“Bir az mehriban olun”, “Yer varsa, gəl özün keç”, “Arxa qapı, sıxlaşın”, “Bezrazmer deyil”, “Kartof daşımırsan” - ictimai nəqliyyatdan istifadə edən hər kəsə bu ifadələr yəqin ki, tanışdır.
77 nömrəli marşrut xətti üzrə işləyən avtobuslarda da bu və ya digər ifadələri hər gün eşitmək mümkündür. Axundov bağı - Yeni Yasamal istiqamətində hərəkət edən bu avtobuslarda səhər və axşam saatlarında hər gün böyük sıxlıq olur. Sərnişinlər mənzil başına daha tez çatmaqdan ötrü bir-birilərini itələyə-itələyə avtobusa minməyə, sürücülər isə daha çox sərnişin mindirməyə cəhd edirlər. Təbii ki, belə olan halda narazılıqlar, dava-dalaş, etirazlar baş verir. Sürücülər isə reaksiya vermir, əksinə, bu sıxlıqdan məmnun görünürlər. Öz dedikləri kimi, plan verməlidirlər axı.
İnsafən avtobuslar arasında interval o qədər də böyük deyil. Amma Yeni Yasamal ərazisində yaşayan əhalinin çoxluğunu nəzərə alsaq, bir marşrut xətti bu ərazi üçün çox azdır. Yaranmış sıxlıqdan əziyyət çəkən sərnişinlər etiraz bildirəndə isə kobud, hərəkət qrafikinə əməl etmək üçün təhlükəli manevrlərdən çəkinməyən dəlisov sürücülər onlara irad tutanları günahkar çıxarırlar. İstismara yararsız olduğu aydın görünən avtobuslarda boş spirt qabları, maskasız sürücülər, sınıq-salxaq, çirkdən rəngi seçilməyən oturacaqlar, üstü sellofanla örtülmüş istifadə olunmayan kart aparatları, bu marşrutların qulağında telefon, damağında siqaret olan sürücüləri 77-nin bitməyən dərdlərinin bir hissəsidir. Buna baxmayaraq, sözügedən istiqamət üzrə alternativ marşrutların xəttə buraxılması barədə düşünən yoxdur. Amma yenə də ümid etmək istərdik ki, BNA bu dərdlərin sağalması üçün bir məlhəm tapacaq, təbii ki, istəsə...…
Nərminə ƏSGƏROVA,
“Azərbaycan”