Yolçu Həsənov böyük ailəsi ilə birlikdə Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayır. Bu ailənin vətənpərvərliyi hamıya yaxşı məlumdur. 25 il əvvəl erməni təcavüzkarlarına qarşı mərdliklə vuruşan atanı bu gün igid hərbçilər sırasında bir cüt oğlu əvəz edir.
1990-cı illərin əvvəllərində Füzuli rayonunun hazırda işğal altında olan Qorqan kəndi də tez-tez namərd qonşularımızın hücumlarına məruz qalırdı. Bu zaman bir çox həmkəndliləri kimi Yolçu Həsənov da silaha sarıldı. Yerli özünümüdafiə batalyonuna daxil oldu. 1992-1993-cü illərdə 839 nömrəli batalyonun 702 nömrəli briqadasında xidmət etdi.
Yolçu kişi o günləri belə xatırlayır:
- Çox çətin vaxtlar idi. Milli Ordumuz hələ formalaşmamışdı. Silah-sursat sarıdan çox korluq çəkirdik. Torpaqlarımıza susayan yağıya quş tüfəngi ilə cavab verməli olurduq. Bizim avtomatımız olanda isə arxalı köpəklər üstümüzə pulemyotla gəlirdi. Ancaq heç nə döyüş əzmimizi qıra bilmirdi...
Onda Rəvan bələkdə idi. Atəş səsləri gələndə qorxub beşiyinin içində dik atılırdı. Ülfət isə dualar edir, Allaha yalvarırdı ki, uşaqların atasını və digər döyüşçüləri pənahında saxlasın.
Sonra məcburi köçkünlük həyatı başlandı. Gənc ailə çox əziyyətlərə qatlaşmalı oldu. Yolçu və Ülfət əl-ələ verib dörd övlad - üç oğul və bir qız böyütdülər. Övladlarını vətənə sədaqət, torpağa məhəbbət ruhunda tərbiyə etdilər.
Uşaqların hamısı orta məktəbi çətin şəraitdə olsa da, müvəffəqiyyətlə bitirdi. Yaşları çatanda Rəvan və Savalan ordu sıralarında əsgəri borclarını yerinə yetirdilər. Onlar yenə də torpağın müdafiəsində, keşiyindədirlər. Üç ildir yenidən hərbçilər sırasına qayıdıblar.
Bu gün iki oğlunun orduda olmasında Yolçu kişinin böyük rolu var. Onlar ikinci dəfə vətənin müdafiəsinə getmək qərarına gələrkən öz fikirlərini belə ifadə etdilər: “Yadındadırmı, ata, həmişə deyərdin ki, vətəni müddətlə sevməzlər, ona həmişə bağlı olar, onu həmişə müdafiə edərlər. Nə olsun ki, hərəmiz bir il yarım xidmət etmişik. Biz hərbi xidmətimizi qələbəyədək davam etdirəcəyik”.
Rəvan 1992-ci, Savalan isə 1994-cü ildə anadan olublar. Onlar keçən il aprel döyüşlərində hünərlə vuruşdular. Döyüşə atılan anadək doğmalarına heç nə deməmiş, bunu bir növ hərbi sirr kimi saxlamışdılar. Döyüşlər başlananda isə valideynlərinə mobil telefonla zəng vurub həm xeyir-dua almış, həm də bədayaqda bir hadisə baş verərsə, bəribaşdan halallıq istəmişdilər.
Yolçu Həsənov deyir:
- Aprel döyüşlərindəki qələbə əsgər və zabitlərimizin əzmini də, ordumuzun hərtərəfli təchizatını da, dövlətimizin gücünü də göstərdi. Ailəmiz o döyüşlərdə fərqlənən igidlərimizlə, o cümlədən oğullarımız Rəvan və Savalanla fəxr edir. Onların hər ikisi tankçıdır. Tankın üstündə əllərində Azərbaycan bayrağı tutaraq çəkdirdikləri şəkli evimizin ən böyük otağında divardan asmışıq. Bu, Lələtəpədə ucalan bayraqdır... Mən özüm keçən il aprelin 12-də Lələtəpəyə getdim. Uşaqlara, onların döyüş dostlarına baş çəkdim. Ordumuzun necə silahlarla təchiz olunduğunu əyani gördüm, hərbçilərimizin döyüş əzmini yaxından hiss etdim. Müdrik Prezident, Ali Baş Komandan İlham Əliyev, belə ordu və belə əsgərlərlə qələbə qazanacağımız şəksizdir!
Rəvan və Savalan Həsənovlar nümunəvi xidmət etdiklərinə görə onları vaxtaşırı evə buraxırlar. Hər dəfə də Yolçu kişi onlara deyir ki, mərd olun, göstərin o namərdlərə öz hədlərini! Ülfət xanım isə dua edir. Dua edir ki, qələbə bizimlə olsun, bütün oğullar sağ-salamat ev-eşiklərinə dönsünlər.
Ata öyüdü, ana duası həmişə xeyir gətirər...
Flora SADIQLI,
“Azərbaycan”