Soyuq aylarda
rast gəlinən xəstəliklərdən biri pnevmoniyadır (sətəlcəm). Pnevmoniya bir və ya
hər iki ciyərdə iltihaba səbəb olan alt tənəffüs sistemi infeksiyasıdır. Bakteriyalar, viruslar və göbələklər
də daxil olmaqla, müxtəlif orqanizmlər sətəlcəmə səbəb ola bilər.
Həkim-terapevt
Nərminə Abbasova deyir ki, sətəlcəm yüngüldən, həyati təhlükəsi olan səviyyəyə dəyişə
bilər. 65 yaşdan yuxarı şəxslər, uşaqlar və körpələr, sağlamlıq problemləri olan
və ya immunitet sistemi zəifləmiş insanlar daha ciddi pnevmoniya keçirirlər. Pnevmoniyanın
əlamətləri və simptomları infeksiyaya səbəb olan mikrobun növü, yaş və ümumi sağlamlıqdan
asılı olaraq yüngül və ağır arasında dəyişir. Yüngül əlamətlər və simptomlar adətən
soyuqdəymə və ya qripə bənzər olur, ancaq uzun müddət davam edir.
Pnevmoniyanın
əlamətləri və simptomları aşağıdakılardır:
- nəfəs aldığınız
və ya öskürdüyünüz zaman sinədə ağrı;
- 65 yaş və
yuxarı yaşlılarda zehni
şüurda dəyişikliklər;
- ağciyərdə
bəlğəm;
- yorğunluq;
- qızdırma,
tərləmə və titrətmə;
- 65 yaşdan
böyüklər və zəif immun sistemli insanlarda normal bədən temperaturundan aşağı temperatura;
- ürəkbulanma,
qusma və diarreya;
- nəfəsin
qısalması.
Yeni doğulmuşlar
və körpələr infeksiya əlamətlərini göstərməyə bilir, ya da onlarda qusma, temperatur,
öskürək, narahatlıq və ya yorğunluq, enerjisiz görünmək, nəfəs almada və yeməkdə
çətinlik müşahidə oluna bilir. Tənəffüsdə çətinlik, sinədə ağrı, 390 C və ya daha
yüksək davamlı olan qızdırma, ya da davamlı öskürək, xüsusən də bəlğəmli öskürəkdən
əziyyət çəkildiyi halda həkimə müraciət edilməlidir. Həmçinin 65 yaşdan yuxarı böyüklər, 2 yaşdan kiçik uşaqlar
xəstəliyin əlamətləri və simptomları ilə, sağlamlıq səviyyəsi aşağı və ya zəifləmiş
immun sistemi olan insanlar, kimyəvi müalicə alan və ya immunitet sistemini zəiflədən
dərman qəbul edən insanlar da dərhal həkimə müraciət etməlidirlər. Bəzi ürək çatışmazlığı
olan və ya xroniki ağciyər problemləri olan yaşlı insanlar üçün sətəlcəm tez bir
zamanda həyati təhlükə doğurur və hətta ölümlə nəticələnir.
Siqaret ağciyərin müdafiə qüvvəsini zəiflədir
Soyuqdəymə
və qripə səbəb olan bəzi virusların da sətəlcəmə rəvac verməsini mümkün sayan həkim
N.Abbasova vurğulayır ki, 5 yaşdan kiçik uşaqlarda pnevmoniyanın ən çox yayılmış
səbəbi viruslardır: "Viral pnevmoniya adətən mülayim təbiətlidir. Ancaq bəzən bu,
çox ciddi hal da ola bilər. Bəzi növ pnevmoniya və qripin qarşısını almaq üçün peyvəndlər
mövcuddur. Peyvənd olunmaqla bağlı həkimlə məsləhətləşmək mütləqdir. Vaksinasiyalar
zamanla dəyişə bilir, buna görə də, daha əvvəl pnevmoniya peyvəndi almıs olsanız
belə, peyvəndinizi həkiminizlə yenidən nəzərdən keçirin. Uşaqların vaksinasiyasından
əmin olun. Həkimlər 2 yaşdan kiçik uşaqlar üçün başqa bir pnevmoniya peyvəndi, pnevmokok
xəstəliyi riski olan 2 ilə 5 yaş arası uşaqlar üçün isə başqa birini məsləhət görürlər.
Uşaqlara xidmət göstərən müəssisələrə gedən uşaqlar da peyvənd olunmalıdırlar. Həmçinin
6 aydan yuxarı olan uşaqlar üçün qrip vaksinini də təklif edirik”.
Həkim-terapevt qeyd edir ki, pnevmoniyaya yol aça
bilən, tənəffüs yollarına düşən orqanizmlərə qarşı qorunmaq üçün əlləri müntəzəm
yumaq və ya spirtli əl dezinfeksiyaedici məhsullarından istifadə etmək lazımdır:
"Qətiyyən siqaret çəkmək olmaz. Siqaret tənəffüs yolu infeksiyalarına qarşı ağciyərlərin
müdafiə qüvvəsini zəiflədir. İmmunitet sistemini güclü saxlamaq lazımdır. Kifayət
qədər gündəlik yuxu normasını yatmalı, sağlam qidalanmalı, davamlı şəkildə hərəkət
edilməlidir”.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”