Doktorantura proqramı gənc hüquqşünas alim kimi formalaşmaq
arzusunda olanlara təkrarsız fürsətdir
Azərbaycanın ali təhsil ocaqları arasında xüsusi yeri olan
ADA Universiteti fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif ölkələrin tanınmış
universitetləri ilə əməkdaşlıq edir, əcnəbi tələbələrin cəlbi istiqamətində müxtəlif
fəaliyyətlər həyata keçirir, qarşılıqlı memorandumlar imzalayır, çoxsaylı beynəlxalq
layihələr, proqramlar həyata keçirir. Belə proqramlardan biri də ADA Universitetinin
Martin Lüter adına Halle-Vittenberq Universitetinin (MLU) birgə əməkdaşlığı ilə
təqdim etdiyi hüquq üzrə doktorantura proqramıdır. ADA Universitetinin Hüquq Proqramının
direktoru Rəşad İbadovdan bu proqramın məqsədi, xüsusiyyətləri, üstünlükləri, qəbul
qaydaları haqda aldığımız müsahibəni oxuculara təqdim edirik.
- ADA Universitetinin
Martin Lüter adına Halle-Vittenberq Universitetinin (MLU) birgə əməkdaşlığı ilə
təqdim etdiyi hüquq üzrə doktorantura proqramının əsas məqsədi nədir?
- Öncə onu qeyd edim ki, ADA Universitetinin Hüquq Proqramı
2018-ci ildə yaradılıb. Bu proqram mükəmməl hüquq biliyinə, analitik və kritik hüquq
düşüncə tərzinə və hüquqi müqayisə aparmaq bacarığına sahib, hüquq ilə cəmiyyətin
digər sahələrindəki əlaqəni çevik şəkildə dəyərləndirməyi bacaran, peşəkar və effektiv
kommunikasiya vərdişlərinə malik olan, qlobal hüquq çağırışlarına cavab verən və
oturuşmuş etik dəyərlər nümayiş etdirən hüquqşünasların yetişdirilməsini nəzərdə
tutur.
Bu məqsədləri və Hüquq Proqramının elmi-hüquqi tədqiqat
strategiyasını nəzərə alaraq, ADA Universiteti Avropanın bir sıra tanınmış universitetləri
ilə əməkdaşlığa başlayıb və bir neçə ABŞ universitetləri ilə oxşar məzmunlu akademik
əlaqələrin qurulmasını yaxın gələcək üçün qarşısına məqsəd qoyub. Bu istiqamətdə
Almaniyanın tarixən nüfuzlu və müasir alman hüquq təhsilində ciddi elmi çəkiyə malik
olan Martin Lüter Universiteti ilə birgə hazırlanmış Hüquq üzrə Doktorantura Proqramını
misal göstərmək olar. Doktorantura proqramının əsas məqsədi ADA Universitetinin
Hüquq Proqramının müasir hüquq təhsili standartlarına uyğun daimi inkişafını, MLU-da
hüququn əsas sahələri üzrə doktorluq dərəcəsi almış perspektivli alim hüquqşünasların,
professor-müəllim heyətinin tədrisə cəlb edilməsi ilə təmin etməkdən ibarətdir.
Doktorluq proqramının bir neçə vacib xüsusiyyətlərini qeyd
etmək yerinə düşərdi. Belə ki, proqramın kurrikulumu hər bir doktorant tələbə üçün
fərdi şəkildə və elmi rəhbərin razılığı əsasında tərtib olunur. Doktorluq proqramının
ortalama müddəti 4 il yarımdır və bu müddət ərzində tələbələrin daimi olaraq Almaniyada
yaşaması tələb olunur. Elmi-hüquqi tədqiqatın əhəmiyyətli hissəsi Almaniyada həyata
keçirildikdən (ortalama 2-3 il) sonra müstəsna hallarda və elmi rəhbərin razılığı
əsasında doktorant tələbələr daimi əsaslarla Azərbaycana qayıda və ya doktorluq
işinin müəyyən araşdırmasını digər universitetdə apara bilərlər. Bundan əlavə, tələbələr
doktorantura proqramının tədqiqat mərhələsini bitirdikdən sonra müəyyən qısa zaman
intervallarında Azərbaycana qayıdaraq ADA Universitetində müvafiq akademik işlərlə
(məsələn, seminar və vorkşoplar təşkil etməli, elmi məruzələrlə çıxış etməli) məşğul
olmalıdırlar.
