05 Mart 2024 10:10
172
CƏMİYYƏT
A- A+

5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür  

 

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib. Həmin idman mərkəzləri indi uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir. Ötən il keçirilən gimnastika üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çövkən üzrə dünya çempionatı, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib.

Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutdu. İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar.

Bölgələrdə də yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Bu onu göstərir ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.

2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkilinə start verildi. Ötən il Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsinə çevrildi.

Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik etdi. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan xalqı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə etdi. Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır! Bu möcüzəni, bu reallığı Azərbaycan xalqına Prezident İlham Əliyev bəxş edib.

2024-cü ildə isə “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu Azərbaycanın azad edilən torpaqlarında təşkil olunan birinci beynəlxalq yürüş oldu. Burada müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı Xankəndidən Bakıya kimi 380 kilometr məsafə qət etdi.

Ölkəmizdə reallaşan mötəbər tədbirlər bunlarla yekunlaşmır. Bu il Azərbaycan gimnastika üzrə dünya və Avropa kubokları, güləş üzrə Avropa Olimpiya lisenziya turniri, "Mingəçevir reqatası", "Baku Open 2024" beynəlxalq şahmat turniri, Formula 1 üzrə Azərbaycan Qran‐Prisi kimi vacib yarışlara ev sahibliyi edəcək.

Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video