Lupus(kəpənək xəstəliyi) və ya revmatoid artrit kimi autoimmun xəstəlikləri olan qadınların kişilərlə müqayisədə yanlış diaqnozla üzləşmə və ya müalicənin gecikməsi ehtimalı daha yüksəkdir. Belə ki, onların simptomları tez-tez “psixoloji” kimi qiymətləndirilərək diqqətdən kənarda saxlanılır.
Britaniyalı tədqiqatçılar tərəfindən aparılan onlayn sorğu göstərib ki, autoimmun xəstəliyi olan qadınlara düzgün diaqnozun qoyulması təxminən dörd il çəkdiyi halda, kişilərdə bu müddət təxminən üç aydan bir ilə qədər davam edir.
Böyük Britaniyadakı Oksford Universitetinin doktorantı və bu yaxınlarda "eClinicalMedicine" jurnalında dərc olunmuş tədqiqatın həmmüəllifi Sidni Teylor bildirib ki, xüsusilə qadınlar tibb işçiləri tərəfindən dinlənilmədiklərini, eşidilmədiklərini və ya onlara inanılmadığını hiss edirdilər.1-ci tip diabet, dağınıq skleroz, iltihablı bağırsaq xəstəliyi və psoriaz( pullu dəmrov) kimi autoimmun xəstəliklər immun sisteminin səhvən orqanizmə “hücum etməsi” nəticəsində yaranır. ABŞ-də 23 milyondan çox insan autoimmun xəstəlikdən əziyyət çəkir və onların əksəriyyəti qadınlardır.
Sorğuda iştirak edən qadınlar arasında ən çox rast gəlinən xəstəlik növü haşimoto(tiroid hormon çatışmazlığı) xəstəliyini də əhatə edən autoimmun tiroid xəstəlikləri olub. Bu xəstəliklər adətən yorğunluq, səbəbi bilinməyən çəki artımı və soyuğa qarşı həssaslıq kimi əlamətlərlə özünü büruzə verir.
Qadın Sağlamlığı İdarəsinin məlumatına görə, autoimmun xəstəliklər hər kəsdə yarana bilər, lakin kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Məsələn, Amerika Lupus Fondunun verdiyi məlumata əsasən, lupus xəstəliyindən əziyyət çəkənlərin təxminən 90%-i qadınlardır.
Qadınların nə üçün daha çox risk altında olduğu tam aydın deyil. "Mayo Clinic" tərəfindən aparılan tədqiqatlar mikrobiom və cinsi hormonlardakı fərqlərə, həmçinin qadın orqanizminin autoimmun pozuntularla əlaqəli anticisimləri daha yüksək səviyyədə istehsal etməsinə işarə edir. "Stanford Medicine" tərəfindən 2024-cü ildə aparılan bir araşdırma isə X xromosomu ilə əlaqəli bir molekulda müəyyən ipucları aşkar edib. Bu pozuntuların bir çoxu erkən mərhələlərdə oxşar əlamətlərlə – yorğunluq, başgicəllənmə, cüzi hərarət, eləcə də stress, narahatlıq və depressiya ilə özünü büruzə verdiyindən, onların diaqnozunu qoymaq çətin ola bilər.
Teylor bildirib ki, simptomlar “görünməz” olduqda, yəni qan analizində aşkar edilmədikdə, yaxud ağrı, yorğunluq və qarışqa gəzməsi hissi kimi nevroloji əlamətlərlə müşayiət olunduqda yanlış diaqnoz qoyulma ehtimalı daha yüksəkdir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”