Doktorluq dissertasiyası yalnız ingilis və ya alman dilində
yazıla bilər. Lakin onu da vurğulamaq lazımdır ki, bütün doktorant tələbələr MLU-da
təklif olunan müvafiq hüquq fənlərini alman dilində uğurla başa vurmalıdırlar. Bu
baxımdan namizədlərin müvafiq dilləri bilməsi və ya öyrənməsi (ingilis dili üzrə
minimum 6.5 bal IELTS və ya minimum 85 bal TOEFL nəticəsi; alman dilindən ən az
B2 səviyyə) tələb ediləcək. Təhsil müddətində hər bir tələbə 1.500 avro məbləğində
aylıq təqaüdlə təmin olunacaq. MLU tələbələrə yaşayışla bağlı müvafiq texniki dəstək
də (məsələn, ev və ya yataqxana tapılması, viza məsələlərinin həlli və s.) göstərəcək.
Təqaüdlər yalnız doktorant tələbənin yaşayış xərclərini əhətə edəcək. Tələbənin
ailəsinin və ya öhdəliyində olan şəxslərin xərclərinin ödənilməsi bu proqramda nəzərdə
tutulmayıb. Təhsil müddətində doktorantura proqramının tələblərini yerinə yetirməyən
tələbələrin təqaüdləri dayandırıla bilər.
- Doktorantura proqramına
6 nəfər uğurlu namizəd seçiləcək. Bu isə namizədlər arasında rəqabətin yüksək olacağından
xəbər verir. Namizədin uğurlu hesab edilərək proqrama qəbul olunması üçün hansı
göstərici və keyfiyyətlərinə xüsusi diqqət yetiriləcək?
- Doktorantura proqramına 6 namizədin hüququn əsas sahələri
- mülki hüquq, cinayət hüququ və administrativ hüquq üzrə seçilməsi hədəflənib.
Bu baxımdan seçim prosesində əsas göstərici və keyfiyyətlərlə yanaşı, namizədlərin
hüquq təhsilində əldə etdiyi göstəricilər, hüquqşünaslıq fəaliyyəti üzrə təcrübəsi
və ya elmi-hüquqi tədqiqat sahəsində əldə etdiyi uğurlar, bu proqrama maraq göstərməsinin
səbəbləri, təklif edilən elmi-tədqiqat mövzusunun əhəmiyyəti və aktuallığı, habelə
tələb olunan dilləri bilməsi kimi bacarıqlar əsas meyar kimi götürüləcək.
- Qəbul prosesi neçə
mərhələdən ibarətdir və hansı formada aparılacaq? Namizədlərin proqrama qəbulla
bağlı müsbət nəticələri nə vaxt açıqlanacaq?
- Qəbul prosesi şəffaf, obyektiv və bərabərlik şəraitində
aparılacaq. Bu mənada ADA Universitetinin Hüquq Proqramı və Martin Lüter Universitetinin
Hüquq fakültəsinin professorlarından ibarət komitə formalaşdırılıb. Elanda göstərilən
qaydalara müvafiq şəkildə sənədlərin elektron poçt vasitəsilə qəbulu başa çatdıqdan
sonra komitə hər bir namizədin ərizəsini əhatəli şəkildə dəyərləndirəcək (I mərhələ)
və uğurlu namizədlər müsahibə mərhələsinə (II mərhələ) dəvət ediləcəklər. Müsahibələr
onlayn rejimdə təşkil ediləcək, ingilis və ya alman dilində aparılacaq. Komitə namizədlərin
seçim prosesini iyul ayının sonundan gec olmayaraq başa çatdırmağı hədəfləyir. Bundan
sonra müsahibə mərhələsindən uğurla keçmiş namizədlər oktyabr ayınadək ADA Universitetində
təşkil olunacaq doktorantura proqramına ilkin hazırlıq və alman dili kurslarına
cəlb ediləcəklər. Eyni məzmunlu hazırlıq kursları oktyabr - aprel ayları ərəfəsində
MLU-da təşkil ediləcək. Aprel ayından etibarən doktorant tələbələr MLU-da elmi-hüquqi
tədqiqat sahələrinə uyğun fənlərdə iştirak edəcəklər.
- Hüquq üzrə Doktorantura
Proqramı "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin
beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata
keçirilir. Bu barədə əlavə məlumat vermənizi xahiş edirik.
