Müstəmləkə ölkələr bərabərhüquqlu dialoqun olmamasından və Parisin onların təhlükəsizliyini təmin etməməsindən narazıdırlar
Fransız Afrikasının sərhədləri son vaxtlar tikişlərdə partlayır. Əvvəllər Parisə baxan ölkələr xaricdə yeni müttəfiqlər axtarırlar. İyulun sonunda Niger hərbçiləri prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırdılar, idarəçilik səlahiyyətləri vətənin xilası üçün Milli Şuraya keçdi və o, Fransaya qızıl və uranın ixracını dərhal dayandırdı. Ötən ilin sentyabrında Burkina Fasoda dövlət çevrilişi baş verdi. Bir il əvvəl - qonşu Malidə də bu proses yaşanıb. Parisin təsirindən çıxmaq istəyən növbəti Afrika ölkəsi Seneqal ola bilər. Çad və Qabonda da anti-Fransa əhvali-ruhiyyəsi sezilməkdədir.
Qızıl və uran əldən çıxır
Niger xuntasının ilk qərarlarından biri konstitusiyanın fəaliyyətini dayandırmaqla yanaşı, Fransaya qızıl və uran ixracını kəsmək oldu. Ölkə dünyanın yeddinci ən böyük uran istehsalçısıdır və Afrikada Namibiyadan sonra ikincidir. Keçən il Niger qlobal uran istehsalının təqribən 5 faizini, Fransanın tələbatının isə 15-17 faizini dövlət hesabına təmin edirdi.
Beşinci Respublikada bütün elektrik enerjisinin təxminən 75 faizi atom elektrik stansiyalarının payına düşür, ona görə də nüvə yanacağı üçün xammal tədarükünün dayandırılması ölkənin enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Paris 1960-cı ilə qədər onun müstəmləkəsi olan Nigerdə baş verənlərə sərt reaksiya göstərib. Prezident Emmanuel Makron ölkədə öz vətəndaşlarını və dövlət maraqlarını silah gücünə qoruyacağını vəd etsə də, sonda hərbi qüvvələrini çıxarmağa məcbur oldu.
Narazıların düşərgəsi
Son zamanlar Afrika ölkələrində Parisin hərəkətlərindən narazılıq artmaqdadır. Nigerdən sonra Seneqalda da nümayişlər başlayıb. Fəallar müxalifət lideri Ousmane Sonkonun saxlanmasına etiraz olaraq küçələrə çıxıb. Ölkənin bəzi bölgələrində etirazlar Fransa bayrağının yandırılması ilə müşayiət olunub. Çadda və neft nəhəngi Qabonda da analoji hadisələr baş verir.
Çoxları hələ də Parisi Liviyanın işlərinə müdaxilə etdiyinə görə tənqid edir, bunun nəticəsində Müəmmər Qəzzafi devrilib, ölkə vətəndaş müharibəsi uçurumuna yuvarlanıb, qonşu dövlətlərin ərazilərində - Burkina Faso, Mavritaniya, Mali, Niger və Çadda terrorçular fəallaşıb.
Qvineya-Bisau, Mavritaniya və Toqo koronavirus pandemiyası zamanı Fransanın COVID-19-a qarşı mübarizədə yardımını qeyri-kafi hesab edərək Parisdən narazı qalıb. Kamerun, Kot-d'İvuar və Konqo Respublikasında media və ictimai müzakirələrdə Yelisey sarayının cihadçıların yaratdığı təhlükə qarşısında bu ölkələrin təhlükəsizliyini təmin edə biləcəyinə dair şübhələr getdikcə daha çox səslənir.
Ekvatorial Qvineya isə ötən il Beynəlxalq Ədalət Məhkəməsində Fransanı korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək ona qarşı iş başlatdı.
Bütün bu ölkələrdə Fransaya qarşı əsas iddialar oxşardır - müttəfiqin maraqlarına etinasızlıq və xəsislik.
Postkolonial keçmiş
Bu ilin fevralında Fransa Prezidenti Emmanuel Makron hər şeyi dəyişməyə və keçmiş müstəmləkələrlə münasibətləri yaxşılaşdırmağa cəhd edib. Afrika turnesi zamanı o, Şarl de Qollun dövründə formalaşdırılmış və qitədəki keçmiş koloniyalar üzərində Parisin qeyri-rəsmi qəyyumluğunu nəzərdə tutan Fransız Afrikası (Franceafrique) dövrünün başa çatdığını, ikitərəfli və çoxtərəfli münasibətləri yeni şəkildə qurmaq zamanının yetişdiyini bildirib.
Fransa rəhbəri vurğulayıb ki, Paris Afrika ölkələrinin daxili işlərinə qarışmamaq siyasətinə sadiqdir.
Lakin çoxları ikiüzlü Makronun sözlərini aldadıcı hesab edib. Belə ki, Paris keçmiş koloniyaların işlərinə daim fəal şəkildə qarışır.
Xatırladaq ki, 1979-cu ildə fransız qoşunları CAR diktatoru Bokassanı, 2011-ci ildə isə Kot-d'İvuarın Fransa əleyhinə olan prezidenti Loran Qbaqbonu devirdilər. 2013-cü ildə Paris Malidə "Serval", CAR-da isə "Sanqaris" əməliyyatının köməyi ilə "vəziyyətin həlli" ilə məşğul olub. Hər iki halda Yelisey sarayı ölkənin iqtisadi maraqlarını rəhbər tutub.
Prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland müxtəlif vaxtlarda Afrika ilə münasibətləri bərpa etməyə çalışıblar. Onların hamısı bildirirdi ki, münasibətlər modelinin müstəmləkəçilik konsepsiyasına əsaslanması Afrika ölkələri ilə bərabərhüquqlu dialoq qurulmasına mane olur. Lakin bu konsepsiyadan uzaqlaşdıqdan sonra da Fransa hakimiyyəti qitədəki ambisiyalarından əl çəkmədi.
Hər iki seçki kampaniyası zamanı "Afrika ilə əlaqələrin müstəmləkələşdirilməsinin" qəbuledilməz olduğunu bəyan edən prezident Emmanuel Makron əvvəlki Fransa liderlərinin siyasətini davam etdirdi. Bu siyasət, Afrika ölkələrinin siyasi kursuna kənar nəzarətdən, hərbi mövcudluqdan, o cümlədən terror təhdidlərinə qarşı mübarizədən, həmçinin fransız biznesinin maraqlarının lobbiçiliyindən ibarətdir.
Rizvan HİLALOĞLU,
"Azərbaycan"