Ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Məkkə şəhərində, Məscidül-həramın ərazisində, islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaq suyudur. İslam inanclarına görə, bu bulaq min illər əvvəl İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.
Zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılaraq dünyanın ən sağlam və faydalı sularından biri hesab olunub. Mənbəyi hələ də tapılmayan bu su yüz illərdir ki, öz keyfiyyətini itirmir, qurumur, həcmi azalmır, tükənmir, onun tərkibinə heç vaxt xlor əlavə edilmir. İllərlə saxlansa belə xarab olmur, öz keyfiyyətini quyudan təzə çıxmış kimi saxlayır. Başqa quyulardan fərqli olaraq onun divarlarında mamır və başqa bitkilər bitmir. Avropa laboratoriyalarında aparılan araşdırmalarda zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub. Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.
Digər sulara nisbətən daha çox qidalandırıcı və mineral maddələrlə zəngindir.
Hər dərdə dəva olan bu suyun baş ağrısını, qızdırmanı anında kəsdiyi deyilir. Gözün görmə qabiliyyətini bərpa etməyə kömək edir. Ağrıkəsici xüsusiyyətlərə sahib olduğu bilinir. Bağırsaqlarda əmələ gələn parazitləri təmizləyir. Ağızda bakteriya əmələ gəlməsini önləyir, diş çürüməsinin qarşısını alır. Qan dövranını rahatlaşdıran zəm-zəm suyu qan təzyiqini tarazlayır. İmmunitet sistemini gücləndirir, hüceyrələrin yenilənməsini dəstəkləyir və qocalmanı ləngidir.
Yaponiyalı alim Masaru Emoto zəm-zəm kristallarını mikroskop altında müşahidə edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisənin şahidi olub. Onun sözlərinə görə, kristallar səsə reaksiya verir: “Zəng səsində tündləşən kristallar Quran oxunanda paklaşır və şəffaf rəng alır”.