Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) tərəfindən “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görülən AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru akademik İradə Hüseynovaya mükafatı təqdim olunub.
Bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirə Azərbaycan ev sahibliyi edərək konfransın təşkilati işlərini yüksək səviyyədə həyata keçirməklə qlobal iqlim gündəliyində aktiv rol oynadığını dünyaya nümayiş etdirdi. AMEA rəhbəri COP29 çərçivəsində qlobal istiləşmənin qarşısının alınması, yaşıl enerjiyə keçidin sürətləndirilməsi, Xəzər regionunun yaşıl enerji potensialının dünyaya tanıdılması, bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin müzakirə edilməsinin dövlətimizin dünyanın gələcəyinə, ətraf mühitin və biomüxtəlifliyin qorunmasına göstərdiyi diqqətin əyani nümayişi olduğunu bildirib.
Akademik İsa Həbibbəyli 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Milli Elmlər Akademiyasında ətraf mühitin və biomüxtəlifliyin qorunmasına dair silsilə tədbirlərin baş tutduğunu, nəşrlərin işıq üzü gördüyünü, ekoloji maarifləndirmə işlərinin həyata keçirildiyini, təbiətə qarşı məsuliyyətli yanaşma hissinin aşılandığını vurğulayıb.
AMEA rəhbəri akademiyada bu istiqamətdə həyata keçirilən işlərin mərkəzində AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru akademik İradə Hüseynovanın dayandığını, nüfuzlu “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görülməsinin onun gərgin fəaliyyətinin nəticəsi olduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, bu mükafat Azərbaycan elminin, aliminin növbəti uğuru, dünya elmindəki nüfuzunun göstəricisidir.
Sonra Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kafedra müdiri professor Rəşad Qurbanov alimin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən buğda bitkisində quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması istiqamətində gördüyü işlərə toxunub. Həmçinin akademik İradə Hüseynovanın elmin populyarlaşdırılması sahəsində mühüm fəaliyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.
Daha sonra akademik İradə Hüseynovanı təbrik edərək mükafatı təqdim edib.
Akademik İradə Hüseynova “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görüldüyü üçün Rusiya Təbiət Elmləri Akademiyasının rəhbərliyinə və mükafatın təşkilat komitəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu il fevralın 2-də mükafatın təşkilat komitəsinin sədri, Rusiya Təbiət Elmləri Akademiyasının I vitse-prezidenti və akademik-katibi, professor Lida İvanitskayanın iştirakı ilə onlayn təqdimetmə mərasimi keçirilib.