Bu ilin ilk altı ayında əmtəə ixracının dəyəri 16,9 faiz artaraq 14,3 milyard dollar təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 12,3 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (12,3 milyard dollar) 7,6 milyard dolları xam neftin, 4,2 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Bu ilin 6 ayı üzrə qeyri-neft-qaz ixracı 18 faiz artaraq 2 milyard dollar olub.
Altı ay üzrə əmtəə idxalı 0,9 faiz artaraq 8,1 milyard dollar təşkil edib. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 2,9 milyard dollar olub, bunun da 0,9 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 4 faiz artaraq 7,2 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (7,3 dəfə); hesablama maşınlarının (41,5 faiz); elektrik maşınları və aparaturanın (39,9 faiz); tütün və tütün məhsulları (24,7 faiz); qazanlar, avadanlıq, mexaniki qurğuların (23,1 faiz); sabun və yuyucu vasitələr (16,1 faiz); kağız məmulatları (15,9 faiz); şəkər (12,6 faiz); kran, klapan, boru kəməri armaturları (11,6 faiz); alkoqollu və alkoqolsuz içkilər (8,7 faiz); bitki yağları (8,5 faiz); daş və şüşə məmulatları (7,7 faiz), ağac məmulatları (6,9 faiz), ətir və kosmetik vasitələr (6,4 faiz); kərə yağı (5,8 faiz) və kommutasiya qurğuları (0,2 faiz) idxalı artıb. Bu dövrdə, turboreaktiv mühərriklər (75 faiz); gəmilər, qayıqlar və üzən konstruksiyalar (43,3 faiz); yük avtomobillərinin (37,2 faiz); minik avtomobilləri (36,8 faiz); mexaniki kürək və ekskavatorların (30,1 faiz); tərəvəz məhsulları (27,7 faiz); daxiliyanma mühərriklərinin (20 faiz); mebel malları (18,1 faiz); traktorlar (14,8 faiz); qara metallar (5 faiz); dənli bitkilər (4,5 faiz) və əczaçılıq məhsullarının (2,7 faiz) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4,5 faiz təşkil edərək 0,4 milyard dollar olub.