Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında effektiv dialoqu inkişaf etdirmək üçün körpü rolunu oynayır
Bakıda təsis olunan Qlobal Cənub QHT Platforması Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdəiki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olundu. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.
Forumun ilk günü Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti ilə yadda qaldı. Müraciətin ünvanlanması həm Azərbaycanın Qoşulmama Hərəkatı dövründəki sədrliyinin layiqli davamı, həm də Azərbaycanın vətəndaş cəmiyyətinə, ölkə rəhbərinin etimadı və inamı kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı "Bakı dönüşü"nün əldə olunması Qlobal Cənubda ölkəmizə böyük rəğbət yaradıb.
Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürü oldu.
Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edir.
115 ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə təsis edilən Qlobal Cənub QHT Platforması ilə xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək.
Prezident həmçinin vurğulamışdır ki, Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Azərbaycan bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərinə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindədir. Yəni bu platforma regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək: "Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik".
Mütəxəssislər hesab edirlər ki, Qlobal Cənub QHT Platforması eyni zamanda iqlim dəyişmələrinə qarşı mübarizədə sürətlənməyə zəmin yaradacaq.
Göründüyü kimi, Azərbaycan növbəti dəfə üzərinə böyük bir missiyanı götürərək Qlobal Cənubun problemlərinin həlli istiqamətində önəmli addım atıb. Forumda iştirak etmək üçün Bakıya gələn əcnəbi qonaqlar, QHT rəhbərləri də Azərbaycanın bu istiqamətdəki rolunu xüsusi qiymətləndiriblər. Səslənən fikirlərə ümumu şəkildə nəzər yetirdikdə aydın şəkildə bunu görə bilərik. Qeyd edilir ki, Azərbaycan vətəndaş cəmiyyətinin qlobal proseslərə cəlb edilməsi məsələsində nümunəvi ölkədir. Bu forumun yaradılması ilə Azərbaycan digər 115 ölkə ilə əməkdaşlıqda yeni mərhələyə başlayır. Azərbaycanın təşəbbüsü dövlətin QHT-lərin səylərini tamamlamaqla yanaşı, Qlobal Cənub ölkələrindən olan tərəfdaşları da prosesə cəlb edə biləcəyini nümayiş etdirir.
Bir sözlə, yeni yaradılan Qlobal Cənub QHT Platformasının bu gün və gələcəkdə Cənub ölkələrinin qarşılaşdığı ədalətsizliklərə qarşı birgə mübarizə aparmaq və cavab vermək üçün vahid bir cəbhə kimi fəaliyyət göstərəcək. Bu ədalətsizliklərə yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, müstəmləkə mirası, rəqəmsal bərabərsizlik, ticarət ədalətsizlikləri və digər mühüm Qlobal Cənub məsələləri daxildir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"