Cəmiyyətinin varlığını və mənəvi gücünü yaşadan elə peşələr var ki, onların əhəmiyyəti yalnız görülən işlə deyil, insan talelərində buraxdığı izlə ölçülür. Bu peşələrin sahibləri yalnız öz vəzifələrini yerinə yetirmirlər, həm də insanların taleyinə toxunur, onların sevincinə, kədərinə və ümidlərinə şərik olurlar.
Həkimlik belə müqəddəs missiyalardan biridir. Həkim olmaq təkcə ali təhsil almaq, peşəyə yiyələnmək deyil, həm də insan dərdinə şərik olmaq, gecəsini gündüzünə qatmaq, ən çətin anlarda belə təmkinini qoruyub saxlamaqdır. Bu peşənin əsasında mərhəmət, humanizm, vicdan və sonsuz fədakarlıq dayanır. Məhz buna görə də cəmiyyət hər zaman həkimlərə xüsusi hörmət və ehtiramla yanaşıb.
Belə fədakar ömür sahiblərindən biri də uzun illərdir insanların sağlamlığının keşiyində dayanan, minlərlə pasiyentin sevgisini qazanan həkim-terapevt Gülnarə Əliyevadır. Gülnarə Maqsud qızı Əliyeva Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Maqsud Əliyev uzun illər "Azərbaycanfilm" kinostudiyasında çalışıb, anası isə televiziya və radio sahəsində fəaliyyət göstərib. Elmə, mədəniyyətə və zəhmətə hörmət ruhunda böyüyən Gülnarə Əliyeva orta təhsilini Bakıdakı 1 nömrəli məktəbdə alıb. Məktəbi bitirdikdən sonra o, həyat yolunu insanların sağlamlığına xidmətə həsr etmək qərarına gəlib və Azərbaycan Tibb Universitetinə daxil olub. 1984-cü ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. Bir il 2 nömrəli xəstəxanada interna həkim kimi çalışdıqdan sonra Pirallahı adasında yerləşən 3 nömrəli birləşmiş poliklinikada fəaliyyət göstərib. Sonradan köçürülmə yolu ilə Yasamal rayonundakı 19 nömrəli poliklinikaya təyinat alıb.
Artıq 39 ildən çoxdur ki, Gülnarə Əliyeva eyni məsuliyyət və peşəkarlıqla insanların sağlamlığı naminə çalışır. Bu illər ərzində onun qəbulundan keçən minlərlə insan yalnız tibbi yardım deyil, həm də mənəvi güc alıblar. Gülnarə xanım həkimlik peşəsinə münasibətini belə ifadə edir: "Həkimlik mənim üçün peşədən daha çox humanizm məktəbidir. İnsanlara kömək etmək, onlara sağlamlıq bəxş etmək, cəmiyyətə xidmət göstərmək üçün ən böyük vasitədir".
Gülnarə Əliyevanı fərqləndirən əsas xüsusiyyəti Vətənə sevgisi, insanlara qayğısıdır. Keçdiyi həyat yolundan bəhs edən həkim Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 20 Yanvar gecəsini bu gün də böyük ağrı və kədərlə xatırlayır. 1990-cı ilin yanvarında növbədə olan gənc həkim gecə saatlarında dəhşətli xəbər alır. Eşidir ki, indiki 20 Yanvar dairəsi ətrafında, kinostudiya istiqamətində insanlara atəş açılıb, çoxlu sayda yaralı var. O, tərəddüd etmədən zəruri tibbi ləvazimatları götürərək hadisə yerinə yollanır.
Qarşılaşdığı mənzərə isə sözlə ifadə olunacaq kimi deyildi. Hər tərəfdə yaralı insanlar, fəryad səsləri, qan içində qalan günahsız vətəndaşlar... Üstəlik, atəş səsləri hələ də kəsilməmişdi. Güllələr insanların başı üzərindən uçuşur, yaralıların təxliyəsi belə təhlükə altında idi. Lakin həmin anlarda həkimlik borcu qorxuya üstün gəlir. Gülnarə həkim o gecəni belə xatırlayır: "İnsanları o vəziyyətdə qoyub geri dönmək mümkün deyildi. Həyatımız təhlükədə olsa da, yaralılara yardım göstərməyə çalışırdıq. Yaralarını sarıyır, qanaxmaların qarşısını alır, onları xilas etmək üçün əlimizdən gələni edirdik. O gecənin ağrısı və dəhşəti ömrüm boyu yaddaşımdan silinməyəcək. Mənə elə gəlir ki, o gecə gördüklərim gözlərimə yazılıb".
Bu sözlər təkcə bir həkimin xatirələri deyil, həm də xalqına xidmət edən Azərbaycan həkiminin mənəvi portretidir. Gülnarə Əliyeva bu gün həmin günlərə baxarkən qürur hissi keçirdiyini söyləyir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam və həkiməm ".
Onun həyat yolu yalnız peşə uğurları ilə deyil, həm də ailə dəyərlərinə bağlılığı ilə zəngindir. Gülnarə xanım iki oğul və bir qız övladı böyüdüb.
Dünən həkimlərin peşə bayramı idi - Gülnarə Əliyeva kimi ömrünü insan sağlamlığına, xalqına və Vətəninə xidmətə həsr edən fədakar tibb işçilərinin bayramı. Cəmiyyətin sağlamlığı onların zəhməti, yuxusuz gecələri, sonsuz səbir və mərhəməti hesabına qorunur.
Elşən QƏNİYEV,
"Azərbaycan"