə möhkəmlənmiş düşmən mövqelərini, istehkamlarını aşmaq Azərbaycanın əsgər və zabitlərindən xüsusi bacarıq, şücaət tələb edirdi. Bu baxımdan Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən ali mükafatlar sırasında "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer aldı. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz mükafatlandırıldı. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad torpaqlara ilk səfər
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan əzəli torpaqlarımıza ilk səfəri də Cəbrayıldan başlayıb. Ölkə rəhbəri Azərbaycan bayrağını işğaldan azad olunmuş ərazilərdə ilk dəfə Cəbrayıl şəhərində və Xudafərin körpüsündə qaldırdı.
Bu gün bizi Şuşaya rahat və qısa vaxtda çatdıran Zəfər yolunun təməlinin qoyulması elə bu ilk səfərdən başladı. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, yol infrastrukturu ilə yanaşı, işğaldan azad olunmuş hər bir rayonda bərpa və yenidənqurma işlərinə başlandı. Böyük quruculuq işləri bu gün də sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzurun hər tərəfində tikinti və yenidənqurmanın, abadlaşdırmanın şahidi oluruq. Elə bunun nəticəsidir ki, Böyük qayıdış proqramı uğurla icra olunur.
Yenidən qurulan Cəbrayıl
27 il ərzində ermənilər tərəfindən dağıdılan Cəbrayıl artıq 5 ildir ki, yenidən qurulur və bərpa olunur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. Dəyən ziyanı isə Azərbaycan öz hesabına aradan qaldırır. Digər rayonlarda olduğu kimi, Cəbrayılda da quruculuq işlərinə maneə yaradan əsas səbəb Ermənistan tərəfindən basdırılan minalardır. Bu günədək basdırılan minaların xəritəsi verilmədiyi üçün bu, həm orada çalışanların, həm də rayona səfər edənlərin həyatı üçün təhlükə yaradır. Elə buna görə də Vətən müharibəsindən sonra da vətəndaşlarımız mina terrorunun qurbanına çevrilib.
Cəbrayılda bir sıra fabrik və zavodların təməli qoyulub ki, bu da yeni iş yelərinin açılması və şəhərə köçən əhalinin məşğulluğunun təmin edilməsi baxımdan mühüm əhəmiyyətə malikdir. Rayonda KAMaz ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməli qoyulub. 200 hektar ərazini əhatə edən bu zonada anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, logistika və ticarət mərkəzi, yanacaqdoldurma məntəqələri fəaliyyət göstərəcək. Ən mühüm məqamlardan biri - Zəngəzur dəhlizinin (TRIPP) əsas hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsinin 90-95 faizi tamamlanıb.
Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını əks etdirən, rəmzi simvolu olan "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksi də Cəbrayılda yerləşir. Bu gün Cəbrayılda da meşə bərpa işləri görülür və yaşıllıq sahələri salınır. Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi də davam etdirilir.
Cəbrayıl şəhərinə növbəti sakinlərin köçürülməsi üçün ikinci yaşayış massivinin də tikintisinə başlanılıb. Ümumilikdə əhalinin rahat yaşayışı üçün infrastruktur, sosial, ictimai-iaşə obyektləri tikilib istifadəyə verilir.
Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş-elektrik enerjisi stansiyasının inşası da nəzərdə tutulub. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Şükürbəyli, Horovlu, Soltanlı kəndlərinin də təməli qoyulub və yaşayış məntəqələrində artıq yenidənqurma işlərinə başlanılıb. Bu da onda xəbər verir ki, bu kəndlərin sakinləri də çox keçməyəcək dədə-baba torpaqlarına əbədi qayıdacaqlar.
Cəbrayıllıların yurda dönüş sevinci
Prezident İlham Əliyevin sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu gün isə ilk azad şəhər günümüz - Cəbrayıl Şəhəri Günüdür. Ötən il - Cəbrayılın azadlığına qovuşmasının dördüncü ilində cəbrayıllılar da doğma yurdlarına qovuşdu. Böyük Qayıdışa dair I Dövlət Proqramı nəticəsində işğaldan azad olunmuş torpaqlara qayıdanlar arasında Cəbrayıl sakinləri də yer aldı.
2024-cü il sentyabrın 26-da ilk köç karvanı Cəbrayıl şəhərinə yola salındı. Digər şəhər və kəndlərə olduğu kimi, Cəbrayıla da köç prosesi mərhələli şəkildə davam edir. Bu günədək Cəbrayıl şəhərində ümumilikdə 659 ailə - 2856 nəfərin daimi məskunlaşması təmin olunub. Böyük qayıdış proqramı çərçivəsində Cəbrayıl şəhərinə, rayonun kəndlərinə hələ neçə-neçə köç karvanları yola salınacaq.
"Sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi"
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrilib. 4 oktyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunduğu müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən qurtuldu. "Həmin gün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.
Deputat qeyd edib ki, ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və onları yarmaq böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, daha sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. "1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezident İlham Əliyevə, xalqımızın bütün igid əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. Sevinirik ki, həyat öz axarına düşür, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdır və yenidən xoşbəxt, firavan həyat sürməyə başlayır", - deyə o əlavə edib.
C.Məmmədov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Cəbrayıllılar dövlət başçısının Cəbrayıla səfəri zamanı onun ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar.
Deputat qeyd edib ki, Cəbrayılda görülən quruculuq işləri tezliklə rayonun, eləcə də işğaldan azad olunmuş digər rayonlarımızın dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcəyini deməyə əsas verir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəlməsi üçün davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən çox diqqətçəkən məqamlardan biri də yeni məktəblərin tikilməsidir. Şuşada, Füzulidə, Xankəndidə, Cəbrayılda və digər yerlərdə məktəblərin fəaliyyətə başlaması qürurvericidir. "Bu gün Cəbrayıl şəhərinə gedib sakinlərlə görüşəndə, orada görülən işlərlə tanış olanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü siyasətin, xalqımızın böyük qəhrəmanlığı və Qarabağ zəfərinin nəticəsini müşahidə edirik. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Cəbrayıl öz sakinlərini yenidən qoynuna alır. Azərbaycanın iqtisadi gücü, həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, dövlətimizin siyasi möhkəmliyi məhz bu reallığı təmin edib. Ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Prezidentimizin uzaqgörən siyasətinin bariz göstəricisidir".
44 günlük Vətən müharibəsindən başlanan möhtəşəm qələbə ilə Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz işğaldan azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin qayıdışını prioritet istiqamət kimi müəyyən edib. Dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsait, həmin şəhər və kəndlərdə görülən geniş quruculuq işləri, əhalinin doğma yurda qayıdışı bunun bariz nümunəsidir. Çox keçməyəcək işğaldan azad olunmuş hər bir rayonun dirçəlişinin şahidi olacağıq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"