Ötən həftə Təl-Əvivdə Azərbaycanın turizm üzrə ofisinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın İsraildə turizm üzrə nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə açılış mərasimində çıxış edib. O deyib: “Biz çox şadıq ki, bu günü bizimlə bölüşürsünüz. Bundan sonra bu məkan Təl-Əvivdə Azərbaycanın bir hissəsi olacaq. Azərbaycan mədəniyyəti, ölkəmizin turizm potensialı barədə daha çox öyrənmək üçün buraya gəlin. Ümidvarıq ki, bu məkan sizin Azərbaycana səyahətiniz üçün başlanğıc nöqtə olacaq”.
AZƏRTAC xəbər verir ki, israilli jurnalist Raxel Avraam beynəlxalq münasibətlər sahəsində siyasi ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut ilə Amerikada çıxan nüfuzlu “Jewish Press” qəzeti üçün müsahibəsində bu barədə yazır.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mərasimdə çıxış edərək deyib: “Bu ofisin – Azərbaycanın İsraildə turizm üzrə rəsmi nümayəndəliyinin açılışı çox mühüm tarixi hadisədir. Bizim fikrimizcə, bu, ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə, ölkələrimiz arasında turizm potensialının artmasına xidmət edəcək. Bu ofis Azərbaycanın kiçik bir sərgi zalı kimi fəaliyyət göstərəcək. Burada siz ölkəmizin ruhunu hiss etmək, onun barəsində çoxlu yeniliklər öyrənmək imkanı qazanacaqsınız”.
F.Nağıyev daha sonra deyib: “İsrail ilə turizm münasibətlərinin inkişaf etdirilməsini çox mühüm strateji prioritet hesab edirik. Azərbaycan ilə İsrail arasında dostluq əlaqələri tarixi faktdır. Ölkələrimiz arasında dərin mədəni-tarixi əlaqələr, dostluq və harmoniya mövcuddur. Azərbaycan çoxsaylı etnik qrupların dinc şəraitdə yaşadığı tolerant və multikultural ölkədir. Azərbaycanlılar və yəhudilər əsrlər boyu birlikdə yaşayıb, eyni dəyərlərə xidmət ediblər. Təsadüfi deyil ki, dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə məkan məhz Quba rayonundakı Qırmızı Qəsəbədir”.
F. Nağıyevin sözlərinə görə, Azərbaycanda yəhudilərin irsinin qorunub saxlanması üçün müxtəlif tədbirlər keçirilir.
O, yaxın vaxtlarda İsrailin mülki əhalisinə qarşı silsilə terror aktlarının qurbanlarının doğmalarına başsağlığı verərək deyib: “Biz özümüz 30 il ərzində terrorizmlə, dinc əhaliyə hücumlarla üzləşmişik”.
Mərasimdə Arye Qut da iştirak edib. O, çıxış edərək bildirib ki, Azərbaycan öz ərazisinin 20 faizini erməni işğalından azad edib. İşğal dövründə bu ərazidə bircə ev, bircə uşaq bağçası və ya məktəb, bircə kitabxana və muzey belə salamat qalmayıb. Erməni işğalçılar Azərbaycanın bu cənnət guşəsini dağıdıb, onu yerlə-yeksan ediblər.
Arye Qut yaxın vaxtlarda İsraildə baş vermiş terror aktları mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi özünün rəsmi tvitter səhifəsində bu hadisələri pisləyib.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert deyib: “İsrail dövləti 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub. Avrasiyada heç bir başqa ölkə İsrail ilə Azərbaycandan daha sıx dostluq əlaqələrinə malik deyil. İsrail-Azərbaycan tərəfdaşlığı kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, silahlı qüvvələr və texnologiyalar sahəsində fəal əməkdaşlıq edilməsini nəzərdə tutur. İsrail dövləti Azərbaycanda neftin əsas alıcılarından biridir”.
Arye Qut vurğulayıb ki, turizm Azərbaycan-İsrail münasibətlərinin uğurlu inkişafı üçün daha bir böyük platforma ola bilər. O deyib: “Son illərdə, pandemiya başlanana qədər bu münasibətlər sürətlə inkişaf edirdi”.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin bu yaxınlarda dərc edilmiş press-relizində deyilir: “2019-cu ildə Azərbaycana səfər etmiş İsrail vətəndaşlarının sayı 47 min olub. Bu, 2018-ci ildəki ilə müqayisədə 17,3 faiz artım deməkdir. Pandemiya dövründə bu göstərici kəskin şəkildə azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə əlaqədar həmin rəqəm durmadan artmağa başlayıb”.
Arye Qut deyib: “Azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər. Yəhudi xalqı Azərbaycanda heç vaxt sıxıntı, təhqir, talan və digər antisemitizm təzahürləri ilə üzləşməyib. Azərbaycanda olmuş hər bir israilli təsdiq edə bilər ki, Azərbaycanda sinaqoqların qapıları gecələr açıq qalır, heç bir təhlükəsizlik kordonuna ehtiyac yoxdur. Halbuki Parisdə və ya Londonda belə kordonları görmək olar. Azərbaycanda istər ortodoksal yəhudilər, istərsə də sadə israillilər çəkinmədən ənənəvi libas geyinə bilərlər. Qərb ölkələrində isə, bu, demək olar ki, qeyri-mümkündür”.
Açılış mərasimində İsrailin Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb. Həmin sazişə görə, tərəflər turizm sahəsində əməkdaşlıq edəcək, iki ölkənin turizm hakimiyyət orqanları, turizm assosiasiyaları, müvafiq təşkilatlar və şirkətlər arasında tarix, rəqəmsal inkişaf və ekologiya sahələrində əməkdaşlıq münasibətləri möhkəmlənəcək. İki ölkə arasında macəra turizmi, habelə mədəni və tarixi irs obyektlərinə səfərlər təşviq ediləcək.
Bundan əlavə, martın 29-30-da Azərbaycan nümayəndə heyəti Təl-Əvivdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilmiş “International Mediterranean Tourism Market” (IMTM 2022) sərgisində iştirak edib. İsrailin turizm naziri Yoel Razvozov sərgidə Azərbaycan milli stendini ziyarət edib, orada nümayiş etdirilən məhsullarla tanış olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yəhudilərin tarixi irsinin turizm potensialının inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirib. Məsələn, bu məqsədlə turizm marşrutu hazırlanıb, İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə Quba rayonundakı məşhur Qırmızı Qəsəbədə dağ yəhudilərinin yığcam yaşadığı ərazilərdə turist marşrutlarının hazırlanması və təkmilləşdirilməsi üzrə iş aparılıb.
Arye Qut Amerikada çıxan nüfuzlu “Jewish Press” yəhudi media-platformasına eksklüziv müsahibəsinin sonunda deyib: “Mən İsrail vətəndaşı kimi yalnız qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi yəhudi icmasına böyük hörmət və ehtiram nümayiş etdirir. Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Yaxın vaxtlarda Azərbaycanda Dağ Yəhudiləri Muzeyinin rəsmi açılışı nəzərdə tutulur. Bu, Cənubi Qafqazda ilk Yəhudi Muzeyi olacaq. İsrail dövləti də yəhudi icmasına münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirir. Beləliklə, ölkələrimiz arasında, habelə Azərbaycan ilə orada yaşayan yəhudilər arasında münasibətləri adi qarşılıqlı maraq kimi izah etmək olmaz. Bu iki dövlət arasında müasir münasibətlər ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. Hər iki ölkədə möhkəm insani əlaqələr, dini baxımdan bir-birinə dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti hökm sürür”.