20 Noyabr 2025 08:00
2799
CƏMİYYƏT
A- A+
Ağ günün mübarək, Ağdam!

Ağ günün mübarək, Ağdam!


30 ilin ağrı-acılarından, doğma vətənində məcburi köçkünə çevrilib dözülməz məhrumiyyətlərdən cana doyan, ancaq heç zaman inamını itirməyən qədim və böyük bir elin üzünə doğan Zəfər günəşi külli Qarabağı və Şərqi Zəngəzuru nura boyadı. Parlaq qələbə illərin dərdini, kədərini unutdurdu. Göz yaşlarının cığır açdığı üzlərə təbəssüm qondu. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olan oğulların qisası layiqincə alındı. Uzun illər boyu qaysaq bağlamayan yaralarımıza, ürəyimizə və torpaqlarımıza çəkilən çalın-çarpaz dağlara Qələbə ən gözəl məlhəm oldu.

İndi Şuşada, Xankəndidə, Ağdamda, Laçında, Kəlbəcərdə... dalğalanan ay-ulduzlu bayrağımız son dərəcə qürurvericidir. Qələbənin töhfələri misilsizdir. Ən qısa bir zaman kəsiyində Şuşa tanınmaz olub. Buludlar arasından sıyrılan günəş kimi nur saçır, yenidən mədəniyyət və turizm mərkəzinə çevrilir.  Qələbədən sonra  xüsusi zövqlə yenidən qurulan Laçının gözəlliyi göz qamaşdırır. Azadlığa qovuşan Xankəndi doğmalarının isti nəfəsi ilə canlanır. Zəngilan, Laçın və Füzuli aeroportları ölkəmizin ali qonaqlarını qəbul edir. Kəlbəcər istiqamətində keçilməz Ömər aşırımını asanlaşdıran, uzunluğu 11 kilometrdən çox olan tunelin tikintisi başa çatmaq üzrədir.

Ağdamda isə bu gün bayramdır - şəhər günüdür. Bayramın mübarək, doğma Ağdam! Uğrunda şirin canından keçib sənə qurban olan igid övladlarının ruhu bu gün Qarabağın aydın səmasında şad-xürrəm dolanır. Hər qarışına şəhid qanı hopan bu müqəddəs torpaq 30 il yağı düşmənin işğalı altında balasını itirmiş ana kimi inlədi. Zülm ərşə dirəndi. İsti yuvalarımız odlara qalandı, ev-eşiyimiz yağmalandı, kəndlərimiz, şəhərlərimiz, yaşı min illərlə hesablanan tarixi abidələrimiz, məscidlərimiz viran edildi. 

Heyif ki, bu ədalətsiz savaşda ən çox itirən sən oldun, mənim doğma Ağdamım. Erməni cəlladları sanki bütün bəd niyyətlərini Ağdama yönəltmişdilər. Bölgələr arasında ən çox şəhidi sən verdin. Qəhrəman oğulların sinəsini düşmən gülləsinə sipər edib, göylərə çəkildilər. Kini, qəzəbi selə dönən düşmən bir zamanların möhtəşəm ağ şəhərini qara libasa bürüdü, daşı üstdə daş qalmadı Ağdamın. Çal-çağırlı, cah-calallı Ağdam, sözün həqiqi mənasında, ruhlar şəhərinə çevrildi. Arxalı köpək qurd basdı. Dostlarından, havadarlarından, hər cür dəstək, yardım, silah-sursat, hərbi texnika alan Ermənistan 30 il doğma Qarabağımızı işğal altında saxladı. Zaman-zaman haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından nağıllar danışan Qərb, Avropa uzun illər boyu bu bəşəri cinayətləri, gerçək soyqırımı görməzdən gəldi...

Belə bir müdrik deyim var: haqq nazilər, amma  üzülməz. Biz haqqın  qələbə çalacağı anı nə az, nə çox, düz 30 il gözləməli olduq. Bu 30 ildə əl-qolumuzu sallayıb oturmadıq. Umu-küsüləri unudub ölkədə milli həmrəyliyi möhkəmləndirməyə çalışdıq. Dövlət başçısının ətrafında daha sıx birləşdik. Yenilməz birliyimizlə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gücünə güc qatdıq.

Xalqın xilaskar oğlu İlham Əliyev ən əlverişli bir zamanda orduya hücum əmri verdi. Cəmi 44 gün çəkən müharibə Azərbaycanın tam və qəti qələbəsiylə başa çatdı. Azərbaycan tarixi Zəfərə, Ermənistan isə rüsvayçı kapitulyasiya aktına qol çəkdi. Beş il əvvəl bir payız günündə Qarabağa azadlıq günəşi doğdu. Bu günəşin yurdumuza, elimizə, obamıza, doğma Qarabağımıza  əbədi bahar gətirəcəyi indi heç kəsdə şübhə doğurmur.

