Əvəzində diqqəti AŞ ölkələrində çoxsaylı problemlərə, siyasi təqiblərə, korrupsiyaya yönəltməlidir
Ermənistan Azərbaycan ərazilərini işğal etməyə başlayanda beynəlxalq hüquqdan, insan haqlarından, ədalətdən dəm vuran Avropa Şurasının səsi çıxmadı. Həmin dövrdə erməni vandallarının zülümlərindən, işgəncələrindən fəryad edən yalnız qarabağlılar və şərqi zəngəzurlular deyildi. 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilirdi.
Ermənilər Qərbi Azərbaycan torpaqlarını həmin dövrdə münaqişə ocağına çevirdilər. Silahlı erməni quldurları azərbaycanlıların evlərinə hücum çəkir, onlara ağır işgəncələr verərək ya qətlə yetirir, ya da şikəst edirdilər. Ermənistan hökuməti azğınlaşmış erməniləri qətiyyən cəzalandırmır, cinayət məsuliyyətinə cəlb etmirdi. Çünki məqsədləri bir idi. Rəsmi İrəvan Ermənistanı azərbaycanlılarsız qoymaq niyyətində idi. Məqsədlərinə də çatdılar. Minlərlə azərbaycanlı qədim yurdundan, isti ocağından qovuldu.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1980-ci illərin axırları, 1990-cı illərin əvvəllərində Qarabağda və Şərqi Zəngəzurda dəhşətli hadisələr baş verdi. Erməni vandalları azərbaycanlılara dağ çəkdilər, qoca, uşaq, əlil demədən qarşılarına çıxan soydaşlarımızı ya qətlə yetirdilər, ya da əsir götürdülər. Qarabağda və Şərqi Zəngəzurda ermənilərin xarabaya çevirmədikləri bircə azərbaycanlı yurdu qalmadı. Evlərini qarət etdilər, yandırdılar, ocaqlarını söndürdülər. Ermənilər Xocalıda, Ağdabanda, Meşəlidə, Qaradağlıda, Başlıbeldə qətliamlar, soyqırımları törətdilər.
Abad yurdlarımızı erməni quldurları talan edəndə, müharibə meydanına çevirəndə, dinc, günahsız insanları qətlə yetirəndə, sağ qalanlar azğınlaşmış düşmənin zülmlərindən baş götürüb yurdundan qaçanda da Avropa Şurasının haqlını dəstəkləyən səsi-sədası çıxmadı.
Otuz ilə yaxın Ermənistan Qarabağı və Şərqi Zəngəzuru işğalı altında saxladı. Həmin ərazilərdə nəinki tikinti işləri aparmadı, təbiətini də məhv etdi, ekoloji terror həyata keçirdi. Ermənistan işğal müddətində Qarabağda və Şərqi Zəngəzurda səngərlər, hərbi istehkamlar qurdu. 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalansa da, işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış yerlərini intensiv olaraq iriçaplı silahlardan atəşə tutdu. Nəticədə, atəşkəs dövründə də əsgər və zabitlərimiz, mülki insanlarımız şəhid oldu və sağlamlığını itirdi. Yenə də Avropa Şurası haqqa, həqiqətə tərəfdarlığını nümayiş etdirmədi.
Ermənistan Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş azərbaycanlıların taleyi barədə məlumat, Qarabağda və Şərqi Zəngəzurda basdırdığı minaların dəqiq xəritəsini verməkdən imtina etdi.
İşğalçı Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə zəfər çaldı. Qarabağı və Şərqi Zəngəzuru düşməndən azad etdi.
Ermənistanın cinayətkarlığının hədd-hüdudu olmayanda, Azərbaycan ərazilərini işğal altında saxlayanda ikili standartlar nümayiş etdirən bir sıra Qərb ölkələri və Avropa Şurası kimi təşkilatlar Azərbaycanın haqq savaşında qalib gələndə narahatlıqlarını gizlədə bilmədilər.
Azərbaycan isə öz gücü ilə ədaləti bərpa etdi. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında antiterror əməliyyatları həyata keçirdi. Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məğlubiyyətə uğradaraq ölkəmizin tam suverenliyinə nail oldu.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərləri bu gün məhkəmə qarşısında cavab verirlər. Məhkəmə prosesində onlar özləri də cinayətkar olduqlarını etiraf edirlər. Bunu şahidlərin ifadələri də təsdiqləyir. Ağır cinayətlər törətmiş belə şəxslərin məsuliyyətə cəlb olunmaları, qanun qarşısında cavab vermələri beynəlxalq hüquq çərçivəsindədir.
Təəssüf ki, ölkəmizin qanunla həyata keçirdiyi işlərə kölgə salmağa səy göstərənlər hələ də var. Belələri qərəzkarlığına yalandan don biçməyə çalışırlar. Lakin onların bütün cəhdlərini Azərbaycan faktlara əsaslanan, qətiyyətli mövqeyini əks etdirən cavabları ilə boşa çıxarır. Rəsmi Bakının Avropa Şurasının insan hüquqları üzrə komissarına verdiyi cavabı da bunu aydın göstərdi.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Maykl O'Flahertinin Azərbaycan əleyhinə bəyanatını şərh edərkən bildirib: "Aprelin 29-da Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O'Flahertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik".
Sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhd adlandıran XİN-in rəsmisi vurğulayıb ki, milli qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.
Ayxan Hacızadə diqqətə çatdırıb ki, Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir. Eyni zamanda insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib.
XİN-in mətbuat katibi daha sonra bildirib: "Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan islamofobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"