07 Dekabr 2023 09:02
7255
Oxucu məktubları
A- A+

AYNA həqiqəti etiraf etmək istəmir

 

Bir müddət öncə paytaxt sakinlərini narahat edən avtomobillərin parklanması ilə bağlı problemə toxunmuşduq. "AYNA "parkinqi" göstərmir" sərlövhəli araşdırmamızla bağlı redaksiyamıza deputatların, dövlət məmurlarının, ictimai xadimlərin və sadə vətəndaşların razılıq zənglərindən bəlli oldu ki, əslində, avtomobillərin parklanması sahəsində problemlər daha çoxdur və insanları narahat edən xeyli əlavə nöqsan da var.
Bu mövzuda növbəti araşdırmamızı hazırlayarkən ilk yazımızla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) redaksiyamıza məktub daxil oldu. Oxucularımıza yuxarıda təqdim etdiyimiz cavab məktubundan da göründüyü kimi, konkret faktlar və arqumentlərlə əks olunan araşdırma məqaləmizlə bağlı AYNA-nın cavabı yetərli deyil. Agentlik müvafiq əsasnamə və qaydaların rəsmi mətnindən götürülmüş məlumatı bizə "cavab məktubu" kimi təqdim edir və əslində, məqalədə toxunulan məsələlərin heç birinə tam aydınlıq gətirilmir. Yəni AYNA tərəfindən məqalədə göstərilən məsələlərlə bağlı əsaslı araşdırma aparılmayıb. Sadəcə olaraq qayda və protokollardan çıxarışlar əsasında məktub deklorativ xarakterli hazırlanıb.
Məqalədə əməkdaşımızın fərdi parklanma talonunun əldə edilməsi ilə bağlı yaşadığı problemə toxunmuşduq. Lakin AYNA-nın cavabı, verdiyi rəy həqiqəti əks etdirmir. Çünki əməkdaşımızın ilk müraciətində agentlik tərəfindən öncə fərdi parklanma talonunun uyğun olmadığı bildirilərək müraciəti ləğv olunmuşdu. Lakin əməkdaşımızın israrlı tələbi və real əsaslandırmasından sonra fərqlənmə talonu verilmişdi. Amma təəssüflər olsun ki, bu prosesdə də tam uyğunluq olmamışdır. Belə ki, həmin fərdi talon əməkdaşımızın yaşadığı binanın həyətindəki bütün parklanma məntəqələrinə şamil olunmayıb. Yəni binanın divarı ilə arasında cəmi 2 metrlik məsafədə olan parklanma məntəqələri (qaydalarda 100 metr məsafə nəzərdə tutulur) "parkinq" üçün keçərli olmayıb. Beləliklə, problem hələ də həllini tapmayıb. 
Əməkdaşımız tərəfindən konkret ünvanda aparılan araşdırma, habelə AYNA ilə telefon əlaqəsinin yaradılmasında yaranan daimi problemlər göstərir ki, vətəndaşları AYNA-nın fəaliyyətindən narazı salan əsas məqam məhz fərdi parklanma talonunun verilməməsi, təqdim edilərkən isə qaydalara düzgün əməl edilməməsidir. 
Mövzunu diqqətdə saxlayacaq, növbəti araşdırmalarda paytaxt sakinlərində narahatlıq və narazılıq yaradan və müsbət həllini gözləyən digər vacib məsələlərdən də bəhs edəcəyik.

 

***
 

"Azərbaycan" qəzetinin 3 noyabr 2023-cü il tarixli nömrəsində "AYNA" "parkinq"i göstərmir" adlı tənqidi yazısına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən cavab göndərilmişdir. Agentliyin İdarə Heyətinin sədri Anar Rzayevin imzaladığı məktubda deyilir: 

"Azərbaycan" qəzetində dərc olunmuş "AYNA "parkinq"i göstərmir" sərlövhəli məqalədə toxunulan məsələlərlə bağlı aşağıdakıları diqqətinizə təqdim edirik:
 

