Mübahisəli əsərlərdə nasizm lideri müxtəlif obrazlarda görüntülənir
Adolf Hitlerin təsvirləri kilsələrdə aşkarlanıb. Əslində, bu o qədər də nadir hal deyil. Hitlerin təsvirini kilsə pəncərələrinin vitrajlarında və ya mehrabların qanadlarında tapmaq olar. Bəs bu necə oldu ki, ortaya çıxdı?
Vayl-der-Ştadt şəhəri Almaniyanın cənub-qərbində yerləşir. Burada Müqəddəs Pyotr və Pavel katolik kilsəsi yerləşir. Pastor Anton Qruberin dediyinə görə, ziyarətə gələn çoxdur, əksəriyyəti üçün Hitlerə baxmaq maraqlıdır.
Hitler şərin təcəssümü kimi təsvir edilib
Pəncərə məbədin sağ tərəfində yerləşir. Bu, İsanın həyatından səhnələri əks etdirən doqquz paneldən ibarət olan böyük vitrajın bir hissəsidir. Sağ üst küncdə nəfs səhnəsi: şeytan İsa peyğəmbərin imanını sınağa çəkir. Bu səhnədə rəssam JoKarl Huber açıq-aydın şəkildə Adolf Hitlerin xüsusiyyətlərini sarı paltar geyinmiş şeytanda təsvir edib. Bu kontekstdə sarı rəng - həsəd və mübtəlalıqdır.
Bununla yanaşı, rəssamın konkret olaraq bu əsərə heç bir şərhi yoxdur - yalnız onun Hitleri öz dövrünün iblisi kimi təsvir etmək istədiyini təxmin etmək olar. Əsər 1939-cu ildə yaradılıb. Onu yalnız rəsmin yaranma tarixçəsi, rəssamın tərcümeyi-halı və o dövrün təfərrüatları məlum olduğu halda şərh etmək olar. Pastorun sözlərinə görə, nasistlər JoKarl Huberin işləməsinə qadağa qoyub, 1936-cı ildə isə onlar onu “degenerativ incəsənət”ın yaradıcısı kimi ifşa ediblər.
Mübahisəli əsərlər və onların yaranma tarixi
Tarixçi və publisist Mixael Kuderna əmindir ki, bu kilsə pəncərəsi millətçı sosializmə və onun rəhbərliyinə qarşı aydın və cəsarətli bəyanat nümayiş etdirir. Özünün “Sərhədləriaşma: alman-fransız memarı, onun şah əsərləri və kilsələrdə Hitlerin təsvirləri” adlı yeni kitabında Kuderna bir neçə kilsədə Hitlerin təsvirlərini nəzərdən keçirib: “Tədqiqat zamanı Hitlerin 1945-ci ilədək yaradılmış beş və 1945-ci ildən sonra çəkilmiş doqquz şəklini tapdım. Erkən görünüşlərə gəldikdə, söhbətin məhz Hitler haqqında olduğunu sübut etmək çətindir, buna 100 faizlik əminlik yoxdur. Müharibədən sonra kilsələrdə Hitlerin təsvirinin yerləşdirilməsi repressiya riski olduğu əvvəlki illərlə müqayisədə şərin nümayəndəsi kimi - məsələn, cəhənnəmdə yanan cəllad və ya cani kimi təsvir edilir. Zaman keçdikcə obrazlar dəyişirdi: rəssamlar tez-tez Hitleri başqa kontekstlərə yerləşdirirdilər, ona daha sakit, sərbəst, bəzən hətta yumorla yanaşmağa başladılar”.
Kuderna öz tədqiqatlarına 20 il əvvəl Fransada kilsəni ziyarət edərkən başlayıb. Vayl-der-Ştadt şəhərinin kilsəsindəki pəncərədən fərqli olaraq, fransız vitrajı 1945-ci ildən sonra yaradılıb. “Qarşımızda Əhdi-Ətiqdən olan səhnədir: Rahil-Lavanın qızı atasının bütlərini oğurlayır. Onlardan birini rəssam Qabriele Kütemeyer Hitlerə bənzədib. Rəssamın atası nasizmin qəti əleyhdarı olub, bir müddət Berlində gestapo həbsxanasında saxlanılıb. Qabriele tez-tez atasından eşidirdi ki, almanlar lazımi bütləri təqib etmirlər. Bu, rəssamda, şəkildəki həmin əlaqəni axtarmaq fikri oyadıb”, - deyə Mixael Kuderna düşüncələrə dalır.
Tədqiqatçı ümumilikdə müxtəlif məbədlərdə Hitlerin təsvir olunduğu 14 əsər tapıb.
Mürəkkəb keçmişin işlənməsi
Kitabda tarixçi Münhendə Hitlerin cəllad şəklində təsvir edildiyi bir hadisəni xatırladır: “Şəkildə mürəkkəb izləri var idi və onu əlçatmaz yerə qoymuşdular. Başqa bir hadisə də olub. Bavariyanın Landshut şəhərində Hitler, Gebbels və Gerinqin müqəddəs şəhid Kastula işgəncə verdiklərini təsvir edən kilsə pannosu ətrafında müzakirələr uzun illər davam edib. Müharibədən sonra amerikalılar əvvəlcə şəkli çıxarmağı tələb ediblər. Ancaq rəssamın müqavimət döyüşçüsü olduğunu bildikdən sonra fikirlərindən daşınıblar”.
Kudera əmindir ki, bu obrazların yox olmasına imkan vermək olmaz, onlardan keçmişlə işləmək üçün istifadə etmək lazımdır.
Pastor Anton Qruber də belə polemik əsərlərin açıq müzakirəsini istəyir: “Nasizm dövründə çəkilmiş fotoşəkillər tarixin sübutudur. Belə olan halda niyə mən kilsədə Adolf Hitleri görməli deyiləm?”
Yeri gəlmişkən, Anton Qruberin xidmət etdiyi Vayl-der-Ştadt kilsəsində Hitlerin tamamilə təzə bir görüntüsü var - bu, 2018-ci ilə aiddir. Şəkildə təsvir olunmuş təlxəklər dəstəsində Hitler və bir çox digər tanınmış şəxslər göstərilir. Rəssam Diter Qross öz fikrini bu cür ifadə edib: “Hitleri bir çoxları arasında sadə bir axmaq kimi təsvir edə bilərəmmi?”
Mixael Kuderna üçün bu Hitler indiyədək gördükləri arasında ən qəribəsidir. Tədqiqatçının dediyinə görə, onun fikrincə, Hitlerin təlxək kimi təsviri onun tarixdə oynadığı rola uyğun gəlmir. Öz növbəsində, pastor Qruber gördüklərinə şərh vermək və mübahisə etmək hüququnu ziyarətçilərin öhdəsinə buraxır.
Rizvan HİLALOĞLU,
“Azərbaycan”