- Ölkəmizdə milli təhsilin müasir təhsil standartlarına
uyğunlaşdırılmasını təmin etmək, habelə qabaqcıl bilik və təcrübənin Azərbaycanın
dövlət və özəl sahələrində tətbiq edilməsinə nail olmaq məqsədilə yüzlərlə gənc
azərbaycanlının nüfuzlu universitetlərdə təhsil alması maliyyələşdirilib. Bu strategiyanın
tərkib hissəsi olaraq müvafiq Dövlət Proqramı doktorantura səviyyəsi üzrə təhsil
proqramlarının təşkil edilməsi üçün geniş imkanlar təklif edir. "Təhsil haqqında”
qanunun 5.4-cü maddəsinə, habelə Dövlət Proqramının mahiyyətinə müvafiq olaraq,
komitə doktorantura proqramına ən layiqli namizədlərin seçilməsini qarşısına məqsəd
qoyub.
- Sözügedən doktorantura
proqramı məzunlarının əldə edəcəkləri əsas üstünlük və nailiyyətlər hansılar olacaq?
- Əvvəla, onu vurğulamaq lazımdır ki, doktorantura proqramını
bitirmiş şəxslər Martin Lüter Universitetinin hüquq üzrə fəlsəfə diplomunu əldə
edəcəklər. Bundan başqa, doktorant tələbələr geniş mənada alman hüquq sistemini
müqayisəli şəkildə öyrənmək, alman hüquq təhsilinin məqsədlərini qavramaq və müvafiq
hüquq sahəsi üzrə ciddi elmi-hüquqi tədqiqat apararaq, həmin sahənin incəlikləri
ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Başqa sözlə, doktorantura proqramı
gənc hüquqşünas alim kimi formalaşmaq arzusunda olan şəxslər üçün təkrarsız fürsətdir.
Bundan başqa, proqram elmi-hüquqi mühitin daha da zənginləşdirilməsinə, müxtəlif
sahələr üzrə hüquq dərsliklərinin hazırlanmasına və ixtisaslaşmış tədqiqat mərkəzlərinin
yaradılmasını hədəfləyib.
- Alman təhsil sistemi
ilə Azərbaycan təhsil sistemi arasında nəzəri və praktiki baxımdan özünəməxsus fərqlər
mövcuddur. Tələbələrin bu fərqləri və alman hüquq sisteminin əsas keyfiyyətlərini
dərindən öyrənməsi üçün proqramın kurikulumu və strukturu hansı formada qurulub?
- Məlumdur ki, yerli hüquq təhsilimiz keçmiş sovet və rus
hüquq təhsilindən əsaslı şəkildə bəhrələnib. Lakin sovet və rus hüquq təhsili özü-özlüyündə
alman hüquq təhsili modelindən ciddi şəkildə təsirləndiyinə görə, Azərbaycan hüquq
təhsili ilə alman hüquq təhsili modeli arasında fərqliliklərdən əlavə, bəzi struktural
və pedaqoji oxşarlıqlar da müşahidə etmək mümkündür. Bundan əlavə, Azərbaycan Respublikasında
bir neçə əhəmiyyətli qanun layihələri alman qanunvericiliyi əsasında və ya alman
hüquqşünas ekspertlərin birbaşa iştirakı ilə hazırlanıb. Bunların arasında "İnzibati
İcraat haqqında Qanun”, "İnzibati Prosesual Məcəllə”', "Şəhərsalma və Tikinti Məcəlləsi”,
"Mülki Məcəllə”, "Mülki Prosesual Məcəllə”, "Beynəlxalq Xüsusi Hüquq haqqında Qanun”
və "Beynəlxalq Arbitraj haqqında Qanun” kimi əhəmiyyətli normativ-hüquqi aktları
misal göstərmək olar. Bu prosesin davamı olaraq bir çox azərbaycanlı hüquqşünaslar
Almaniyada hüquq təhsili alaraq hazırda ölkəmizdə dövlət və özəl sektorda fəaliyyət
göstərirlər. Bu baxımdan, alman hüquq təhsilinin Azərbaycanın hüquq təhsili və hüquq
sisteminin formalaşdırılmasındakı rolu olduqca əhəmiyyətli hala çevirilməkdədir
və bu təsir növbəti illərdə getdikcə daha da artacaq. Lakin bütün bu inkişaf perspektivlərini
nəzərə alaraq qeyd etmək lazımdır ki, yerli hüquq təhsilində hər hansı bir hüquq
təhsili modelinin "copy & paste” formatında tətbiqinə yol vermək olmaz. Bu səbəbdən
milli hüquq təhsili və hüquq sisteminin formalaşdırılması məqsədilə müqayisəli hüququ,
xüsusilə də alman, fransız və ingilis hüquq sistemlərini dərindən bilən alim hüquqşünasların
yetişdirilməsinə böyük ehtiyac var.