Kiçik problemlər həll olunur, böyük çatışmazlıqlar isə hələ də qalır
 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkəmizdə, o cümlədən paytaxt Bakı şəhərində səlahiyyətləri çərçivəsində yol hərəkətinin təşkili və təhlükəsizliyi səviyyəsinin artırılması, şəhər mobilliyinin inkişaf etdirilməsi, bu çərçivədə ictimai nəqliyyatın rahatlığının və əlçatanlığının təmin edilməsi, mikromobillik sahəsində dünya təcrübəsinin tətbiqi və digər istiqamətlərdə işlər həyata keçirməkdədir. Şəhər mobilliyinin ən vacib elementlərindən biri də parklanmanın idarə edilməsidir.
3 aydan artıq bir müddətdir ki, AYNA tərəfindən ödənişli parklanma sisteminin tətbiqinə başlanılıb. Bu gün də Bakı şəhərinin müxtəlif ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında 25 iyun 2023-cü il tarixli 213 nömrəli qərarına uyğun olaraq mərhələli şəkildə parklanma yerləri təşkil edilir, yol nişanları quraşdırılaraq ödənişli parklanma sistemi tətbiq edilir.
Bildiririk ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakıda şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.

 

"AYNA öz həyətindəki parklanma məntəqəsini fəaliyyətsiz sayırsa..."
 

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlərin müraciətlərinə baxılır və uyğun olduğu təqdirdə müraciət edildiyi tarixdən 15 iş günü müddətində nəqliyyat vasitələrini ödənişsiz saxlamaları üçün fərdi parklanma talonları verilir. "Azərbaycan" qəzetinin əməkdaşı İxtiyar Hüseynli fərdi parklanma talonu almaq üçün etdiyi müraciət əsasında AYNA əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, qanunvericiliyin tələb etdiyi müddət ərzində İxtiyar Hüseynliyə yaşadığı evin yaxınlığında yerləşən parklanma məntəqəsindən ödənişsiz istifadə üçün fərdi parklanma talonu verilmişdir.
 

Parklanma yerindən didərgin düşənlərin yaratdığı problemlər
 

Bildiririk ki, parklanmanın idarə edilməsi sahəsində AYNA-nın səlahiyyətləri yalnız dövlət avtomobil yolları ilə çərçivələnir. Yəni özəl ərazilərdə və yaşayış sahələrinin daxilində parklanmanın idarə edilməsi ilə bağlı hər hansı bir tədbir görmək AYNA-nın səlahiyyətlərinə aid deyil.
Daha öncə də qeyd etdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə, yalnız nağdsız qaydada həyata keçirilir.

 

Ərazidə işləyənlərin günlük "parkinq" xərcləri etiraz doğurur
 

Parklanmanın idarə edilməsi, o cümlədən ödənişli parklanmanın təşkili tələb və təklifin tənzimlənməsi baxımından çox vacib amil hesab edilir. Ödənişli parklanma həm də çəkindirici alət hesab olunmaqla insanların gündəlik səyahətlərdə şəxsi minik avtomobillərindən imtina etməsinə və alternativ nəqliyyat növlərinə üz tutmasına kömək edir. Bu da şəhərdə nəqliyyat tələbinin idarə edilməsi və tıxacların azalmasına müsbət təsir göstərir. Bu səbəbdən dünya təcrübəsinə baxdığımız zaman görürük ki, iş yerlərinə şəxsi minik avtomobilləri ilə gələn sürücülərə hər hansı güzəştlərin edilməsi yanaşması yoxdur.
Ödənişsiz parklanma müddətinin 22:00-dan deyil, 20:00-dan başlanması ilə bağlı təklif və bunun sakinlərin rahatlığı ilə əlaqələndirilməsi ilə bağlı bildirmək istəyirik ki, sakinlər fərdi parklanma talonu əldə edərək bütün gün boyu yaşadıqları ünvanlara yaxın ərazilərdə ödənişsiz park edə bilirlər. Ödənişli saat intervalı şəhərdə nəqliyyat sıxlığı və parklanma tələbatına uyğun olaraq müəyyən edilib.
Xahiş edirik nəzərə alasınız".

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video