Öz ölməz misraları ilə sanki bugünümüzə üz tutmuş,
"Yad et məni, Şaiqanə yad et” demiş Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair,
dramaturq, pedaqoq Abdulla Şaiq fevralın 22-də Birinci Fəxri xiyabanda anıldı. Anadan
olmasının 138-ci ildönümünə həsr edilmiş tədbir Abdulla Şaiqin mənzil muzeyi və
Abdulla Şaiq adına 2 nömrəli kitabxananın birgə təşkilatçılığı ilə keçirildi.
Tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri,
Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
müəllim və tələbələri, Abdulla Şaiq adına 54 saylı orta məktəbin müəllim və şagirdləri,
Rusiya İnformasiya Mərkəzi nümayəndələri və KİV nümayəndələri iştirak etdilər.
Abdulla Şaiqin
mənzil muzeyinin direktoru Ülkər Talıbzadə tədbiri giriş sözü ilə açdı. Daha sonra
Abdulla Şaiq irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva
ədibin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xidmətlərindən danışdı. O,
Abdulla Şaiqin şair, nasir, dramaturq, pedaqoq, ədəbiyyatşünas, publisist kimi Azərbaycan
ədəbi fikir tarixinə verdiyi töhfələri diqqətə çatdırdı. Filologiya elmləri doktoru
Baba Babayev Abdulla Şaiq yaradıcılığının çoxdiapazonlu mahiyyətindən, bütün zamanlar
üçün aktuallığından söz açdı. Abdulla Şaiqin adını daşıyan 2 nömrəli kitabxananın
direktoru Yəmən Əmirova, 54 saylı orta məktəbin ədəbiyyat müəllimi Rəfiqə Hüseynova
çıxışlarında Abdulla Şaiq irsinin tərbiyəvi əhəmiyyətini vurğuladılar.
Tədbir 54
saylı orta məktəbin şagirdlərinin, A.Şaiq
adına 2 saylı kitabxananın kiçikyaşlı fəal oxucularının çıxışları ilə davam etdirildi.
Şagirdlər böyük şairin "Qızılgül”, "Qərənfil”, "Vətən”, "Ülkər” və başqa şeirlərini səsləndirdilər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”