"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi təkcə nefti və qazı hasil etmək üçün dəniz qurğularının, karbohidrogenləri Səngəçala çatdırmaq üçün sualtı boruların tikintisini deyil, həm də inşaat işlərinin aparılması üçün obyektlərin yaradılmasını, yaxud mövcud sahələrin modernləşdirilməsini tələb edirdi. AÇG mərhələ-mərhələ işlənərkən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bir çox istehsalat sahələri yenidən quruldu, Səngəçal terminalı genişləndirildi, müxtəlif təyinatlı gəmilər modernləşdirildi və digər işlər görüldü.
Hazırda "Mərkəzi Azəri" yatağında yerləşən və buradakı Hasilat, Qazma və Yaşayış Platformasına körpü vasitəsilə birləşdirilən KvəSP-nin (Kompressor və Suvurma Platforması) üst modullarının tikintisi də yeni bir inşaat meydançasının yaranması zərurətini ortaya çıxardı. Bu problem Bakının Bibiheybət ərazisində "Azfen" şirkətinə məxsus tikinti sahəsinin modernləşdirilməsi ilə həll olundu. Bura ATA ("AMEK-Tekfen-Azfen") konsorsiumunun tikinti-quraşdırma meydançasına çevrildi.
ATA alyansı KvəSP layihəsinin icrasına 2002-ci ilin payızında başlamışdı. Qeyd edildiyi kimi, ilk növbədə tikinti-quraşdırma sahəsinin özü yenidən quruldu. Ərazidə 60-dək yeni bina və sexin inşası nəzərdə tutulmuşdu. Yalnız təchizat sahəsində yeni qaraj, xidmət binaları və s. tikildi. Üst modulların tikintisi üçün nəzərdə tutulan sahənin yeniləşdirilməsi bundan sonra orada ağırlığı 25 min tondan çox olan avadanlıqların quraşdırılması imkanını yaratdı. İş həcminə eləcə də müxtəlif növ gəmilərin, o cümlədən Xəzərdə ən iri gəmilərdən birinin - "Azərbaycan" kran barjının yan almasına imkan verən sahənin genişləndirilməsi daxil idi.
AÇG layihəsinin əməliyyatçısı olan BP şirkətinin 2003-cü il dekabrın 22-nə olan məlumatında deyilirdi: "ATA tikinti-quraşdırma sahəsində modernləşdirmə işləri başa çatmışdır. Bu yaxınlarda 55 yeni tikinti tamamlanıb ki, buraya 260 nəfərlik yaşayış sahəsi və 400 yerlik yeməkxana da daxildir. KvəSp üst modullarının dənizə yola salınması üçün STB-1 nəqliyyat barjına yüklənəcəyi yerdə sahil zolağının bərkidilməsi davam edir. Göyərtənin tikintisi üçün stapelləri və köməkçi obyektləri quraşdırmışıq".
14 aprel 2004-cü il: "KvəSP-nin göyərtəsinin tikintisi hazırda qrafiki qabaqlayır".
27 iyul 2005-ci il: "KvəSP-nin üst modulları iyulun 2-də ATA-dan uğurla yola salınmış, iyulun 3-də isə tam təhlükəsiz şəkildə dənizdə dayaq bloku üzərində yerləşdirilmişdir".
Xatırladaq ki, KvəSP-nin üst modulları ağırlığı 14 min tondan çox olan dünya səviyyəli bir obyektdir. "Mərkəzi Azəri"də yerləşsə də, bütün "Azəri" yatağına xidmət edir, adından da göründüyü kimi, suvurma, qazvurma və ixrac imkanlarına malikdir.
Bu qurğunun tikintisi, Xəzərdəki daimi yerinə çatdırılması və istismar sınaqları BP-nin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) qaydalarına uyğun aparıldı. Platforma indiyədək də bu qaydalarla işləyir. Həmin qaydalar sözügedən tikinti-quraşdırma sahələrində də böyük önəm daşıyır.
ATA-dakı sonrakı işlər də uğurlu oldu. Belə ki, "Dərinsulu Günəşli" yatağında quraşdırılacaq iki platformadan birinin üst modullarının tikintisi ATA-nın üzərinə düşdü. Texnoloji Proseslər, Kompressor və Suvurma Platforması AÇG müqavilə sahəsində quraşdırılan altıncı platforma idi. Onun üst hissəsinin tikintisi müvəffəqiyyətlə başa çatdı və qurğu STB-1 barjına yüklənib dənizə aparılaraq 2007-ci ilin sentyabr ayında dayaq bloku üzərində quraşdırıldı.
"Qərbi Çıraq" platformasının üst modullarını da ATA tikdi. STB-1 barjı əvvəlki qaydada qurğunu dənizə çatdırdı. Keçən ilin sentyabr ayında göyərtə dayaq bloku ilə təhlükəsiz şəkildə birləşdirildi və istismar sınaqlarından uğurla çıxdı. Bu il yanvarın 28-də isə "Qərbi Çıraq" özünün ilk neftini verdi.
ATA indi daha böyük tikinti meydanına çevrilib. Burada yanaşı olaraq iki platformanın üst modulları ucaldılacaq. O platformalar ki, Xəzərdə "Şahdəniz" yatağının ərazisində də qoşa dayanacaq və bir-birinə körpü vasitəsilə birləşdiriləcək. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda "Şahdəniz-2" layihələri üzrə baş meneceri İlqar Məmmədov deyir ki, hər iki qurğunun - yəni Hasilat və Dikborular Platformasının, eləcə də Yaşayış Bloklu Texnoloji Təchizat Platformasının üst modullarının inşası, barja yüklənməsi, eləcə də sazlama və istismaravermə işləri ilə bağlı müqavilə ATA konsorsiumu ilə bağlanıb. Müqavilə çərçivəsində tikinti-quraşdırma işləri bu ilin yanvar ayından başlanıb və müvəffəqiyyətlə davam etdirilir.
"Əsrin müqaviləsi"ndən başlanan yol yeni meqalayihələrə qovuşur.
Vaxt gələcək, hazırda işlənməkdə olan layihələr də müvəffəqiyyətlə sona çatacaq. Qurulan infrastruktur isə Azərbaycanda həmişəlik qalacaq və xalqımıza xidmət edəcək.
Flora SADIQLI,
"Azərbaycan"