Qarabağ və Şərqi Zəngəzurun bərpası inkişafın prioriteti və milli ideyadır
Torpaqlarımızın işğaldan azad edilməsi müasir tariximizdə yeni dövrün başlanğıcı olmaqla bərabər, respublikamızdakı inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin edilməsidir.
8 şəhər, 92 kənd
Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Təsadüfi deyildir ki, cəmi 3 ilə yaxın müddət ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdiyi kimi, 8 şəhər, 92 kənd və qəsəbənin bərpası Birinci qayıdış planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq.
Hazırda azad edilmiş şəhərlərin hər birində quruculuq və bərpa işləri davam edir. Kəndlərin isə 30-dan çoxunun təməli qoyulub, bəzilərində isə yaşayış var. İndiyə kimi Böyük qayıdış proqramı çərçivəsində Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İndiyədək 133 ailə (649 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 295 ailə (1135 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə geri dönüb. Ümumilikdə, bu günədək 2 min 896 keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyulub. Bu ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. 2026-cı ilin sonuna qədər 140 min nəfər keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu sürətlə bərpa olunur. Həm yollar yenidən qurulur, həm də azad edilmiş ərazilərin etibarlı enerji və su təchizatı yaradılır. O cümlədən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı hərəkətə gətirilir. İndiyədək bütün istiqamətləri əhatə etməklə çoxsaylı infrastruktur layihələrinin icrası başa çatdırılıb. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Dövlət lazım olan qədər vəsait ayıracaq
Bu gün Qarabağ və Şərqi Zəngəzurdə aparılan bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin, iradəsinin, quruculuq əzminin göstəricisidir. Azad edilmiş ərazilərin bərpası həm də dövlətimizin iqtisadi gücünün göstəricisidir. Bu baxımdan qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərinin bərpasını heç bir xarici donorun iştirakı olmadan, məhz özünün daxili imkanları hesabına həyata keçirir. Prezident İlham Əliyev bu barədə deyib: "Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir - Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük qayıdış proqramının icrası bizim üçün bir nömrəli vəzifədir".
Xatırladaq ki, 2020-2022-ci illərin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin bəpası məqsədilə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.
Bununla bağlı Maliyyə Nazirliyinin açıqladığı 2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsində qeyd edilir ki, icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Təbii ki, bu vəsaitin ayrılması dövlətimiz tərəfindən tam təmin ediləcək. Çünki qeyd etdiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpası milli prioritetdir. Ona görə həm azad edilmiş ərazilərimiz ən yüksək səviyyədə bərpa ediləcək, həm də geri dönəcək köçkünlərin layiqli həyat şəraiti təmin olunacaq.
Bütövlükdə, düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımıza Böyük qayıdış məqsədlərinin tam şəkildə reallaşdırılması qarşıdakı dövrdə Azərbaycanın dövlət büdcəsinin xərc prioritetlərindən birini təşkil edəcək. Dövlətimiz azad edilmiş ərazilərin bərpası üçün lazım olan qədər vəsait ayıracaq, Qarabağ və Şərqi Zəngəzur nəinki respublikamızda, regionda və dünyada həm də ən möhtəşəm quruculuğun ünvanları kimi tanınacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"