Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının mərkəzin daxili reyestrində qeydiyyata alındığı iddia olunur. Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Bu barədə AZƏRTAC-a AEM-dən məlumat verilib.
Bildirilib ki, yayılan saxta sənədin sonunda guya " AEM Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. “AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir. Bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyinin AEM-in tabeçiliyində fəaliyyət göstərən “Sandoz Pharma” şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir. Bir daha bildiririk ki, AEM-in tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir. AEM belə ad altında işə qəbul aparmır. AEM tərəfindən işə qəbul zamanı heç bir ödəniş tələb edilmir. Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur. Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir”, - deyə məlumatda vurğulanıb.
Həmçinin qeyd edilib ki, AEM dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir. GTIN (Global Trade Item Number) məhsulun beynəlxalq identifikasiya nömrəsidir və istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən GS1 beynəlxalq standartları əsasında əldə edilir. Başqa sözlə, GTIN və xətti barkod AEM tərəfindən deyil, məhsulu istehsal edən və ya qeydiyyatdan keçirən şirkət tərəfindən rəsmiləşdirilir:”GS1 məhsulların beynəlxalq identifikasiyası üçün standartlar hazırlayan qeyri-kommersiya təşkilatıdır. Bu standartlar məhsulların bütün təchizat zənciri boyunca izlənilməsinə və məlumat mübadiləsinin vahid qaydada aparılmasına xidmət edir. AEM-in tətbiq etdiyi Dərman vasitələrinin təqib və izləmə sistemi çərçivəsində isə dərman vasitələrinin hər bir satış qablaşdırması üçün DataMatrix identifikasiya kodu formalaşdırılır. Bu kodun tərkibində GTIN, unikal seriya nömrəsi, partiya (lot) nömrəsi və son istifadə tarixi yer alır. Məhz bu məlumatlar dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin izlənilməsinə, saxta dərman vasitələrinin dövriyyəsinin qarşısının alınmasına və təchizat zəncirində şəffaflığın təmin edilməsinə imkan verir. Beləliklə, dərman vasitələrinə GTIN (xətti barkod) AEM tərəfindən deyil, beynəlxalq GS1 standartlarına uyğun olaraq istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən verilir. AEM-in səlahiyyətlərinə dərman vasitələri üçün xətti barkodun verilməsi aid deyil”.
AEM vətəndaşlara bir daha müraciət edərək bildirib ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdikləri sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər.
“Faktla bağlı AEM tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək. AEM vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır", - deyə məlumatda vurğulanıb.