III MDB Oyunları Azərbaycanın növbəti uğuru olacaq
Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır. Sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmiz III MDB Oyunlarına evsahibliyi edəcək. İndiyədək respublikamızda keçirilmiş digər kütləvi idman tədbirlərindən fərqli olaraq III MDB Oyunları paytaxtdan kənarda keçiriləcək.
Azərbaycana etimadın göstəricisi
MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, Gəncədə və digər 6 şəhərdə keçiriləcək. Yarışın açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar "2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" olan Gəncədə təşkil olunacaq. Ümumilikdə Gəncə 8, Mingəçevir və Qəbələ 4, Şəki 3, Göygöl 2, Yevlax və Xankəndi 1 idman növü üzrə yarışa evsahibliyi edəcək.
Xatırladaq ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında qəbul edilib. Belə kütləvi idman tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi, ilk növbədə ölkəmizə göstərilən etimadın göstəricisidir. Bu qərarın qəbul olunması bir neçə mühüm amilə söykənir. Bunlardan biri respublikamıza qlobal səviyyədə olan inam və etibarla bağlıdır. Azərbaycan o dövlətlərdəndir ki, hər zaman beynəlxalq məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə, ən yüksək səviyyədə yerinə yetirib. Başqa cür desək, respublikamız beynəlxalq razılaşmalardan, müqavilələrdən irəli gələn öhdəliklərini layiqli şəkildə yerinə yetirməklə qlobal örnək, nümunəvi tərəfdaşlıq modeli yaradıb. Ona görə Azərbaycan deyəndə tərəfdaşlığa sadiq dövlət göz önündə canlanır. Azərbaycanın etibarlı tərəfdaş olması beynəlxalq səviyyədə də etiraf olunan reallıqdır. Məsələn, bir neçə il əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiç məhz buna işarə edərək "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır" və ya "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdi" deməsi dövlətimizin başçısına və respublikamıza olan inam və etibarın təcəssümüdür.
Beynəlxalq tədbirlərin və mötəbər idman yarışlarının ünvanı
Azərbaycan mövzusundan və formatından asılı olmayaraq, bütün beynəlxalq tədbirləri həmişə ən yüksək səviyyədə təşkil edib. Artıq xeyli müddətdir ki, paytaxtımız dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Beynəlxalq tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli və uğurlu platformalarını yaradan Azərbaycan hazırda çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü təşəbbüslər qlobal miqyasda hər zaman dəstəklənir. Azərbaycanın təşəbbüsü ilə yaranan "Bakı Prosesi" qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir. 2024-cü ilin noyabrında Bakı dünyanın ən mötəbər və böyük tədbirlərindən olan COP29-a nümunəvi evsahibliyi etdi.
İdman ölkəsi kimi tanınan Azərbaycan son on ildə dünyaya səs salan möhtəşəm idman tədbirlərini təşkil edib. 2015-ci ildə I Avropa Oyunları adından da göründüyü kimi, ilk dəfə olaraq Azərbaycanda keçirilib. Buna qədər Azərbaycan heç vaxt belə kütləvi, çoxsaylı idmançıların iştirak etdiyi idman tədbirinə evsahibliyi etməmişdi. Avropa Oyunları qitə miqyaslı olması ilə yanaşı, həm də Yay Olimpiya Oyunlarına bərabər idman hadisəsi idi. Qısa müddətdə həyata keçirilən hazırlıq işlərinin və yüksək səviyyədə keçirilən bu idman tədbirinin nəticəsi olaraq Azərbaycan ideal təşkilatçılığın nümunəsini yaratdı.
2017-ci ildə isə respublikamız IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Bakı "Formula-1" yarışlarının ünvanı kimi də tanınır. Bütün bunların hamısı irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirib, beynəlxalq idman aləmində nüfuzunu daha da artırıb.
Respublikamız bu idman tədbirini də yüksək səviyyədə təşkil edəcək
Qarşıdan isə III MDB Oyunları gəlir. Oyunların əsas ağırlığı Gəncənin üzərinə düşəcək. Açılış və bağlanış mərasimləri isə yeni tikilmiş Gəncə şəhər stadionunda keçiriləcək. Gəncə İdman Sarayında güllə atıcılığı, üzgüçülük, qılıncoynatma və voleybol yarışları təşkil olunacaq. Gəncə Olimpiya İdman Kompleksində isə güləş yarışları baş tutacaq. Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında 3x3 basketbol yarışları üçün meydança qurulacaq. Cüdo və sambo yarışları Göygöldə, boks yarışları Yevlaxda, oxatma yarışları Xankəndidə, karate, taekvonda avarçəkmə yarışları Mingəçevirdə, gimnastika və çövkən yarışları Şəkidə, futbol turniri, stend atıcılığı, badminton və stolüstü tennis yarışları Qəbələdə keçiriləcək.
Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Onlar 246 medal dəsti uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, II MDB Oyunlarında 20 idman növü üzrə medallar uğrunda mübarizə aparılıb.
Qeyd etdiyimiz kimi, Azərbaycanın evsahibliyi edəcəyi III MDB Oyunları Bakıda deyil, digər şəhərlərdə keçiriləcək. Tədbirin paytaxtdan kənar regionlarda - Xankəndi, Gəncə, Qəbələ, Şəki, Mingəçevir, Göygöl və Yevlax şəhərlərində keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını, idmana göstərilən xüsusi diqqəti və bu sahədəki geniş imkanlarını nümayiş etdirir. Aparılan hazırlıq işləri və Azərbaycanın indiyə qədər nümayiş etdirdiyi təşkilatçılıq nümunəsi onu deməyə əsas verir ki, respublikamız III MDB Oyunlarını da yüksək səviyyədə təşkil edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"