Bir çox Avropa universitetlərinin təcrübəsində mövcud olduğu
kimi, müvafiq doktorantura proqramında da kurikulum doktorant tələbə ilə elmi rəhbər
arasında razılaşma əsasında formalaşdırılır. Lakin bu qaydada müstəqil yanaşmanın
olmasına baxmayaraq, doktorantura proqramının kurikulumu ümumi şəkildə aşağıdakı
formada strukturlaşdırılıb:
- 1-ci mərhələ doktorantura pilləsinə hazırlığı və alman
dilinin öyrədilməsinin təkmilləşdirilməsini nəzərdə tutur;
- 2-ci mərhələ tələbələrin müvafiq hüquq fənlərində iştirak
edərək sahə üzrə biliklərinin zənginləşdirilməsini əhatə edir;
- 3-cü mərhələ elmi-hüquqi tədqiqatın aparılması və doktorluq
dissertasiyasının ilkin variantının hazırlanması ilə başa çatır;
- 4-cü mərhələ doktorluq dissertasiyasının son variantının
hazırlanmasını və müdafiə üçün təqdim edilməsini nəzərdə tutur.
- Bilirik ki, doktorant
tələbələr proqram ərzində həm ADA, həm də MLU-nun professor-müəllim heyətinin akademik
dəstəyindən yararlanacaqlar. Doktorantura tezisinin müdafiəsində hansı universiteti
təmsil edən elmi-rəhbərin rəyi əsas götürüləcək?
- Doktorluq dissertasiyası MLU-da əvvəlcədən razılaşdırılmış
professorların elmi rəhbərliyi altında yazılmalı və müvafiq daxili qaydalar çərçivəsində
MLU-da müdafiə olunmalıdır. ADA Universitetinin professor-müəllim heyəti müxtəlif
metodoloji və elmi məsləhətlər verəcək, həmçinin doktorant tələbələrin elmi-hüquqi
tədqiqat mövzusundan asılı olaraq, yardımçı elmi-rəhbər kimi çıxış edə biləcəklər.
- Proqram məzunları
Azərbaycana qayıtdıqdan sonra əldə etdikləri bilik və təcrübələri məhz ADA Universitetində
tətbiq edəcəklər?
- Əvvəldə qeyd etdiyim kimi, Hüquq üzrə Doktorantura Proqramının
əsas məqsədi ADA Hüquq Proqramının professor-müəllim heyətinin fəaliyyətinin daha
da gücləndirilməsinə xidmət etməkdir. Lakin vurğulamaq lazımdır ki, Azərbaycana
qayıtdıqdan sonra doktorant tələbələr üzərində ADA Universitetində çalışmaq kimi
öhdəlik qoyulmayıb. Bu seçim - ADA Universitetinin professor-müəllim heyətinin tərkib
hissəsi olmaq istəyi tərəflərin qarşılıqlı tələbləri və gözləntiləri əsasında təşkil
ediləcək.
- Pandemiya dövründə
onlayn və ənənəvi təlim-tədrisə sürətli keçidin şahidi olduq. Hüquq üzrə doktorantura
proqramında onlayn komponentlərdən istifadə ediləcəkmi?
- Ümumiyyətlə, onlayn vasitələrdən istifadə ADA Universitetində
təklif olunan tədris prosesinin təməlində duran əsas elementlərdən biridir. Təbii
ki, bu proqramda da müxtəlif onlayn seminarlar, vorkşoplar və qonaq mütəxəssislərin
təqdimatlarının təşkili nəzərdə tutulur.
- ADA Universitetində
mütəmadi olaraq müxtəlif proqramlarla bağlı onlayn Məlumat Sessiyaları və vebinarlar
keçirilir. Yaxın gələcəkdə hüquq üzrə doktorantura proqramına uyğun MLU ilə birgə
Məlumat Sessiya və ya vebinar planlaşdırılırmı?
- Hələ ki, belə bir vebinarın təşkili nəzərdə tutulmayıb.
Lakin maraqlı şəxslər elanda göstərilmiş müvafiq e-mail və telefon nömrələri vasitəsilə
əlaqə saxlayıb suallarını ünvanlaya bilərlər.
Xəyalə MURADLI,
"Azərbaycan”