Çal-çağırlı, toy-büsatlı günlərinə yenidən qovuşan Ağdam vətən sevdalı oğullarının hərarətli əlləri ilə indi yenidən qurulur. Sinəsinə çəkilən çalın-çarpaz dağlar övladlarının doğma və isti nəfəsiylə əriyib yox olur. Ağdamı sürətlə canlanır, hər gün bir qarış yox, min qarış boy atır. Prezident İlham Əliyevin  hər bir ölkə vətəndaşına məlum olan istəyi budur ki, Ağdam dünyanın ən gözəl şəhərlərindən biri kimi qursun. Məhz onun - xalqın xilaskar oğlunun tapşırığı ilə hazırlanan şəhərin baş planında Ağdamı Qarabağın incisinə çevirmək üçün hər şey nəzərdə tutulmuşdur. Çox keçməz ki, düşmənin "ruhlar şəhəri"nə çevirdiyi Ağdam tezliklə göz qamaşdıran gözəlliyi ilə ermənilərin gerçək gözdağına çevriləcək.

Bərdə-Ağdam istiqamətində yeni çəkilmiş avtomobil yolu Avropa standartlarından  da üstündür. Yenidən bərpa edilmiş dəmiryol xətti Ağdama sürət qatarının qrafik əsasında işləməsini gerçəkləşdirdi. Artıq burada yeni fabrik və zavodlar Ağdam markası ilə məhsullar istehsal edir. Yaraşığı ilə diqqət çəkən Muğam mərkəzində vaxtaşırı maraqlı mədəni tədbirlər keçirilir. Yeni inşa olunan yaşayış məhəllələrin sırası getdikcə sıxlaşır. Gərgin iş qrafikinə baxmayaraq, Prezident İlham Əliyev tez-tez bölgəyə səfərlər edir. Aparılan tikinti-quruculuq işləri ilə tanış olan dövlət başçısı dəyərli məsləhətini verir, yeni layihələrin təməlqoyma mərasimlərində iştirak edir.

Bu günlər rayonda olduq, vətəndaşların qəbulu, müraciətlərə baxılması vəziyyəti ilə maraqlandıq. Görüşdüyümüz, həmsöhbət olduğumuz hər kəsdə böyük Zəfərin ilk yubileyinin yaratdığı xoş ovqatı hiss etdik. Rayon sakinləriylə söhbətlərdən sonra o qənaətə gəldik ki, Ağdam Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə həssaslıqla baxılmasını, onların  qəbulunun təşkilini, qaldırdıqları 

problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daim diqqət mərkəzində saxlayır, "Yerli İcra Hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Prezident İlham Əliyevin imzaladığı sərəncamın tələblərinə ciddi əməl edir. Öyrəndik ki, cari ilin 10 ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatına 1984 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 1177-si, yaxud 59,3 faizi həll olunmuşdur. Hər həftənin 3-cü günü rayon icra hakimiyyəti başçısının qəbuludur. Bu, rəsmi qrafikdir. Əslində isə ara günlərində gələnlər də qəbul olunub, diqqətlə dinlənilir. Çalışılır ki, heç kəs yerli icra orqanından narazı qayıtmasın. Birmənalı demək olar ki, RİH-in başçısı hər kəs üçün əlçatandır. Rayon sakinləri Vaqif Həsənovla yolda, küçədə, el-obanın xeyir-şər məclislərində müxtəlif tədbirlərdə görüşüb dərdlərini, problemlərini deyə bilirlər.

 Hər həftənin 5-ci günü rayonun ayrı-ayrı yaşayış məntəqələrində, ayda bir dəfə isə məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakıda səyyar görüş-qəbullar keçirilir. Bu il keçirilmiş 39 səyyar görüş-qəbulda 3387 nəfər vətəndaş iştirak etmişdir. Qaldırılan problemlərin əksəriyyəti müsbət həll edilmiş, rayon icra hakimiyyətinin səlahiyyəti daxilində olmayan məsələlər isə aidiyyəti üzrə müxtəlif mərkəzi icra orqanlarına göndərilmişdir. 

Bu gün Ağdamda vətəndaş-məmur münasibətlərinin normal səviyyədə olması xoş ovqatın, yükəsk əhvali-ruhiyyənin əsas şərti kimi qəbul edilməlidir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun bu duruma özünəməxsus yanaşması var. Deyir ki, Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəyə təyin olunmaq hər kəsə müyəssər olmayan bir şərəfdir: "Amma bundan yüz qat artıq məsuliyyətlidir. Dövlət başçısının etimadını doğrultmaq, elinə-obana vicdanla xidmət etmək üçün gərək bütün enerjini sərf edəsən, camaatla qaynayıb-qarışasan, insanların xeyrindən-şərindən qalmayasan".

Bu yaxınlarda Prezident İlham Əliyev bir sıra rayonlara yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən çox dəyərli fikirlər söylədi. Onlara tapşırıq və tövsiyələrini verdi. Dedi ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Xüsusi vurğuladı ki, bütün kəndləri bir-bir gəzib orada insanlarla təmasda olmaq mənim sizdən tələbimdir. Dövlət başçısı bu sözləri, əslində, yeni təyin olunan icra başçılarına demirdi. Bu tapşırıqlardan hər bir dövlət məmuru öz payını götürməli, fəaliyyətini məhz bu konkret tələblər əsasında qurmalıdır. Prezidentin istəyi budur ki, hər bir məmur dövlətinə, xalqına vicdanla, şərəflə xidmət etsin. Xalqımızın sınaqlardan çıxmış yenilməz birliyi, dövlətimizin gündən-günə artan qüdrəti üçün bu, çox lazımdır.

Bir daha ağ günün mübarək, Ağdam! Səni azadlığa, bizləri xoş ovqatlı günlərə qovuşduran Ali Baş Komandana və ordumuza əbədi eşq olsun!


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!