2020-ci ilin sentyabr ayı tovuzlular üçün unudulmazdır. Həmin dövrdə işğal olunmuş torpaqlarımız uğrunda başlanan Vətən Müharibəsi 44 gün ərzində Ordumuzun qələbəsi ilə yekunlaşdı. Bu müharibədə Tovuzun mərd oğulları fədakarlıqla döyüşərək, adlarını tarixə yazdılar.
Sentyabrın 27-də rayonda keçirilən Anım Günündə bu barədə geniş söhbət getmiş, qazanılan Zəfərdə tovuzluların fədakarlıq göstərdikləri qeyd olunmuşdur. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasimində əvvəlcə Vətən Müharibəsində şəhid olan mərd oğulların əziz xatirəsi ehtiramla yad edilmişdir. Sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək demişdir ki, bu gün müharibənin başlanmasından 6 il ötür. Amma şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Zəfərimiz, sanki, dünən baş vermiş kimi yaddaşlarımızdadır. Şəhidlərimizin qanı ilə yazılmış tarix heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir.
Vətən müharibəsində Tovuzun igid oğulları böyük şücaət göstəriblər. Müharibə zamanı rayondan 68 nəfər gənc şəhid olmuş, yüzlərlə hərbi qulluqçu yaralanmışdır. Tovuzun iki igid oğlu – Orxan Cabbarov və Yaşar Əhmədov Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bununla yanaşı, Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən çoxsaylı tovuzlu əsgər və zabitlər dövlətimizin yüksək orden və medalları ilə təltif olunmuşlar. Bu, dövlətimiz tərəfindən şəhidlərimizin, qazilərimizin və Vətən uğrunda fədakarlıq göstərən hərbçilərimizin xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir.
Daha sonra Şəhid Nicat Qasımlının atası Elşən Qasımov, 44 günlük Vətən müharibəsi əlili Hüseyn İsmayılov və müharibə iştirakçısı Eyvaz Süleymanov çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Saat 12:00-da isə respublika üzrə olduğu kimi, Tovuz rayonu ərazisində də şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”