Aprelin 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. Bildirilib ki, ötən il Azərbaycan həmkarlar ittifaqlarına 162 min 78 ərizə və şikayət daxil olub. Müraciətlərin 97,1 faizi müsbət həllini tapıb. Həmçinin keçən il həmkarlar ittifaqının 248 üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib. Onlardan 47-si Konfederasiya sədrinin qəbulunda olub və qaldırılan bütün məsələlər müsbət həllini tapıb. İşə bərpa ilə əlaqədar həmkarlar ittifaqlarına daxil olan 222 müraciətdən 132-si müsbət həll olunub. Eləcə də AHİK-ə 32 təşəkkür məktubu ünvanlanıb.
İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə kömək göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.
Həmçinin məlumat verilib ki, 2022-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslara həmkarlar ittifaqlarının 575 kadr və fəalı qatılıb. 2023-cü ildə isə 701 nəfərin Akademiyanın kurslarına cəlb edilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, həmkarlar ittifaqı üzvlərinin sayında 2021-ci illə müqayisədə ötən il 0,05 faiz artım olub, 8 sahə üzrə 44 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Ötən il işəgötürənlərlə 122 saziş, 11746 kollektiv müqavilə bağlanıb. “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2022” adı uğrunda keçirilən müsabiqədə 2150-dən artıq müəssisə və təşkilat iştirak edib ki, onlardan da 48-i qalib olub.
Daha sonra gündəlikdəki digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.