Tovuzun Ermənistanla
sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə
seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ
müharibəsi veteranının anasıdır.
AZƏRTAC xəbər
verir ki, Laçın nənə Qarabağın düşmən tapdağından azad olunması, Qələbə xəbərini
eşitmək arzusu ilə yaşayır. Gözləri zəif görür. Amma çətinliklə olsa da, iynəyə
sap keçirib köhnə işini davam etdirir.
Hələ 30 il
əvvəl üçrəngli bayrağımızın kütləvi istehsal edilmədiyi, çətin tapıldığı bir dövrdə
Laçın nənənin tikdiyi bayraq sərhəd kəndin ən hündür yerində dalğalanıb, düşmənə
göz dağı olub.
Onun indi
tək bir arzusu var. Tikdiyi bayraqların Şuşada, Xankəndidə dalğalanması. "Əsgərlərimizə
baxıb sevinirəm. Hər dəfə televizorda onları görəndə dua edirəm. Evdəkilər deyir
ki, axı onlar səni eşitmirlər?! Deyirəm ki,
olsun... ürəyimdən keçir, onlara dua edirəm, qələbə qazanıb, sağ-salamat evlərinə
qayıtsınlar”, - deyə 85 yaşlı nənə bildirib.
Laçın Bağırova
son illər tikiş maşınından istifadə etməyib. Çünki ölkəmizdə kütləvi bayraq istehsalı
təşkil olunduğuna görə ona müraciət edən də olmayıb. Amma son günlər Azərbaycan
Ordusunun qazandığı qələbələrdən həvəslənən nənə öz arzusu ilə bayraq tikməyə qərar
verib. İstəyir ki, onun əl əməyi ilə ərsəyə gələn üçrəngli bayrağımız düşmən tapdağından
azad edilmiş torpaqlarımızda, Şuşada dalğalansın!
İnşallah o
günlərə az qalıb, Laçın nənə. Uğrunda minlərlə can fəda olan, bu yaşında min bir
əziyyətlə tikdiyin üçrəngli bayrağımız tezliklə Laçınımızda, Şuşamızda, Xankədimizdə
dalğalanacaq!