31 İyul 2025 09:10
732
Mədəniyyət
A- A+
Ağdam sevgisi ilə yaşayıb, Ağdam həsrəti ilə dünyadan köçdü

Ağdam sevgisi ilə yaşayıb, Ağdam həsrəti ilə dünyadan köçdü


Elə insanlar var ki, onlar doğulub böyüdükləri, havasını udduqları, suyunu içdikləri torpağa bənzəyirlər. Vətənə, yurda bağlı belə insanlar doğulduqları elin, obanın sevinci ilə yaşayıb, kədəri ilə od tutub yanırlar.  Xalq artisti, xanəndə Qədir Rüstəmov kimi... 

Haqqında düşünəndə ilk ağıla gələn bu olur ki, sanki o, doğma Qarabağın, doğulub boya-başa çatdığı Ağdamın başına gələnləri bir dəfə görüb,  yurdun dərdini  ruhuna hopdurub və bu dünyadan köç edib gedib. Üzünün cizgilərini, mənalı baxışlarını, gözlərinin dərinliklərindəki qəm-kədəri görən adam düşünə bilər ki, Qədir bu qədər dərdlə, məhəbbətlə ikinci dəfə dünyaya gəlib. Qədir Ağdam, Qarabağ aşiqi idi. Xarakter etibarilə çox dürüst, "dəli-dolu" ağdamlı idi.

O, oxumurdu, fəryad edirdi. Tanrı elə bil ona bu səsi bir millətin başına gələn faciələri anlatmaq üçün vermişdi. Qədir düşmən tərəfindən işğal olunmuş, yandırılıb külə dönmüş, dağıdılıb viran edilmiş Qarabağın, xarabazarlığa çevrilmiş Ağdamın hay-harayı, ah-naləsi, səsi, göz yaşı idi...


Dəryada gəmim qaldı, sona bülbüllər,

Biçmədim, zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cəfasın, sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər.


Qədir oxuyanda gözlərini yumurdu. Sanki o, bu məqamda Tanrı  ilə söhbət edir, ona Qarabağın başına gələcək bəlalardan soraq verirdi. O, yerində qıvrılıb yumağa dönür, şikarının üstünə atılmaq istəyən aslana bənzəyirdi. Heç kimi təkrarlamırdı, öz yolu və dəst-xəti var idi.

Xanəndə Qədir Rüstəmov qədim adam idi. Onu tanıyanların, yoldaşlıq edənlərin Qədir haqqında dedikləri "Qədir nəfissiz adam idi" sözləri olurdu. Gözü, könlü tox idi. Nə bu dünyada, nə də bu dünyanın malında gözü var idi. Gedəcəyi yeri sanki ona göstərmişdilər. Tərki-dünya idi, cənnətlik  idi. Böyük sənətkar olmaqdan başqa böyük adam idi Qədir Rüstəmov. Mövlanənin Cəmaləddinin, Yunus İmrənin, Aşıq Veysəlin ruh əkizi idi Qədir... 

O, özünə, sözünə, xarakterinə sadiq kişi idi. Doğru bildiyini edən, dünyasını sevən idi. Həyat yoldaşı Fatma Rüstəmova onun haqqında xatirələrini bölüşərkən  deyib: "Qədirə zəng edib hansısa nazir toya çağıranda, oxumağını istəyəndə, - getmirəm, -  deyirmiş. Rayona hansı yüksək vəzifəli şəxs gələndə onu oxumaq üçün dəvət edirmişsə, balıq tutmağa getdiyini söyləyib imtina edirmiş". 

 Qədir Rüstəmov "Üzeyir ömrü" filmində Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb. Yazıçı Anar onu bu rolu oynamağa güclə razı salıb. Deyilənlərə görə, çəkiliş meydançasında bir nəfərin Anara verdiyi "Qədiri necə razı sala bildin?" sualını eşidən xanəndə buna çox əsəbiləşir və oranı tərk edir. 

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Xalq artisti Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli  Qədir Çərkəz oğlu  Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir. Güllücə kənd orta məktəbində təhsil alan sənətkar musiqi təhsilini  Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovun sinfində, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir ilk olaraq xanəndə kimi elə Ağdamda məşhurlaşmışdır. 

