Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Ölkəmiz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Qarşılıqlı etimad mühitinin qorunması əsasdır. Eyni zamanda Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsi özündə bir çox məqamları ehtiva edir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May - Müstəqillik Günü ilə bağlı dövlət başçısı İlham Əliyevə təbrik məktubunda da qeyd olunduğu kimi, Amerika Azərbaycan ilə əlaqələrini terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşusu ilə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir. "Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. ABŞ Prezidenti belə bir əminliyi ifadə edir ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, göründüyü kimi, Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanla daha sıx əlaqələr qurmaq, praqmatik siyasət aparmaq niyyətindədir. Əvvəlki Bayden və Blinken rəhbərliyinin yürütdüyü siyasət nəticəsində bu ölkə nüfuzunu itirirdi. Hazırkı mərhələdə Tramp administrasiyası həm Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, həm də ABŞ-nin beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini bərpa etməyə səy göstərir.
Azərbaycanın tarixi zəfərinin yaratdığı reallıqlar fonunda regionda və dünya siyasətində artan rolundan bəhs edən V.Rəhimzadə vurğulayıb ki, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilən Azərbaycanla əməkdaşlıq hər bir ölkə üçün önəmlidir: "Azərbaycan sabitləşdirici aktora çevrilib, təhlükəsiz ölkə kimi nüfuz qazanır, atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın xarici siyasətinin əsas hədəflərini belə açıqlayıb ki, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"