Qədir Rüstəmov xanəndəlik sənətinə 11 yaşında başlayıb. Yeniyetmə vaxtından Qədiri dinləmək üçün adamlar onların Ağdamdakı evlərinin həyətinə yığışarmışlar. Yaşının az olmasına baxmayaraq, Qədir müəllimi Bahadur Mehrəliyevlə toylara da  gedirmiş. Bir dəfə Qədir toyda Xan Şuşinski ilə rastlaşıb. O, Qədirə "ay qara oğlan, oxu görək. Səsini yaman tərifləyirlər, görək nə qüdrətə maliksən",- deyir. Qədir "Qarabağ şikəstəsi"ni ifa edir və Xan Şuşiski onu çox bəyənir. Həmin toyda Seyid Şuşinski də Qədirin ifasında "Çahargah"a qulaq asır. İfasını bəyənən böyük sənətkarlar onu Bakıya dəvət edirlər.

Deyilənə görə, ilk qadın bəstəkarlarımızdan Ağabacı Rzayeva bir dəfə onun "Sona bülbüllər" ifasını eşidərkən ağlayaraq huşunu itirib. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir. Bu gün "Apardı sellər Saranı", "Laçın", "Reyhan", "Nə üçün gəlməz", "Ay dili-dili", "Sarı gəlin", "Sən getdin", "Olmaz, olmaz" və neçə-neçə mahnılara ölməz sənətkar öz möhürünü vurub. 

Qədir Rüstəmov təvazökar sənətkar idi. Onu alqışlayanda və ya tərif edəndə "əşi, mən nə edirəm, hamı kimi oxuyuram da", - deyərək söhbətin axarını dəyişməyə çalışardı. Dostları onun haqqında deyirlər ki, xarakteri ilə fərqlənən xanəndə kasıb və imkansız ailələrin toy məclislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclislərinin söhbəti aylarla, illərlə davam edərdi. 

O, Ağdamın işğalından sonra məskunlaşdığı Oğuzun təbiətinə vurğun idi. Böyük Qafqaz dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Oğuzun havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edərdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox balığa gedərdi. Həyat yoldaşı Fatma xanım müsahibələrinin birində qeyd edib ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik: "Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı (sonralar həmin daşlar Heydər Əliyev Fonduna bağışlanmışdı). Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı yaxşı olmasa da, kimin problemi vardısa, irəli düşüb həll etməyə çalışardı. Deyərdi ki, "darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik".

Bir müddət Oğuzda yaşayan Qədir Bakıya köçür. Ümummilli Lider Heydər Əliyevin qayğısı ilə əhatə olunur. Ona ev və maşın hədiyyə edilir.

Həyat qəribəliklərlə doludur. Qədir Rüstəmovun canı qədər sevdiyi Ağdamın işğaldan azad olunduğu günlə onun anadan olduğu gün eynidir. Xalq artistinin ömür-gün yoldaşı Fatma xanım mətbuata müsahibəsində hisslərini belə ifadə edib: "Bu xoş xəbər təqvimdə bizim üçün önəmli olan 20 noyabra təsadüf etdi. Elə bil ki, o günü Allah Qədirin  ruhuna hədiyyə etdi. Neçə illərdir ki, o günü görmək bizim arzumuz idi. Şükürlər olsun ki, Qarabağımız, Ağdamımız işğaldan azad edildi. Beynəlxalq Muğam Mərkəzinin özülü qoyulanda Qədir Ağdamdakı evinin açarlarını Prezident İlham Əliyevin icazəsi ilə ora atdı. Ona qədər ümidlə yaşayırdı. Ondan sonra deyirdi ki, ümidimi itirmişəm. Kaş yaşayardı, Qarabağın, Ağdamın işğaldan azad olunmasını görərdi. Torpaq həsrəti ilə dünyasını dəyişdi".

Bu gün işğaldan azad olunmuş Qarabağ, Qədir Rüstəmovun doğma yurdu Ağdam böyük tikinti meydançasına, abadlıq-quruculuq, bərpa işlərinin ünvanına çevrilib. İnsanlar öz dədə-baba yurdlarına qayıdır. Düşmənin "ruhlar şəhəri"nə çevirdiyi Ağdamda torpağa dən səpilir, zəmilər dalğalanır. İndi Qarabağda zəmiləri özümüz əkib, özümüz biçirik. Təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Ağdam Muğam Mərkəzinin bu il mayın 10-da açılışı oldu. Şübhəsiz ki, muğamlarımızın bənzərsiz, özünəməxsus ifaçısı Qədir Rüstəmovun ruhu bu büsatı görür və sevinir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!